Məhkəmə qərarları › İş №2(057)-1594/2023

Salyan Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(057)-1594/2023

13.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1594/2023 13.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “vurulmuş maddi zərər” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı “vurulmuş maddi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər X4, onun atası Cavabdeh1 3650 (üç min altı yüz əlli) manat məbləğində maddi zərərin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun etibarnamə əsasında özünə məxsus olan “Ford” Transit markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı mikroavtobusu olmuşdur. Həmin mikroavtobusu 2014-cü ildə etibarnamə əsasında almışdır. Onun peşəsi sürücülükdür. Onun sürücülük vəsiqəsi var. O, həmin avtomaşınla taksi kimi fəaliyət göstərmişdir. 2015-ci ildə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Meyvəli Bazar” deyilən bazarda fəhlə işləmişdir. Bazarda işlədiyi vaxt əslən Salyan rayonunun Xalac kəndindən olan X4 ilə tanış olmuşdur. Tanışlıq zamanı Rafaelə bildirmişdir ki, onun “Ford” markalı mikroavtobusu var. Onu arendaya (icarəyə) vermək istəyir. Bu zaman Rafael ona bildirmişdir ki, onlar ailəliklə Bakı şəhəri, Nizami rayonu, 8-ci kilometr qəsəbəsində yerləşən bazarda topdansatış olaraq meyvə-tərəvəz alveri ilə məşğul olurlar. Onlara belə bir maşın lazımdır. Onlar avtomaşını icarəyə götürə bilərlər. Bundan sonra Rafael bildirdi ki, babası Gözəlov Abduləzizin sürücülük vəsiqəsi vardır. Babasının adına etibarnamə verilməsini istəmişdir. İcarə müqaviləsini babası Abduləzizin adına sənədləşdirilmişdir. O, Rafaelə demişdir ki, avtomaşını hər ay üçün 400 manata icarəyə verir. Danışıb hər aya 350 manatdan razılaşmışlar. Bundan sonra Bakı şəhəri, Sabunçu rayonunun ərazisində olan Bakıxanov qəsəbəsində yerləşən “ASAN” xidmətə getmişlər. Onunla birlikdə Gözəlov Rafael, Rafaelin babası Gözəlov Abduləziz və atası Cavabdeh1 da “ASAN” xidmətə getmişlər. Rafael özü sürücü olsa da, başqa avtomaşını idarə etmişdir. Atası Raufun isə sürücülük vəsiqəsi olmamışdır. Ona görə də, Rafaelin babası Gözəlov Abduləzizin adına etibarnamə verilməsinə razılaşmışlar. Gözəlov Abduləzizin sürücü kimi mikroavtobus sərnişin avtomaşınını idarə etmək üçün onun “D” kateqoriyası olmadığı üçün ona etibarnamə verilməmişdir. Avtomaşını idarə etmək üçün Rafaelin babası Gözəlov Abduləzizə etibarnamə verilmədikdə Gözəlov Rafaellə danışaraq razılığa gəlmişlər ki, avtomaşının təyinatını dəyişib yük avtomaşını etsinlər. Bundan sonra onlar avtomaşını gətirərək 8-ci kilometr bazarında saxlamışlar. O, sonra bazara ev üçün bazarlıq etməyə getmişdir. Geri avtomaşını saxladığı yerə qayıtdıqda görmüşdür ki, avtomaşın saxladığı yerdə yoxdur. Rafaelgilə zəng etmişdir. Onlar demişlər ki, “maşını avtodayanacağa qoyduq, elə bildik ki, sən evə getmisən”. Zəng edəndə onlar həmçinin bildirmişlər ki, “bizim yasımız düşüb, biz təcili rayona-çıxdıq”, o, da onlara inanmışdır. Onlara inanmış və 03 gün gözləmişdir. Sonra polisə zəng etmişdir. Sonra bilmişdir ki, onlar onun avtomaşını ilə Salyan rayonuna getmişlər. Avtomaşının içində olan oturacaqları boşaldaraq, Bakıya gətirmək üçün maşına yük vurmuşlar. Yüklə birlikdə geri qayıdarkən Bakı şəhəri, Nizami rayonu ərazisində onları yol polisi saxlamışdır. Həmin vaxt avtomaşının heç bir sənədi olmadan sərxoş vəziyyətdə Cavabdeh1 idarə etmişdir. Yol polisi bunu aktlaşdırmış və Cavabdeh1 inzibati qaydada 500 manat məbləğində cərimə etmişdir. Ona məxsus avtomaşını isə 14 sentyabr 2015-ci il tarixli aktla 11 saylı cərimə meydançasına qoymuşlar. Onun avtomaşını iki ay 14 sentyabr 2015-ci il tarixdən - 14 noyabr 2015-ci tarixə kimi Bakı şəhərində yerləşən 11 saylı cərimə meydançasında saxlanılmışdır. Onun çox saylı şikayətlərindən sonra avtomaşınını qeyd etdiyi kimi 14 noyabr 2015-ci il tarixdə 11 saylı cərimə meydançasından buraxmışlar. Lakin Cavabdeh1, onun oğlu Gözəlov Rafael və atası Gözəlov Abduləziz inzibati cəriməni ödəməmişlər. Sonradan həmin inzibati cərimənin məbləği penya və faizlə birlikdə 800 manat məbləğində olmuşdur. Onu da bildirir ki, Gözəlov Rafael, onun valideynləri atası Rauf və babası Abduləziz 2015-ci ildə ona məxsus olan mikroavtobusu xəbəri olmadan Salyan rayonuna apararkən mikroavtobusun içində olan 12 ədəd oturacağını, həmin avtomaşının bir ədəd arxa ötürücüsünü və bir ədəd sürət göstəricisini avtomaşından çıxararaq götürmüşlər. Onun dəfələrlə deməsinə baxmayaraq onlar həmin hissələrin özünü və ya dəyərini ona qaytarmamışlar. Onun bu göstərdiklərini Azərbaycan Respublikası DİN-nin BDYP-nin əməkdaşı tərəfindən avtomaşını saxlandıqdan sonra 14 sentyabr 2015-ci ildə avtonəqliyyatın saxlanma qəbulu barədə olan 389 saylı AKT-da təsdiq edir. Həmin aktda göstərilir ki, “Ford” **-RU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saxlanılması üçün qəbul etmişdir. Avtomaşın daxil olarkən içərisində heç bir oturacaq olmamışdır. Avtomaşının heç bir ehtiyyat hissəsi olmamışdır. Nəqliyyat vasitəsi duracağa gətirilmişdiröz hərəkəti ilə. (Həmin akt iddia ərizəsinə əlavə olunur.) Bildirir ki, Cavabdeh1 Azərbaycan Respublikası DİN-nin X9 əməkdaşı tərəfindən 14 sentyabr 2015-ci il tarixli inzibati protokol əsasında ona cərimə kimi yazılmış 500 manat sonrakı penya (ödəniləsi əlavə haqq) və faizlə birlikdə 800 manat məbləğində pulu ödəməmişdir. Ona görə də, onun idarə etdiyi mikroavtobusun ödənilməmiş cəriməsi olduğu üçün onu polis əməkdaşları tez-tez saxlayırdılar. Növbəti dəfə, 27 avqust 2017-ci ildə polis əməkdaşları Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində saxlamışlar və polis əməkdaşları bildirmişlər ki, avtomaşının ödənilməmiş cəriməsi vardır. Sonra avtomaşını cərimə meydançasına aparmışlar və duracaqda bu barədə akt tərtib olunmuşdur. Avtonəqliyyat vasitəsinin saxlama qəbulu barədə tərtib olunmuş 27 avqust 2017-ci il tarixli AKT-da göstərilir ki, “maşın duracağa gələrkən oturacaqları və maşında heç bir əşya olmamışdır”. Bildirir ki, o, avtomaşının cərimə meydançasına salınması ilə bağlı Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinə şikayət etmişdir. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Kamran Əliyevin qəbulunda olmuşdur. Kamran Əliyev ona bildirmişdir ki, “sizin mikroavtobusu idarə etmiş Cavabdeh1 inzibati xəta törətməsi ilə bağlı onun ödənilməmiş 800 manat məbləğində cəriməsi var. O ödənilməlidir”. Kamran Əliyev ona həmin cəriməni ödəməsini məsləhət görmüşdür. Bundan sonra avtomaşınını cərimə meydançasından götürə bilər. Bundan sonra aidiyyəti məhkəməyə şikayət edərək Gözəlov Rauldan həmin 800 manat məbləği tələb edə bilər. O da, 13 noyabr 2017-ci il tarixdə Cavabdeh1 800 manat məbləğində həmin cəriməsini "xxxx" vasitəsilə dövlətin hesabına ödəmiş və bu barədə ona müvafiq arayış verilmişdir. 14 noyabr 2017-ci il tarixdə ona məxsus mikroavtobusu Lökbatan ərazisində olan cərimə meydançasından buraxmışlar. Cavabdeh1 əvəzindən banka ödədiyi həmin 800 manat cərimə pulunun Cavabdeh1 alınaraq ona ödənilməsi üçün 2017-ci ildə aidiyyəti üzrə Salyan Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir. Məhkəmə tərəfindən onun iddiası təmin olunmuş və həmin 800 manat cərimə pulu Cavabdeh1 alınaraq ona ödənilmişdir. Hal-hazırda həmin cərimə pulu ilə bağlı Cavabdeh1 tələbi yoxdur. Bildirir ki, X4, onun atası Cavabdeh1 və babası X1 ona qarşı etdikləri qanuna zidd hərəkətləri nəticəsində ona aşağıdakı məbləğdə maddi zərər dəymişdir. Həmin maddi zərər onlardan alınaraq ona ödənilməsini xahiş etmişdir. Belə ki, X4, onun atası Cavabdeh1 və babası Gözəlov Abduləziz 2015-ci ilin sentyabr ayında ona məxsus olan mikroavtobusun 12 ədəd oturacağını, 01 ədəd arxa ötürücüsünü, 01 ədəd nəqliyyat vasitəsinin sürət göstəricisinin komplektini avtomaşından götürmüşlər və bu hesabla ona 1950 manat məbləğində maddi zərər vurmuşlar. Ona məxsus avtomaşına dəymiş maddi zərərin müəyyən edilməsi ilə bağlı tərəfindən “İNAM-93” kiçik müəssisəsinə müraciət olunmuşdur. Bununla bağlı “İNAM-93” kiçik müəssisəsinin direktoru tərəfindən tərtib edilmiş 15 yanvar 2018-ci il tarixli 03 saylı arayışda göstərilir ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana Gülçülük kəndində yaşayan İddiaçı müraciətinə cavab olaraq bildirir ki, “Ford Transit mikroavtobus” markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomaşınında sərnişinlər üçün 12 ədəd oturacaq nəzərdə tutulmuşdur. Avtomaşının arxa hissəsində isə sərnişinlər üçün 10 ədəd arxa oturacaqlar nəzərdə tutulmuşdur. Avtomaşının 10 ədəd arxa oturacağının hər birinin satış qiyməti 100 (bir yüz) manat, həmin avtomaşının arxa ötürücüsünün satış qiyməti işlək vəziyyətdə 700 (yeddi yüz) manat və həmin nəqliyyat vasitəsinin sürət göstəricisinin komplekt qiyməti isə 50 (əlli) manat təşkil edir. Arayış istənilən yerə təqdim etmək üçün verilir. (həmin arayışın surəti iddia ərizəsinə əlavə olunur). Bundan başqa bildirir ki, mikroavtobusunu hər ay 350 manata icarəyə vermişdir. X4, onun atası Cavabdeh1 və babası Gözəlov Abduləzizin təqsirləri üzündən onun mikroavtobusu 14 sentyabr 2015-ci ildən 14 noyabr 2015-ci ilə kimi 11 saylı cərimə meydançasında 02 ay hər aya 350 manat olmaqla, cəmi 700 manat və 27 avqust 2017-ci ildən 14 noyabr 2017-ci ilə kimi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində saxlanılmaqla 02 ay hər aya 350 manatdan olmaqla, 700 manat, ümumilikdə 04 aydan artıq müddətə cərimə meydançalarında saxlanılmağa görə ona 1400 manat məbləğində maddi zərər dəymişdir. Mikroavtobusun cərimə meydançalarında saxlanılması bu barədə tərtib olunmuş cərimə aktları ilə təsdiq olunur. Beləliklə, X4, onun atası Cavabdeh1 və babası Abduləzizin təqsirləri üzündən ona məxsus mikroavtobusun ehtiyyat hissələrini götürmələrinə görə 1950 manat və avtomaşınının 04 aydan artıq müddətdə cərimə meydançasında saxlanılmasına görə 1400 manat, məhkəməyə ödədiyi 130 manat rüsum pulu və digər əlavə xərclər 200 manat, ümumilikdə 3650 manat maddi zərər dəymişdir. O, həmin maddi zərərin ona ödənilməsini dəfələrlə X4, onun atası Cavabdeh1 tələb etməsinə baxmayaraq, onlar həmin maddi zərəri ona könüllü ödəməkdən imtina etmişlər. Ona görə də, həmin 3650 manat məbləğində pul X4, onun atası Cavabdeh1 və babası Gözəlov Abduləzizdən alınaraq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş iddiaçı bildirmişdir ki, Rafael ilə razılaşaraq etibarnamə vermək istədikdə o demişdir ki, atasının sürücülük vəsiqəsi olmadığı üçün etibarnamənin babasının adına verilməsini istəmişdir. O da, razılaşmışdır və “ASAN xidmət” mərkəzinə sənədləşmə aparmaq üçün getmişlər. Lakin orada “BC” kateqoriyalı sürücülük vəsiqəsi ilə yük daşımaq mümkün olmadığı üçün sənədləşmə aparılmamışdır. Sonra onlar 8-ci km bazarında olan zaman yoldaşı ona zəng edərək bazarlıq etməsini istəmişdir. O, da bazarlıq edib geri qayıdan zaman nə maşın, nə də Rafaelgil orada olmamışlar. Orada olan vətəndaşlardan soruşmuşdur ki, bəlkə maşını polis əməkdaşları aparmışdır. Lakin ona bildirmişlər ki, ora heç bir polis işçisi gəlməmiş, maşın onun yanında olan şəxslər tərəfindən aparılmışdır. Sonra Rafael ilə əlaqə saxlamışdır. Rafael ona hüzürləri düşdüyünü və təcili Salyana qayıtdıqlarını bildirmişdir. Maşın cərimə meydançasına gətirildikdə içərisində heç bir oturacaq və ehtiyyat hissələri olmamışdır. Ona məxsus mikroavtobusun 12 ədəd oturacağı, 01 ədəd arxa ötürücüsünü, 01 ədəd nəqliyyat vasitəsinin surət göstəricisinin komplektini avtomaşından götürərək ona 1950 manat məbləğində maddi zərər vurmuşlar. Həmçinin avtomaşını 04 aydan artıq müddətdə cərimə meydançasında qalmış və nəticədə ona 1400 manat məbləğində zərər dəymişdir. Cavabdehlər Cavabdeh1 və X2 məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada bildiriş göndərilmiş, lakin cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Müvafiq qaydada məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh1 və X4 məhkəmə iclasına gəlməmişlər və bu səbəbdən məhkəmə İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına razılıq verilməsi barədə ərizəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1 və 238.4-cü maddələrinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 13 dekabr 2023-cü tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin təhqiqatçısı, polis kapitanı Rəhim Allahverdiyev tərəfindən qəbul edilmiş xx.xx.2016-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, İddiaçı 04 noyabr 2015-ci il tarixdə yazdığı şikayət ərizəsi əsasında aparılan təhqiqat araşdırması zamanı Cavabdeh1 Əbdüləziz oğlunun izahatı alınmış, izahatında Cavabdeh1 Əbdüləziz oğlu göstərmişdir ki, İddiaçı məxsus olan Ford Tranzit yük markalı, **-RU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili icarə götürmüşdür. Həmin avtmobilə yük vuraraq satmaq məqsədi ilə Bakı şəhəri, 8-ci kilometr bazarına gəldikdə, avtomobilə dair sənədlər olmadığından avtomobil DYP əməkdaşları tərəfindən cərimə meydançasına qoyulmuşdur. Həmçinin, iş materiallarında olan Bakı şəhəri Nizami RPİ-nin 24-cü PB-nin təhqiqatçısı, polis mayoru Kənan Orucov tərəfindən qəbul edilmiş 21 iyul 2016-cı il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar”dan görünür ki, 18 iyun 2016-cı ildə Bakı şəhəri Nizami rayon prokurorluğu İddiaçı şikayəti əsasında toplanmış material üzrə “cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar” ləğv edilərək yenidən araşdırmaya göndərilmişdir. Araşdırma zamanı X5 göstərmişdir ki, babası Əbdüləziz və o 8-ci kilometr bazarında meyvə-tərəvəz alveri ilə məşğul olurlar. Atası Rauf və o Meyvəli bazarında Cahangir ilə tanış olmuşlar. İddiaçı özünə məxsus olan Ford Tranzit markalı **- RU-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili onlara icarəyə vermək istəmiş, sürücülük üçün müvafiq kateqoriyaları olmadığı üçün etibarnamənin rəsmiləşdirilməsi mümkün olmamışdır. Həmin avtmobili Cahangir 8-ci kilometr bazarının yanında saxlamış, Rauf avtomobili sürərək Salyan rayonuna aparmışdır. İş materiallarında olan xx.xx.2015-ci il tarixli, 389 saylı “avtonəqliyyat saxlama qəbulu barədə” aktdan görünür ki, “Ford” markalı **-RU-*** dövlət qeydiyyatlı avtomaşın dayanacağa daxil olarkən içərisində heç bir oturacaq və ehtiyyat hissələri olmamışdır. İş materiallarında olan Bakı şəhəri BPİ DYPİ-nin şöbə rəisi Malik İbrahimov tərəfindən verilmiş xx.xx.2015ci il tarixli, 11296 saylı arayışın ksero surətindən görünür ki, “Ford” markalı **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanma səbəbi qaldırıldığından onun vətəndaş İddiaçı tərəfindən mühafizə olunan duracaqdan götürülməsinə etiraz edilməmişdir. İş materiallarında olan inzibati xəta haqqında xx.xx.2015-ci il tarixli, KYP 056043 saylı protokolun surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə saat 02:15 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 6-cı bəndinin tələbini pozaraq sürücü hərəkət zamanı təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Y.Umudov tərəfindən saxlanılmış və yoxlama zamanı məlum olmuşdur ki, sürücü avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. İş materiallarında olan inzibati xəta haqqında iş üzrə xx.xx.2015-ci il tarixli qərardan görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 152-2.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan KYP 056043 saylı cərimə bildirişinin surətindən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası İXM-nin 152-2.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilməsi barədə məlumat verilmiş və bildirilmişdir ki, qərar qanuni qüvvəyə mindiyi vaxtdan 30 iş günü müddətində cərimə banka ödənilməlidir. Əks halda sonrakı hər gün üçün 1 % məbləğində dəbbə pulu tətbiq ediləcəkdir. Qərar qanunu qüvvəyə mindiyi vaxtdan 3 ay müddətində cərimə ödənilmədikdə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması barədə qərar qəbul ediləcəkdir. İş materiallarında olan 14 aprel 2016-cı il tarixdə çap olunmuş nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamənin ksero surətindən görünür ki, “Ford Transit” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı mikroavtobus X3 tərəfindən İddiaçı etibar edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Abşeron filialı tərəfindən verilmiş 13 noyabr 2017-ci il tarixli, 1377 saylı arayışın surətindən görünür ki, İddiaçı xx.xx.2017-ci il tarixdə "xxxx" ASC-nin Abşeron rayon filialında Cavabdeh1 adına Daxili İşlər Nazirliyinin AZ45CTRE******************** saylı hesabına 800 manat məbləğində cərimə ödənişi etmişdir. İş materiallarında olan İnam 93 k/m direktoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, “Ford Transit-mikroavtobus” markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomaşınında sərnişinlər üçün 12 ədəd oturacaq nəzərdə tutulmuşdur. Avtomaşının arxa hissəsində isə sərnişinlər üçün 10 ədəd arxa oturacaqlar nəzərdə tutulmuşdur. Avtomaşının 10 ədəd arxa oturacağının qiyməti 100 manat, həmin avtomaşının arxa ötürücüsünün satış qiyməti işlək vəziyyətdə 700 manat və həmin nəqliyyat vasitəsinin sürət göstəricisinin komplekt qiyməti isə 50 manat təşkil edir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-4723/2017 saylı, 26 dekabr 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı reqres qaydasında pul tələbinə dair iddiasının təmin edilməsi və Cavabdeh1 800 manat pul tutularaq İddiaçı verilməsi qət edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobili İddiaçı aylıq icarəyə götürmək istəmişlər, sürücülük üçün müvafiq kateqoriyaları olmadığı üçün etibarnamənin rəsmiləşdirilməsi mümkün olmamışdır. Həmin avtmobili Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarının yaxınlığından götürərək Salyan rayonuna aparmışlar. Həmin avtomobillə 14 sentyabr 2015-ci il tarixdə Salyan rayonundan Bakı şəhəri, 8-ci kilometr bazarına yük gətirərkən, avtomobilə dair sənədlər olmadığından avtomobil DYP əməkdaşları tərəfindən cərimə meydançasına qoyulmuşdur. Avtomobil 2 (iki) ay 11 saylı cərimə meydançasında saxlanılmışdır. Ford Transit mikroavtobus” markalı, **-RU-*** dövlət nömrə nişanlı avtomaşın cərimə meydançasına yerləşdirilərkən oturacaq olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə isə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Mülki-prosessual qanunvericiliyin göstərilən müddəaları ilə müəyyənləşdirilmiş preyudisiya mexanizminə əsasən, əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən olunan hallar işdə iştirak edən şəxslərə münasibətdə preyudisiya keyfiyyəti əldə edir, yəni maraqlı şəxslər tərəfindən yenidən təsdiq və inkar edilə bilməz. Bu mexanizm hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla yanaşı, həm də hüquqi müəyyənliyi təmin edir “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, “preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir”. Məhz bu prinsipi əsas götürərək məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə qətnaməsi ilə hazırkı işdə mübahisələndirilən məsələlərə faktiki olaraq hüquqi qiymət verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən edilən həmin hallar isə preyudisial əhəmiyyət kəsb etdiyindən, sözügedən halların əlavə araşdırılmasına ümumiyyətlə zərurət yoxdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli qərarında isə qeyd olunmuşdur ki, məhkəmə qərarlarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin əmələ gəlmə əsaslarından biri də əsassız varlanmadır. 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya 3650 (üç min altı yüz əlli) manat məbləğində maddi zərər vurmuşlar. Eyni zamanda, iş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 56.50 (əlli altı manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM:

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərkən ödənilən 56.50 (əlli altı manat, əlli qəpik) manat məbləğində dövlət rüsumu da cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. 77.1. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 89.1. Yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın təmin olunmasını nəzərə alaraq hesab edir ki, ödənilmiş 56.50 (əlli altı manat, əlli qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 214, 216-220, 233, 238- 245, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3650 (üç min altı yüz əlli) manat məbləğində maddi zərər alınaraq iddiaçıya ödənilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh1 56.50 (əlli altı manat, əlli qəpik) manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qətnamənin ləğv edilməsi üçün (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar