Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1654/2023 06.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə eyni şirkətdə birlikdə işləmiş və orada tanış olmuşlar. Daha sonra isə onunla bir neçə ay şəxsi münasibətdə olmuşdur. O, 2021-ci ilin noyabr ayında ona atasının əməliyyat olacağını, ailə problemləri olduğunu, daha sonralar isə qızıl-zinət əşyaları alacağını bildirərək onun üçün bankdan kredit götürməsini istəmişdir. O, bununla razılaşmadıqda isə kredit kartından ona köçürmələr etməsini, borc kimi ona pul verməsini xahiş etmişdir. O, isə ilk dəfə 1200 (bir min iki yüz) manat məbləğində borc vermişdir. Daha sonra isə ona borc olaraq mütəmadi ödənişlər etmişdir. Bundan sonra yenə ailəsinin çətin vəziyyətdə olması ilə bağlı ondan borc almışdır. Bu müddətdə özünə məxsus kartlardan etdiyi ödənişlərin həcmi 8000 (səkkiz min) manat təşkil etmişdir. O, bütün borclarını ödəyəcəyini bildirsə də, bunu yerinə yetirməmiş, o, isə çətin vəziyyətdə qalmışdır. Digər kartında olan vəsaitlər hesabına kredit kartının borcunu ödəməyə məcbur olmuşdur. Cavabdeh maddi imkanının aşağı olmasını bəhanə kimi göstərmişdir. Maaş kartını verərək burdan çıxarış edə bilməyəcəyini desə də, sadəcə bir ay cüzi məbləğdə pul çıxartdıqdan sonra kartda vəsait saxlamayaraq və kartın təhlükəsizlik parametrlərini öz xeyrinə istifadə edərək buna mane olmuşdur. Onun üçün kartdan istifadə edərək verdiyi məbləğlərin nəticəsində faiz borcları yaranmış və o, bu borcları öz hesabına ödəməyə məcbur olmuşdur. Cavabdeh 1-2 ay yenə cüzi məbləğlərdə ödənişlər etsə də, hazırda 7000 (yeddi min) manat məbləğində borc ödənməmiş olaraq qalmışdır. Odur ki, Cavabdeh 7000 (yeddi min) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək göstərmişdir ki, Cavabdeh ona borclu olduğu 4044 (dörd min qırx dörd) manat və dövlət rüsumu kimi ödənilmiş 90 (doxsan) manat, ümumilikdə 4134 (dörd min yüz otuz dörd) manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən İddiaçı göstərmişdir ki, iddianı müdafiə edir. O, cavabdehə pulları borc olaraq vermişdir. Cavabdehin əmək haqqı kartı onda olsa da, kartdan pulu çıxardaraq onun kreditini ödəmişdir. Cavabdehin kartına 02 noyabr 2021-ci il tarixdə 1200 (bir min iki yüz) manat, 09 mart 2022-ci il tarixdə 1900 (bir min doqquz yüz) manat, 28 mart 2022-ci il tarixdə 180 (yüz səksən) manat, 15 avqust 2022-ci il tarixdə 600 (altı yüz) manat pul ödəmişdir. Həmçinin ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pulu cavabdehə borc olaraq ödəmişdir. Hazırda cavabdehin ona 4400 (dörd min dörd yüz) manat borcu qalmışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh bildirmişdir ki, iddianı qəbul etmir. İddiaçı ehtiyyacı olanda müəyyən vaxtlarda onun kartına pul köçürmüş, eyni qaydada o da, iddiaçının ehtiyyacı olanda onun kartına pul köçürmüşdür. Dörd il birlikdə olmuşlar. Elə vaxt olmuşdur ki, toya, məclislərə, istirahətə birlikdə getmişlər. Pulu olmayanda iddiaçı özü ona narahat olmamasını bildirmişdir. İddiaçının plastik kartına 02 noyabr 2021-ci il tarixdə 1200 (bir min iki yüz) manat, 09 mart 2022-ci il tarixdə 1900 (bir min doqquz yüz) manat, 28 mart 2022-ci il tarixdə 180 (yüz səksən) manat, 15 avqust 2022-ci il tarixdə 600 (altı yüz) manat pul köçürtsə də həmin pulu ona borc niyyəti ilə verilməmişdir. O, “İnstagram” sosial şəbəkəsində iddiaçıya məxsus olan hesabla aparılan yazışmaları təqdim edərək göstərmişdir ki, iddiaçı ilk əvvəl ondan 8000 (səkkiz min) manat pul tələb etmişdir. O, qarşı tərəflə görüşərək ondan bu qədər məbləğin haradan yarandığını soruşmuşdur. İddiaçı isə ona tələb etdiyi həmin məbləğdən bir qədər az ya da çox pul ala biləcəyini bildirmişdir. O, da iddiaçının kartına ayrı-ayrı vaxtlarda 5200 (beş min iki yüz) manat pul köçürtmüşdür. Onlar ailə qurmaq niyyətində olmuşlar. Bir çox tədbirlərə birgə getmişlər, ona görə də qarşılıqlı maddi yardım göstərmişlər. Sonradan onun ailə üzvləri tərəfindən müdaxilə nəticəsində aralarındakı münasibət pozulmuşdur. Belə ki, iddiaçının valideynləri ondan ev almağı tələb etmişlər. Onlar aralarında razılaşmışlar ki, toy edəndən sonra pulları toplayıb özləri üçün ev alsınlar. Ancaq iddiaçının ailəsi razı olmamış və münasibətləri pozulmuşdur. Sonradan Leyla ona mesaj yazaraq ailəsinə borcu olduğunu və həmin borcu ailəsinə qaytarmalı olduğunu bildirmişdir. Hətta onun anası, qardaşı onunla danışaraq hədə-qorxu gəlmişlər. Onun əmək haqqı kartı iddiaçıdadır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: İddiaçı tərəfindən təqdim edilmiş “İnstagram” sosial şəbəkəsində tərəflərə məxsus olan hesablarda aparılan yazışmalardan, iddiaçının kartda olan pulu onun istifadə etməsini, cavabdehin isə onu da verəcəyini narahat olmamasını, arxayın olmasına dair söz verdiyini, ayın sonuna kimi bütün problemləri həll edəcəyini, atası pul verdikdən sonra o pulu verəcəyini, iddiaçının adına olan krediti ödəyib qurtardıqdan sonra, nağd olan 2200 manat borcdan başqa əlavə olaraq 200 manat da iddiaçıya artıq pul verəcəyini, borcun məbləğinə dair etiraflar etdiyini və iddiaçıdan möhlət istəməklə borclarını qaytaracaqlarına dair ona vədlər verdikləri müəyyən edilir. Cavabdeh tərəfindən təqdim edilmiş çeklərdən görünür ki, iddiaçının adına olan hesablardan başqa ödənişlər də edilmişdir: “eManat” elektron ödəmə sisteminin xx.xx.2021-ci il tarixli qəbzindən görünür ki, İddiaçı Kapital Bankda olan kart hesaba 165 manat ödənilmişdir. “eManat” elektron ödəmə sisteminin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, BirKart hesaba 50 manat ödənilmişdir. “eManat” elektron ödəmə sisteminin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, BirKart hesaba 30 manat ödənilmişdir. “MilliÖn” elektron ödəmə sisteminin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, İddiaçı Azərbaycan Beynəlxalq Bankda olan hesabına 50 manat ödənilmişdir. “MilliÖn” elektron ödəmə sisteminin xx.xx.2022-ci il tarixli qəbzindən görünür ki, İddiaçı Azərbaycan Beynəlxalq Bankda olan hesabına 44 manat ödənilmişdir. xx.xx.2023-cü il tarixli onlayn çekindən görünür ki, İddiaçı adına olan hesaba 200 manat göndərilmişdir; "xxxx" QSC-nin elektron ödəmə sisteminin xx.xx.2023-cü il tarixli qəbzindən görünür ki, İddiaçı Kapital Bankda olan hesabına 1000 manat ödənilmişdir. Onlayn qəbzdən görünür ki, Azərbaycan Beynəlxalq Bankda olan hesaba 57 manat göndərilmişdir; Onlayn qəbzdən görünür ki, "xxxx" ASC-də olan hesaba 100 manat göndərilmişdir; Onlayn qəbzdən görünür ki, "xxxx" ASC-də olan hesaba 25.50 manat göndərilmişdir; Onlayn qəbzdən görünür ki, "xxxx" ASC-də olan hesaba 200 manat göndərilmişdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halından göründüyü kimi, iddiaçı, məhz pul göndərişlərinə dair çeklərə və cavabdehlə aparılan yazılarına istinad etməklə, cavabdehin atasının əməliyyat olunması və maddi vəziyyəti ilə əlaqədar ondan borc pul istəyən cavabdehə 2021-ci ilin noyabr ayından 2022-ci ilin avqust ayına kimi 8000 (səkkiz min) manat pul verdiyini, bir hissəsini qaytardığını, 4400 (dörd min dörd yüz) manat pulun qaytarılmasından yayındığını əsas gətirərək hazırki iddia tələbini irəli sürmüşdür. Yuxarıda göstərildiyi kimi, mülki işin materiallarından iddiaçının müxtəlif banklara məxsus olan plastik kart vasitəsi ilə cavabdehin hesabına ayrı-ayrı vaxtlarda pul vəsaitləri göndərdiyi müəyyən edilmişdir. Həmçinin cavabdehin də iddiaçıya məxsus olan müxtəlif banklara məxsus olan plastik kart hesablarına ayrı-ayrı vaxtlarda pul vəsaitləri göndərdiyi müəyyən edilmişdir. Cavabdeh iddiaçı tərəfindən ona 2021-ci ildə 1200 (bir min iki yüz) manat, 2022-ci ildə 1900 (bir min doqquz yüz) manat, 180 (yüz səksən) manat, 600 (altı yüz) manat pul köçürtmə yolu ilə ödənildiyini etiraf etsə də, həmin pulların borc niyyəti ilə verilmədiyini göstərmişdir. İddiaçının təqdim etdiyi “İnstagram” sosial şəbəkəsində tərəflərə məxsus olan hesablar arasında aparılan yazışmalardan, iddiaçının kartda olan pulu onun istifadə etməsini, cavabdehin isə həmin pulu verəcəyinə dair söz verdiyini, ayın sonuna kimi bütün problemləri həll edəcəyini, atası pul verdikdən sonra pulu verəcəyini, iddiaçının adına olan krediti ödəyib qurtardıqdan sonra, nağd olan 2200 manat borcdan başqa əlavə olaraq 200 manat da iddiaçıya artıq pul verəcəyini bildirdiyi müəyyən edilir. Göstərilənləri ağlabatan mühakimə əsasında nəzərdən keçirən məhkəmə iddiaçının qeyd edilən dəlillərini qismən əsaslı hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385-ci maddəsinə uyğun olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər borc (kredit) müqaviləsi üzrə üzərlərinə götürdükləri öhdəlikləri lazımınca icra etməyərək iddiaçıdan aldıqları borc məbləğini ona geri qaytarmamışlar. Məhkəmə cavabdehdən tutulmalı olan pul vəsaitinin məbləği ilə əlaqədar isə aşağıdakıları qeyd edir. İddiaçının təqdim etdiyi “İnstagram” sosial şəbəkəsində tərəflərə məxsus olan hesablarda aparılan yazışmalardan və cavabdehin məhkəmə iclasında verdiyi izahatından iddiaçı tərəfindən cavabdehə 2021-ci ildə 1200 (bir min iki yüz) manat, 2022-ci ildə 1900 (bir min doqquz yüz) manat, 180 (yüz səksən) manat, 600 (altı yüz) manat pul köçürtmə yolu ilə ödənildiyi müəyyən edilir. İddiaçı cavabdehdən iddia ərizəsində qeyd edilən məbləğin tutulmasını xahiş etsə də məhkəmə hesab edir ki, iddia təqdim edilmiş sübutlara müvafiq olaraq etiraf etdiyi məbləğə uyğun hissədə təmin edilməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. İddiaçı cavabdehə bank vasitəsi ilə göndərilmiş pulların müəyyən edilməsi üçün "xxxx" ASC-nin “Birbank”, Unibank” KB ASC-nin “Leokart” kartlarına köçürtdüyü pul vəsaitlərinin nə qədər təşkil etdiyi müəyyən etmək üçün sorğu verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, məhkəmə iclasında cavabdeh iddiaçı tərəfindən ona məxsus olan kartlara "xxxx" ASC-nin “Birbank”, "xxxx" KB ASC-nin “Leokart” kartları vasitəsi ilə həyata keçirilən köçürmələri təsdiq etdiyindən göstərilən hallara görə sorğunun verilməsinə zərurət qalmamışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin olunmasını nəzər alaraq hesab edir ki, 58.80 manat dövlət rüsumu cavabdehdən alınıb iddiaçıya verilməlidir. Digər hissə iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3880 (üç min səkkiz yüz səksən) manat pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 58.80 (əlli səkkiz manat səksən qəpik) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumun 31.20 (otuz bir manat iyirmi qəpik) manat hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-1654/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1654/2023
06.12.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver