Məhkəmə qərarları › İş №2(057)-1712/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1712/2023

11.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1712/2023 11.12.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı borcun tutulması tələbinə dairiddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 48 ay muddətinə nağd şəkildə istifadə olunmaqla 15000 manat məbləğində kredit verilmiş və bununla bağlı İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh xx.xx.2023-cü il tarixinə əsas borcu 11249,77 manat, faiz borcu 1445,93 manat təşkil edir. Borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərməmişdir. Cavabdehə göndərilmiş pretenziya (xəbərdarlıq) məktubları da cavabsız qalmışdır. Eyni zamanda qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli ******* saylı Kredit müqaviləsi üzrə Borcalan pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində Banka zərər vurmuşdur. Bununla da cavabdeh Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən Kredit Müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yaranmışdır. Hal-hazırda cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas və ona hesablanmış faiz borcu 12695,70 manat təşkil edir və bu borcun cavabdeh tərəfindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsini təmin edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh ilə onun istifadəsində olan (051) ***-**-** nömrəsi ilə əlaqə saxlanılmış və o, İddiaçı ASC-yə olan borcunu etiraf etmişdir. İşə onun iştirakı olmadan baxılmasını və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; Maliyyə arayışının surətindən görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2023-cü il tarixə 11249,77 manat əsas, 1445,93 manat faiz olmaqla, cəmi 12695,70 manat borcu vardır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, ******* saylı kredit müqaviləsindən və ona əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün illik 20 faiz olmaqla 48 ay müddətinə ödəmək şərtilə 15000 manat məbləğində kredit verilmişdir. 14 aprel 2023-ci il tarixli, 6-3xx/xx-2728 saylı pretenziya (xəbərdarlıq) məktubunun surətindən görünür ki, Cavabdeh Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 128,49 manat dövlət rüsumu ödənilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Salyan rayonu, Çuxanlı kəndində qeydiyyatdadır. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə 15000 manat məbləğində kredit xətti ayrılmışdır. İş üzrə İddiaçı ASC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2021-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından, məhkəmə hesab edir ki, bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdeh müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 128,49 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 11249,77 manat əsas, 1445,93 manat faiz olmaqla, cəmi 12695,70 manat borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 128,49 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC -nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 11249,77 manat əsas, 1445,93 manat faiz olmaqla, cəmi 12695,70 manat borc və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş 128,49 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar