Məhkəmə qərarları › İş №2(057)-1765/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1765/2025

15.07.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1765/2025 15.07.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh 4200 manat məbləğində pulun və xx.xx.2025-ci il tarixdən başlayaraq gecikdirilmiş hər gün üçün borc məbləğinin 1%-i həcmində dəbbə pulunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə ondan xx.xx.2025-ci il tarixədək qaytarmaq şərtilə 4200 manat məbləğində borca pul almış, bu barədə ona qəbz də vermişdir. Lakin bu günədək cavabdeh aldığı borcu qaytarmamışdır. O, cavabdehə xx.xx.2025-ci il tarixdə bildiriş məktubu göndərərək 10 gün ərzində aldığı borcu geri qaytarılmasını xahiş etmişdir. Lakin cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh 4200 manat məbləğində pulun və xx.xx.2025-ci il tarixdən başlayaraq gecikdirilmiş hər gün üçün borc məbləğinin 1%-i həcmində dəbbə pulunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa iddiaçı iddia tələbinin həcminin artırılması ilə bağlı ərizə ilə məhkəməyə müraciət edərək gecikdirilmiş hər gün üçün, cəmi 90 gün gün üçün 01 faiz dəbbə pulunun, cəmi 3780 manat dəbbə pulunun cavabdehdən tuitulmasını xahiş etmiş və bununla da idda tələbini dəqiqləşdirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdehin borcunu etiraf etdiyini əsas gətirərək, qəbzin olduğunu, buna görə də iddiasının tam təmin olunmalı olduğunu bildirmişdir. Həmçinin iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciətində qeyd etdiyi dəbbə pulunun hamısını tələb etmiş, belə ki, məhkəməyə müraciət etmək üçün, müraciətdən sonrakı xərcləri, əldən çıxmış faydanı tələb etməməyini diqqətə çatdırmışdır. Odur ki, iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qismən etiraf edərək göstərdi ki, o, iddiaçıdan 8200 məbləğində borc almışdır. Həmən borcdan 4000 manatı qaytarmış, hazırda isə iddiaçıya 4200 manat borcu qalmışdır. Müqavilədə dəbbə pulu haqqında məlumatın olmadığını bildirir. Borcun 4200 manat olduğunu etiraf etmişdir və bu barədə ona xəbərdarlıq da təqdim olunmuşdur. O, iddiaçıya hər ay 500 manat ödəməklə borcu qaytarmaq istədiyini bildirmiş, lakin iddiaçı qəbul etməmişdir. Təqaüdçü olduğunu, 4200 manat pulu birdəfəlik qaytarmağa maddi imkanının olmadığını demişdir. O iddianın qismən təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materialına əlavə edilmiş, cavabdeh tərəfindən iddiaçıya verilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 4200 manat pul aldığını, borcunu 3 ay müddətinə xx.xx.2025-ci il tarixə qaytaracağını öhdəsinə götürməsini imzası ilə təsdiq etmişdir. xx.xx.2025-ci il tarixli iddiaçı tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıq bildirişindən görünür ki, iddiaçı cavabdehdən 10 gün müddətinə borcunu qaytarmasını xahiş etmiş, əks halda məhkəməyə müraciət edəcəyini və dəbbə pulu tələb edəcəyini bildirmişdir. xx.xx.2025-ci il tarixli poçt qəbzindən görünür ki, iddiaçı həmin bildirişi cavabdehə ünvanlamışdır. xx.xx.1997-ci il tarixli 002067 saylı vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır. xx.xx.2025-ci il tarixli ərizə ilə İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4200 manat məbləğində borcun və xx.xx.2025-ci il tarixdən başlayaraq gecikdirilmiş hər gün üçün (cəmi 90 gün) üçün xx.xx.2025-ci il tarixinədək borc məbləğinin 1%-i həcmində dəbbə pulunun (90 x 42 manat=3780 manat) cəmi 7980 manat pulun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh borc olaraq ödəmək şərti ilə pul vermişdir. Cavabdeh isə borcu qaytarmaqdan imtina etməsə də, onların arasında olan sövdələşməni müddət baxımından pozmuş, vaxtında icra etməmişdir. Belə olduğu üçün də, iddianın əsas borc hissəsində iddiaçının tələbi təmin olunmalıdır. Həmçinin məhkəmə diqqətə çatıdırır ki, onların arasındakı sövdələşmənin şərtlərində dəbbə pulu və s. bu qəbildən olan şərtlər olmadığından iddia dəbbə pulu hissədə təmin olunması əsassız, yəni, tərəflər arasındakı əqdə ziddir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Belə ki, Mülki Prosessual Məcəllənin 80-ci maddəsində əksini tapmış həmin prinsipə əsasən məhkəmə prosesində yalnız elə faktlarla və hallarla bağlı sübutlar nəzərə alınmalıdır ki, onlar işin həlli üçün hüquqi baxımdan əhəmiyyət kəsb etsinlər. Məhkəmə bu qənaətə gələrkən hüququn hamılıqla qəbul edilmiş prinsipi olan formal həqiqət prinsipini də nəzərə almışdır. Belə ki, qeyd edilən prinsipə əsasən hakim faktlarla və hallarla bağlı tərəflərin dəlilərinin həqiqiliyini yalnız o zaman müəyyən edə bilər ki, onları qarşı tərəf mübahisələndirsin. Belə olan halda, cavabdeh 4200 manat məbləğində pul vəsaitini aldığını etiraf etdiyindən, iddiaçı iddia tələbinin həmin hissəsində, yəni cavabdehin ona 4200 manat borcu olmasını sübut etmək yükündən azad olmuş, həmin məbləğin iddiaçıya qaytarılmasını sübuta yetirmək vəzifəsi isə cavabdehə keçmişdir. Məhkəmə alınan pul vəsaitinin qaytarılması halının cavabdeh tərəfindən mübahisələndirildiyini nəzərə alaraq, qeyd edilən hallara mülki prosessual qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “... Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Belə ki, məhkəmə iddianın qismən təmin edilməsi qənaətinə gələrkən, prosessual qanunvericiliyin tələblərini və daxili inamını rəhbər tutmuşdur. Göstərilənlər isə ona dəlalət edir ki, iddiaçı iddia etdiyi 7980 manat pul vəsaitinin 4200 manat məbləğində olan hissəsinin cavabdeh tərəfindən etiraf olunduğu üçün həmin məbləğin cavabdehə verdiyini sübuta yetirmək yükündən azad olmuş, qalan hissədə isə tərəflər arasında elə razılaşma olmadığı üçün sübut edə bilməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, cavabdeh iddiaçıdan 4200 manat məbləğində pul vəsaiti almış və həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflər arasında 7980 manat pulun cavabdehə verilməsinə dair yazılı müqavilə olmasa da, onlar arasında 4200 manatlıq sövdələşmə olduğundan, cavabdeh tərəfin özünün izahatı həmin məbləğin sonuncuya verilməsini təsdiq edir. Tərəflər arasında həmin pulun verilməsinə dair başqa heç bir qanuni əsas və ya etibarlı müqavilə olmadığından cavabdeh əsassız varlanmış şəxs kimi iddiaçının tələbi ilə həmin pul məbləğinin ödənilməmiş qalan 4200 manat hissəsini ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 52.2. maddəsində göstərilir ki, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır; 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 191.3-cü maddəsinə əsasən, isə cavabdehin iddianı etiraf etməsi məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Eyni zamanda, məhkəmə hesab edir ki, cavabdehin iddianı qismən etiraf edərək onu qəbul etməsi qanuna və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun gəlir və başqa şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4200 (dörd min iki yüz) manat məbləğində pul İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar