Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-159/2024 06.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının və sair şəxsi əşyaların ona məxsus evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus yaşayış evində saxladığı və ona maneçilik törədən bir ədəd şifonerin, iki ədəd servant, bir yataq dəsti, bir ədəd divan və iki ədəd kreslonun evindən götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu, Xalac kəndində anadan olmuş və hazıda həmin ünvanda yaşayır. Həmin kənddə onun özünə məxsus və mülkiyyətimdə olan 3 otaqdan ibarət yaşayış evi var. Həmin ev DƏDRX-də qeydiyyatdan keçirilməsə də faktiki olaraq 1988-ci ildə o, həmin evi tikdirmişdir, orada ailəsi ilə birgə yaşayır və həmin ev Xalac kənd İƏN-də Təsərrüfabaşına kitabda rəsmi qeydə alınmışdır. Cavabdeh oğlu X2 ilə 2017-ci ilin iyul ayında qeyri-rəsmi olaraq ailə qurmuşlar. Onların nikahları rəsmi qeydə alınmamışdır. Birgə nikahlarından 1 uşaqları olmasına baxmayaraq, 2018-ci ilin payızında anası onların evlərinə gələrək Günayı öz evlərinə aparmışdır. Hazırki vaxta kimi Günay Ələt qəsəbəsində A.Abdullayev küçəsi 7/2 ünvanda atasına məxsus evdə yaşayır. Günay onun oğlu ilə ailə quran vaxtlarda valideynləri tərəfindən ona hədiyyə verilmiş cehiz əşyalarını onların evlərinə gətirmiş və evin 1 otağına yığmışdır. Günayla ərinin əlaqəsi pozulandan sonra valideynlərinin yanına getmiş və tərəflərin uşağı cavabdehin atasının evində dünyaya gəlmişdir. Sonrakı vaxtlarda bir neçə dəfə Günay və onun qohumları bizim evə gələrək ona məxsus cehizlik və şəxsi əşyalarının xeyli hissəsini maşına yığaraq aparmışlar. Lakin hazırkı vaxta kimi ona məxsus bir ədəd şifoner, iki ədəd servant, yataq dəsti, bir ədəd stol və divan-iki ədəd kreslo ilə birlikdə onun evində qalmışdır. Cavabdeh özünə məxsus cehizlik və şəxsi əşyalarının çox hissəsini aparsa da, adlarını qeyd etdiyi əşyalar hazırkı vaxta kimi onun evimdə qalmışdır. Bunun nəticəsində faktiki olaraq həmin əşyalar ona evindən normal istifadə etməyinə maneçilik törədir və özünə məxsus evdən istədiyi kimi istifadə edə bilmir. Oğlu Ruslan ikinci dəfə ailə qurmuş və həmin nikahdan onların 2 uşağı dünyaya gəlmişdir. Oğlu ailəsi ilə birlikdə ona məxsus evdə yaşayırlar. Bu səbəbdən də Günayın cehizlik əşyalarının ona məxsus evdə qalması onların yaşayışlarına maneçilik törədir. O, həmin əşyaların cavabdeh tərəfindən evindən götürülməsi barədə dəfələrlə ona və valideynlərinə xəbərdarlıq etsə də və onlar əşyaları götürəcəklərinə söz versələr də, həmin əşyaları götürməmişdirlər. Ona məxsus yaşayış evinin istifadə olunmasında göstərilən maneələrin mövcud olması fotoşəkillər tərəfindən təsdiq olunur. O, ilkin olaraq X1 müraciət edərək 50 manat dövlət rüsumu ödəmiş və ona cavab verilərək bildirilmişdir ki, bununla bağlı məhkəmədə iddia qaldırmalıdır. Odur ki, Cavabdeh ona məxsus yaşayış evində saxladığı və ona maneçilik törədən bir ədəd şifonerin, iki ədəd servantın, bir ədəd yataq dəstinin, bir ədəd divanın və iki ədəd kreslonun evindən götürülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, cavabdehin cehizlərinin yarısı onun evində qalıb. Oğlu artıq ikinci dəfə evlənib və gəlini, nəvələri onunla birlikdə yaşayır. Otaqların bir neçəsini cavabdehin cehiz əşyaları tutub. 3 otaqlı evdə 6 nəfərdirlər və yerləşmədikləri üçün cavabdeh cehiz əşyalarını evdən tez bir zamanda götürməlidir. Tərəflər qeyri-rəsmi nikaha daxil olduqları üçün cavabdehə otaq düşmür. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, 2017-ci ildə X2 ilə qeyri-rəsmi ailə həyatı qurmuş, sonradan aralarında narazılıq olduğu üçün ayrılmışdırlar. Ayrıldıqdan sonra valideynləri onun üçün fərdi yaşayış evi tikmişlər, lakin ev hələ də təmir olunmayıb. Hal-hazırda oğlu ilə birgə Ələt qəsəbəsində yerləşən atasına məxsus evdə yaşayır. Evin təmiri bitdikdən sonra əşyaları aparacaqdır. İddiaçının evinin dörd otaqlı olmasını, həmin otaqlardan istifadə olunmamasını, bir otağın onun övladının haqqı olduğunu və bu səbəbdən də, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq olunmuş; Xalac kənd İ.Ə.D-si üzrə nümayəndəliyinin 2021-2025-ci illər üzrə təsərrüfatbaşına kitabından olan çıxarışdan görünür ki, İddiaçı həqiqətən Salyan rayonu, Xalac kəndində yerləşən 1987-ci ildə çiy kərpicdən və mişar daşından tikilmiş 1 (bir) mərtəbəli 3 (üç) yaşayış otağından ibarət, ümumi sahəsi 135 kv metr olan fərdi yaşayış evi X4 Ərazi dairəsi üzrə nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına kitabının 123 saylı səhifəsində 148 saylı şəxsi hesabında qeydə alınmışdır. MŞS/MT-028/2023/0585A saylı, xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, İddiaçı cehiz-əmlakın evdən çıxarılması üçün təşkilata müraciət etmiş, Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün arayış tərtib edilmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, iddiaçının oğlu X2 ilə Cavabdeh 2017ci ilin iyul ayında qeyri-rəsmi nikaha daxil olmuş, həmin nikahdan onların bir uşağı anadan olmuşdur. Gəlin köçərkən cavabdeh özü ilə cehiz əmlakları İddiaçı məxsus evə aparmış, sonradan ailə münasibətləri pozulduqdan sonra cavabdeh evdən çıxarkən, ona məxsus əşyalar Salyan rayonu Xalac kəndində yerləşən İddiaçı adına olan evdə qalmışdır. Cavabdeh 2017-ci ildə həmin mənzilə gəlin köçsə də, hazırda orada yaşamır. Beləliklə, məhkəmə hesab edir ki, qanunvericiliyin tələblərinə görə, cavabdeh mübahisəli fərdi yaşayış evindən istifadə hüququna malik olmadığından, ona məxsus yuxarıda adı çəkilən əşyalar həmin mənzildən çıxarılmalıdır. Mülkiyyətçi cavabdehlə ailə üzvü deyil, cavabdehin əri ilə olan ailə münasibətlərinə xitam verilmişdir. Belə olan halda, Cavabdeh Ruslan Nəbiyev ilə ailə həyatı qurarkən və gəlin köçərkən valideynləri tərəfindən ona hədiyyə olunmuş, hazırda onun ayrıca mülkiyyətində olan yuxarıda sadalanan cehiz əmlakların iddiaçıya məxsus evdə saxlanılması iddiaçının mülkiyyət hüququnu pozur və bu səbəbdən də, iddiaçının həmin hüququ müdafiə olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh məxsus bir ədəd şifoner, iki ədəd servant, bir yataq dəsti, bir ədəd divan və iki ədəd kreslo İddiaçı məxsus Salyan rayonu Xalac kəndində yerləşən fərdi yaşayış evindən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh məxsus bir ədəd şifoner, iki ədəd servant, bir yataq dəsti, bir ədəd divan və iki ədəd kreslodan ibarət əşyalar İddiaçı məxsus Salyan rayonu Xalac kəndində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-159/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-159/2024
06.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver