Məhkəmə qərarları › İş №2(057)-164/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-164/2023

11.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-164/2023 11.01.2023 SALYAN RAYON MƏHKƏMƏSİ alyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə pul tələbi barədə mülki işə 11 yanvar 2023-cü ildə Salyan şəhərində açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində bildirmişdir ki, fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikası Vergilər Nazirliyi 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olması üçün 03.12. 2008-ci il tarixdə qeydə alınmış və bu barədə ona ********** nömrəli VÖEN verilmişdir. ünvan 1 ünvanda qarışıq malların satışı ilə məşğuldur. Həmin malların satışını nağd və kredit şəklində borc müqaviləsi tərtib etməklə həyata keçirir. Cavabdeh xx.xx.2021-ci il tarixdə ondan kredit ilə dəyəri 372 manat olan avtomobil üçün təkər almışdır. Aralarında bağlanılmış borc müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmişdir. Müqaviləyə əsasən cavabdeh borc məbləğini xx.xx.2022-ci il tarixədək tam həcmdə geri qaytarmalı idi. Cavabdeh götürdüyü 372 manat dəyəri olan malın pulundan bu günə kimi ödəniş etməmişdir. Cavabdehə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən müxtəlif bəhanələrlə buyun qaçırmışdır. Odur ki, Cavabdeh 372 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə ünvanladığı ərizəsində işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd edərək, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan üzərində “Borc Müqaviləsi” qeyd olunmuş və Cavabdeh adının qarşısında imzası olan yazıdan görünür ki, Cavabdeh İddiaçı götürdüyü malın dəyəri olan 372 manat pulu xx.xx.2022-ci il tarixədək tam həcmdə geri qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçıdan dəyəri 372 manat olan avtomobil üçün təkər almış, həmin puldan bu günə kimi ödəniş etməmişdir. Göründüyü kimi tərəflər arasında borc müqaviləsi bağlanmış və müqavilə şərtlərinə uyğun olaraq iddiaçı üzərinə düşən öhdəliyi icra etmiş, cavabdeh isə üzərinə düşən öhdəliyi icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsində qeyd olunmuşdur ki, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 372 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütanasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar