Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1765/2024 08.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X6 oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 Cavabdeh qarşı borc tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X3 Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 1900 manat məbləğində borcun və 39 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə qohumluq münasibətləri olduğu üçün ondan 1900 manat borc istəyərək digər şəxsə olduğu borcunu qaytarmaq adı ilə pul istəmişdir. Həmin pulu bankdan kredit götürərək ən qısa vaxtda ödəyəcəyini bildirmişdir. Sonuncu həmin pulu onun borclu olduğu adama qaytarmışdır. Lakin verdiyi pulun üstündən 2 il keçməsinə baxmayaraq onun pulunu qaytarmamışdır. Cavabdeh borcunu qaytarmaq üçün onun əvəzinə ödədiyi 1900 manat pulu hər dəfə ondan tələb etsədə pulu ayın sonunda verəcəyini bildirmişdir.1900 manat pulu çox hissəsini digər tanışlarından aldığını bildirmişdir. Özünün səhətində problemlər olduğunu, hal-hazırda əməliyyat olunacağını və bunun üçün maddi imkanın olmadığını bildirmişdir. Cavabdeh yüksək əmək haqqı alır və hal -hazırdada ARDNŞ -də işləyir. Cavabdeh barədə Salyan rayon Polis şöbəsinə xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Cavabdeh Polis idarəsinə gələrək ona olan borcunu etiraf etmiş, izahatında hər ay 100 manat ödəyəcəyini bildirmişdir. Lakin onun yalan vəd verdiyini bilərək onun şərti ilə razılaşmamışdır. Polisdə verdiyi izahatın üstündən iki ay keçsədə 100 manat hər ay verəcəyi puluda ödəməmişdir. Cavabdeh ona olan borcunu ödəməyə imkanı olduğu halda iki ilə yaxın müddətdə aldadaraq pulunu verməmişdir. Odur ki, 1900 manat və 39 manat dövlət rüsumu Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X3 iddia ərizəsində qeyd edilənləri bir daha təsdiq edərək bildirmişdir ki, Cavabdeh onu təhqir etmiş və hədələmişdir. Pulu yalan olaraq ona faizi ilə verdiyini demişdir. Cavabdeh hal-hazırda ARDNŞ-də işləyir, yüksək əmək haqqı alır. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixə keçiriləcək məhkəmə iclasında işi ilə əlaqədar olaraq iştirak edə bilməyəcəyini bildirmişdir. Belə olan halda, məhkəmə AR Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan rayon Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli rədd materialından görünür ki, Cavabdeh Salyan RPŞ-də verdiyi 21 iyun 2024-cü il tarixli izahatında göstərmişdir ki, Sevdadan 1900 manat yox, 1500 manat pulu əlbəəl aldığını etiraf etmiş və hər ay 100 manat ödəyəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 39 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh borc olaraq ödəmək şərti ilə borc vermişdir. Cavabdeh həmin borcu iddiaçıya qaytarmamışdır. İddiaçı cavabdehə 1900 manat məbləğində borc verdiyini, hazırda həmin borcun ödənilmədiyini, cavabdeh isə iddiaçıdan Salyan RPŞ-də verdiyi izahatında 1500 manat məbləğində borc aldığını etiraf etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 742.2-ci maddəsinə əsasən, əgər borc müqaviləsində borcun qaytarılması üçün müddət müəyyən edilməmişdirsə, borcverən borcun qaytarılmasını istənilən vaxt tələb edə bilər. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən məhkəmə hesab edir ki, hazırkı iş üzrə tərəflər arasında borc müqaviləsi münasibətləri vardır, həmin müqavilə münasibətləri üzrə tərəflər üzərinə götürdüyü öhdəliyi icra etməlidirlər. Tərəflər arasındakı borc müqaviləsi predmetinin məbləği üç min manatdan aşağı olduğu üçün bu müqavilənin yazılı formada bağlanmasına zərurət olmamışdır. İddiaçı müqavilə üzrə malik olduğu hüquqlardan istifadə edə bilər. Cavabdeh öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçının pulun qaytarılmasını tələb etmək hüququ vardır. İddiaçı cavabdehə 1900 manat məbləğində borc pul verdiyini bildirsə də, bu hal məhkəmədə öz təsdiqini tapmamışdır. Cavabdeh polis şöbəsində verdiyi ifadəsində iddiaçıdan 1500 məbləğində borc vəsaitini aldığını etiraf etmiş, iddiaçı həmin halın doğru olmaması barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda, məhkəmə cavabdehin dediklərinin əsaslı olduğu qənaətə gələrək iddianın qismən təmin olunmasını daha qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 30,78 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X2 ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində borc və 30,78 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 1500 manat məbləğində borc və 30,78 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı X2 ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-1765/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1765/2024
08.10.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver