Məhkəmə qərarları › İş №2(057)-1587/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1587/2023

04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1587/2023 04.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ağarza Hacırza oğlu Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə alimentin miqdarının artırılması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı rayon məkəməsinə vermiş olduğu iddia ərizəsində Salyan Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarında dəyişiklik edilərək cavabdehdən 1 uşaq üçün 220 manat olmaqla 2 uşaq üçün cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, cavabdehlə 2013-cü il tarixdə evlənmiş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 adlı iki uşağı olmuşdur. Cavabdeh ilə aralarındakı nikah Salyan Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaqlar onun himayəsində saxlanılmaqla cavabdehdən hər ay hər uşaq üçün 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Cavabdeh hal-hazırda FHN-nin X5 Xüsusi xilasetmə hissəsinin Xilasetmə növbəsinin xilasedici-sürücüsü işləyir və aylıq 654,70 manat əmək haqqı alır.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. Atası ilə ayrı yaşayır. İddiaçı özü işləyir və aylıq əmək haqqı alır. 2021-ci il tarixdən FHN-nin X5 Xüsusi xilasetmə hissəsinin Xilasetmə növbəsinin xilasedici-sürücü işləyir və 654,70 manat əmək haqqı alır.Alimentin miqdarının 50 manat artırılmasına etirazı olmadığını qeyd edərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(057)-1054/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 01 sentyabr 2014-cü il tarixdə Salyan rayon Yenikənd kənd inzibati ərazi nümayəndəliyi tərəfindən rəsmiləşdirilmiş nikah pozulması, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 anaları İddiaçı yanında qalması və xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 03 iyun 2021-ci il tarixdən başlayaraq atası Cavabdeh hər ay hər uşağa 125 manat olmaqla, cəmi 250 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmədə elan olunmuş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X2 doğulmuşdur. Məhkəmədə elan olunmuş 02 oktyabr 2023-cü il tarixli, 3-18-36/2-589/2023 nömrəli arayışdan görünür ki, X2 FHN-nin X5 Xüsusi xilasetmə hissəsinin Xilasetmə növbəsinin xilasedici-sürücüsü vəzifəsində xidmət edir və aylıq 654,70 manat əmək haqqı alır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqların münasibətlərində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq, uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunun tələbinə əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Sadalanları nəzərə alaraq, məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən hər ay bir uşaq üçün 220 manat olmaqla iki uşaq üçün cəmi 440 manat sabit pul məbləğində alimentin tutulmasını tələb etsə də, cavabdehin tələb olunan alimenti vermək imkanına malik olmasına dair məhkəməyə heç bir sübut təqdim etmədiyi, cavabdehin maddi vəziyyətində heç bir dəyişiklikliyin baş vermədiyi, uşaqlar üçün müəyyən edilmiş hazırkı yaşayış minimumu və tərəflərin maddi vəziyyətini nəzərə alınaraq, iddia qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(057)-1054/2021 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2014-cü ildə anadan olmuş Əsmər və xx.xx.2016-cı ildə anadan olmuş Əlimədət adlı uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün cavabdehdən iddiaçının xeyrinə hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutulmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Hazırkı iddia tələbi üzrə alimentin tutulmasının əvvəli «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.14-cü maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, qətnamə qanuni qüvvəyə mindikdən sonra icraya yönəldilməlidir. Azərbaycan Respublikasının «X7» Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrinə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda- bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respubilkasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233-234 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(057)-1054/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2014-cü ildə anadan olmuş Əsmər və xx.xx.2016-cı ildə anadan olmuş Əlimədət adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh 56 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 18 oktyabr 2021-ci il tarixli, 2(057)-1054/2021 saylı qətnaməsi ilə alimentin tutulmasına hazırki məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar