Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1543/2023 16.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı iştirakı ilə borc tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Salyan Rayon Məhkəməsinə verdiyi iddia ərizəsində bildirmişdir ki, onunla Cavabdeh arasında bağlanmış 28 noyabr 2022-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 4500 manat borc vermişdir. Cavabdeh aldığı borcu xx.xx.2023-cü il tarixədək tam şəkildə qaytarmalı olduğu halda dəfələrlə borcunu tələb etməsinə baxmayaraq müxtəlif bəhanələr gətirərək aldığı 4500 manat pulu qaytarmağdan boyun qaçırmışdır. Cavabdeh 4500 manat borc aldığı pulun, əldən çıxmış fayda olaraq 2000 manat və 75 manat dövlət rüsumunun, cəmi 6575 manat pulun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, 28 noyabr 2022-ci il tarixdə cavabdehə 4500 manat pul vermiş, cavabdeh aldığı borcu 6 ay ərzində qaytaracağını desə də qaytarmamışdır. Cavabdehdən pulunu tələb etdikdə sonuncu pulu verdiyini bildirmişdir. Cavabdeh bir ay yarım bundan əvvəl 2000 manat pul gətirmiş, lakin götürməmişdir. Odur ki, verdiyi iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, onunla telefon əlaqəsi saxlanılmış, lakin sonuncu məhkəmə iclasına gəlmək istəmədiyini bildirmişdir.Ona görə də məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, cavabdehin istifadəsində olan ***-***-**-** nömrəli telefona zəng edərək ona məhkəmənin baxış iclasına gəlməli olduğu bildirilmiş və cavabdeh yalnız əri icazə verdiyi halda gələ biləcəyini bildirmişdir. Məhkəmədə elan olunmuş Salyan rayon 2 saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən təsdiq olunmuş 28 noyabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2023-cü il tarixədək 4500 manat borc verilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 75,40 manat dövlət rüsümu ödənilmişdir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə baxışı zamanı aydın olmuşdur ki, iddiaçı müqavilə üzrə cavabdehə borc vermiş, üzərinə düşən öhdəliyi icra etmiş, lakin cavabdeh öhdəliyi icra etməmişdir.Ona görə də iddia borc tələbinə dair hissədə təmin olunmalıdır. İddiaçının əldən çıxmış fayda olaraq nəzərdə tutulan 2000 manat pul tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin faydanın nədən ibarət olması barədə məhkəməyə heç bir sübüt təqdim etməmiş, cavabdeh də həmin halın təsdiq olunması üçün iddianın etiraf etməmişdir.Ona görə də iddia həmin hissədə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-ci maddəsində qeyd olunmuşdur ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.[ Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4500 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 51,35 manat alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 ay müddətində Salyan rayon Məhkəməsi vasitəsilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə yazılmışdır. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-1543/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1543/2023
16.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver