Məhkəmə qərarları › İş №2(057)-179/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-179/2023

08.02.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-179/2023 08.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə, İddiaçı X4, Cavabdeh iştirakı ilə İddiaçı X1 Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 Cavabdeh qarşı aliment məbləğinin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X4 iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə 28 avqust 2012-ci il tarixdə nikahlarını rəsmiləşdirmişdir. Birgə nikahlarından 30 may 2013-cü il təvəllüdlü X5 adlı bir nəfər uşağı olmuşdur. Salyan rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, 30 may 2013-cü il təvəllüdlü X5 onun yanında qalmış, onun saxlanılması üçün 16 fevral 2015-ci il tarixdən başalayaraq Cavabdeh hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Hamıya bəllidir ki, uşaq böyüdükcə ona sərf olunan xərclər də artır. Bundan əlavə, hər il uşaqlar üçün nəzərdə tutulan yaşayış minimumu dövlət tərəfindən artırılır. Hazırda isə həmin yaşayış üçün minimum 193 manat təşkil eləyir. 30 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Hazırda övladının maddi ehtiyacları artmışdır. Cavabdeh tərəfindən ona ödənilən aliment uşağın layiqli həyat şəraitinin təmin edilməsi üçün kifayət etmir. Sadalananları nəzərə alaraq, Salyan rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, 30 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı X4 iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxaılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh bildirmişdir ki, iddiaçı özü ərə getmiş və hazırda Bakı şəhəri, Hövsan qəsəbəsində yaşayır,uşaq isə nənəsinin yanında qalmışdır.Özü başqa qadınla evlənmiş, bir uşağı var, arvadı hazırda ikinci uşağa hamilədir. İddiaçı uşağı özü saxlamadığı üçün ona aliment verməyə borclu deyildir.Lakin ayda 80 manat verməyə razıdır.Odur ki, 80 manat alimentin tutulması barədə qətnamə çıxarılmasına etirazı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Salyan rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli 2(057)-284/2015 saylı qətnaməsinin surətindən görünür ki, 30 may 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 16 fevral 2015-ci ildən başlayaraq cavabdehdən hər ayda 80 manat miqdarında alimentin tutulması qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra alimentin artırılmasına dair iddia qaldırsa da, özünün ailə və maddi vəziyyətində dəyişikliyin baş verdiyini sübuta yetirə bilməmişdir. İddiaçı hazırda cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim etmədiyinə görə və həmçinin məhkəmə cavabdehin ailə və maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, alimentin miqdarı artırılaraq X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 120 manat müəyyən edilməsi daha məqsədə uyğundur. Azərbaycan Respubilkası MPM-nin 119.2-ci maddəsinnə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli, 2(057)284/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra hər ay 120 manat sabit pul məbləğində aliment tutularaq xx.xx.2013-cü ildə anadan olmuş Nihat adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün iddiaçı X3 verilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Salyan Rayon Məhkəməsinin 19 iyun 2015-ci il tarixli, 2(057)284/2015 saylı qətnaməsi ilə alimentin tutulmasına hazırki məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra xitam verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar