Məhkəmə qərarları › İş №2(057)-1616/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1616/2023

19.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1616/2023 19.10.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X7 qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 fevral 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(057)-226/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği artırılaraq, Cavabdeh hər ay 220 manat miqdarında sabit pul məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə nikahlarını 13 sentyabr 2012-ci il tarixdə rəsmiləşdirməklə ailə qurmuşlar. Birgə nikahlarından 12 fevral 2014-cü il təvəllüdlü X5 doğulmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-226/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən 12 fevral 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan 19 dekabr 2019-cu il tarixdən başlayaraq cavabdehdən hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, ona verilməsi qət edilmişdir. 12 fevral 2014-cü il təvəllüdlü X5 üçün ödənilən aliment çox azdır. Ödənilən aliment onun ehtiyaclarını qarşılamır. Uşaq böyüyüb. Getdikcə tələbatları artmışdır. Hazırki dövrdə oğlunun yaşayış səviyyəsini təmin etmək üçün müvafiq məhkəmə tərəfindən təyin olunmuş aliment çox azdır. Bu səbəbdən hesab edir ki, cavabdehə 12 fevral 2014-cü il təvəllüdlü X5 üçün kəsilmiş 130 manat məbləğində olan aliment artırılmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. Eyni zamanda göstərmişdir ki, cavabdehin maddi imkanı yaxşıdır. Avtomobili və evi var. Ayda bir dəfə uşaqı 4-5 günlük aparıb saxayır sonra geri qaytarır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan Salyan Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(057)-226/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası qismən təmin edilmiş, 12 fevral 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan 19 dekabr 2019-cu il tarixdən başlayaraq, Cavabdeh hər ay 130 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan X2 ksero surətindən görünür ki, Cavabdeh ilə X1 birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5 doğulmuşdur. İş materiallarında olan Salyan rayon İHB-nın Salyan şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəsi A.Məmmədov tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli, 1842 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında oğlu ilə birlikdə yaşayır. İş materiallarında olan ünvan 2ının vermiş olduğu X4 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində ilkin mediasiya sessiyasının üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində sessiya keçirilmiş və Cavabdeh iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə hesab edir ki, mahiyyət etibarı ilə valideynlərlə uşaqın münasibətində aliment institutunun mövcudluğunun qanunverici tərəfindən tanınması ilk növbədə və birmənalı olaraq, uşaqların mənafelərinin qorunmasına yönəlmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2-ci maddəsində də bu məqsəd öz əksini taparaq qeyd olunmuşdur ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilməlidir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2023-cü ilin yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşaqın saxlanılmasında çətinlik çəkməsi, uşaqın böyüməsi ilə bağlı tələbatının artması, uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan 12 fevral 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 14 yanvar 2020-ci il tarixli, 2(057)-226/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh hər ay 170 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq, dövlət gəlirlərinə alınır. Belə olan halda Cavabdeh 40.40 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 12 fevral 2014-cü il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-226/2020 saylı, 14 yanvar 2020-ci tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, Cavabdeh hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsinin əvvəli qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 40.40 manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar