Məhkəmə qərarları › İş №2(057)-169/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-169/2023

11.08.2023 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-169/2023 11.08.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 iştirakı ilə yaranan maneələrin aradan qaldırılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən ona məxsus Salyan rayonu, Birinci Varlı kəndində yerləşən fərdi yaşayış evinə yaradılan maneələrin aradan qaldırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı sonradan verdiyi ərizəsində cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən torpaqla doldurulmuş, ona məxsus xəndəyin qazılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı bildirmişdir ki, Salyan rayonu, Birinci Varlı kəndində yaşayır. Çıxarış əsasında 29 sot torpaq sahəsi vardır. Cavabdeh Raşad qonşusudur. Həyətləri arasında 40 metr uzunluğunda daş hasar var. İddia etdiyi xəndək hasardan əks tərəfdə qonşuya tərəf olan hissədə yerləşir və 134x2 metr ölçüdədir. Hasarı 1996-cı ildə inşa etdirmiş, həmin vaxt cavabdeh tərəf orada yaşamamışdır.Ona görə də, hasardan kənar ona məxsus torpaq sahəsi qalmışdır. Cavabdehlər keçən il sentyabr ayında xəndəyi doldurmuş və kənarında su kanalı çəkmişlər. Nəticədə yağış yağan zaman həyətini su basır. Cavabdehlər ona məxsus olan torpaq sahəsini zəbt etmiş və həmin hissədə yerləşən xəndəyi doldurmuşlar. Odur ki, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildirmişdir ki, şəhadətnamə əsasında 29 sot torpaq sahəsi vardır. İddiaçı Səxavət qonşusudur. Həyətləri arasında daş hasar vardır. Hasarın ona aid olan hissəsində evinə gedən şirin su kanalı yerləşmişdir. Heç bir xəndək doldurmamışdır. İddiaçı öz tualet suyunu onun kanalına axıtmaq istədiyi üçün ondan şikayət etmişdir. Xəndək həyətində yerləşdiyi üçün həmin xəndəyi qazdırmaq istəməmiş, əgər xəndək qazılarsa evinə su getməyəcəkdir. İddiaçının iddia etdiyi xəndək iddiaçının xüsusi mülkiyyətində deyildir. Ona görə də, ona qarşı verilmiş iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada Cavabdeh1 məhkəməyə ərizə ünvanlayaraq işə iştirakı olmadan baxılmasını xahiş etmişdir.Ona görə də məhkəmə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş ƏMDK yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2022-ci ildə ********** nömrə ilə qeydə alınmış çıxarışdan görünür ki, Salyan rayonu, Birinci Varlı kəndində yerləşən fərdi yaşayış evi və ümumi birgə 0,2898 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Anar Rzayev tərəfindən verilmiş texniki pasportdan görünür ki,Salyan rayonu Birinci Varlı kəndində İddiaçı adına fərdi yaşayış evi və ümumi birgə torpaq sahəsi, X1 adına ümumi birgə torpaq sahəsi, X4 adına ümumi birgə torpaq sahəsi, X3 adına ümumi birgə torpaq sahəsi, X2 adına ümumi birgə torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş JN-101F KOD 80904017 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, X5, X6, X11 və X10 ümumi mülkiyyətlərində Salyan Rayon Aqrar İslahat Komissiyasının 21 dekabr 2000-ci il tarixli, 14 saylı qərarı əsasında Salyan rayonu, Birinci Varlı kəndində yerləşən 0.29 ha torpaq sahəsi vardır. Məhkəmədə elan olunmuş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə X12 arasında nikah 1 yanvar 2009-cu il tarixdə Qobustan rayon İHB-nın Poladlı kəndi üzrə nümayəndəliyində 01 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Məhkəmədə elan olunmuş 01 sentyabr 2022-ci il tarixli, 253 nömrəli arayışdan görünür ki, Dadaşov X8 rayonu, Poladlı kəndində qeydiyyatda olmaqla, Salyan rayonu, Birinci Varlı kəndində yaşayır. Məhkəmədə elan olunmuş Salyan RİH başçısının Varlı kənd inzibati ərazi nümayəndəsinin müavini X7, Salyan rayonu, Birinci Varlı kənd sakinləri X5 və Cavabdeh1 iştirakları ilə tərtib olunmuş 03 may 2011-ci il tarixli aktın surətindən görünür ki, Birinci Varlı kənd sakinİ X5 0,12 ha torpaq sahəsini razılaşma yolu ilə Birinci Varlı kənd sakini Cavabdeh1 1200 manata satmışdır. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDX «Daşınmaz Əmlakın Dövlət Kadastırı və Reyestri» publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin mütəxəssis rəyindən görünür ki, İddiaçı və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində olan torpaq sahələrinin döngə nöqtələrinin koordinantları GPS aləti vasitəsi ilə ölçülmüş, İddiaçı və ailə üzvlərinin reyestr nömrəsi **********80 olan çıxarışa əsasən birgə mülkiyyətində olan torpaq sahəsinin 98 kv.m(0,0098 ha) olan hissəsi iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən istifadə olunur.Tərəflərin yerləşdiyi həyətyanı torpaq sahələri arasında iddiaçının iddia etdiyi su xəndəyi mövcud deyil, su xəndəyi cavabdehlər tərəfindən doldurulub və su xəndəyinin yerləşdiyi torpaq sahəsi hal-hazırda cavabdehlərin istifadəsindədir. Varlı kəndi ərazisində aparılan kompleks yerquruluşu layihəsinə əsasən su xəndəyinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsidir. Varlı kəndi ərazisində aparılan elektron kadastr uçotu məlumatlarında isə su xəndəyinin yerləşdiyi torpaq sahəsi İddiaçı istifadəsində olan torpaq sahəsidir. İddiaçı 0,2898 ha mülkiyyətində, 0,2865 ha isə istifadəsində olan torpaq sahəsi mövcuddur. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 istifadəsində 0,5259 ha torpaq sahəsi mövcuddur və mövcud olan 0,5259 ha torpaq sahəsinin 0,28 ha olan hissəsi, JN-101F KOD 80904017 nömrəli şəhadətnaməyə əsasən X5 və ailə üzvlərinin birgə mülkiyyətinə aid torpaq sahəsidir. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki,iddia əsassız olduğundan rədd olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki,iddiaçının iddia etdiyi xəndək onun mülkiyyətində olan torpaq sahəsində yerləşmir,həmin torpaq sahəsi ümumi istifadədə olan bələdiyyə mülkiyyətinə aiddir.Ona görə də verilmiş iddia əsassız olduğundan rədd olunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsində qeyd olunmuşdur ki, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X9 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X9 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən torpaqla doldurulmuş, ona məxsus xəndəyin qazılması öhdəliyinin cavabdehlərin üzərinə qoyulması barədə iddia tələbi əsassız olduğundan rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar