Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-18/2025 16.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - iddiaçı və ya Bank) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 1242.82 manat əsas, 255.69 manat faiz, 732.73 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 184.11 manat faiz məbləği olmaqla, cəmi 2415.35 (iki min dörd yüz on beş manat, 35 qəpik) manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - “Bank”) ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 510/5 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 28% (iyirmi səkkiz faiz) ödənilmək şərtilə 5000 (beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar. Lakin buna baxmayaraq Cavabdeh1 kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 1242.82 manat əsas, 255.69 manat faiz, 732.73 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 184.11 manat faiz məbləği olmaqla, cəmi 2415.35 (iki min dörd yüz on beş manat, 35 qəpik) manat məbləğində borcu mövcuddur. Salyan Rayon Məhkəməsinin 2(057)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata iddia tələbinin Cavabdeh1 aid olan hissəsində xitam verilmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəməyə elektron kabinet vasitəsi ilə ərizə ünvanlayaraq, məhkəmə iclasını iştirakları olmadan keçirilməsini, iddia tələbini müdafiə etdiklərini, iştirakları zəruri olduğu halda məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan № 510/15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 24 ay müddətinə, illik 28% ödənilmiş şərtilə 5000 (beş min) manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan № 510/15/1 saylı, xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 kreditor bank qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti üzərinə götürmüş və kredit müqaviləsinə əsasən Cavabdeh1 götürdüyü kredit borcu və faizlərin vaxtında qaytarılmasına təminat vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmiş, lakin o, heç bir addım atmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 25 may 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 12 may 2020-ci il tarixinə 1242.82 manat əsas, 255.69 manat faiz, 732.73 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 184.11 manat olmaqla, ümumilikdə 2415.35 (iki min dörd yüz on beş manat, 35 qəpik) manat məbləğində borcu vardır. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Cavabdeh2 Zülfi qızı xx.xx.2020-ci il tarixdə iddia ərizəsinə etiraz ərizəsi ünvanlayaraq göstərmişdir ki, Cavabdeh1 Zülfü qızı kredit müqaviləsi üzrə öhdəliklərini tam icra edərək, kredit müqaviləsi üzrə əsas və faiz borclarını qrafikə uyğun olaraq ödəmişdir. Bunun əyani sübutu olaraq bildirir ki, Cavabdeh1 Zülfü qızı kredit götürmək üçün 2017-ci ildə "xxxx" ASC-yə müraciət etmişdir. Cavabdeh1 Zülfü qızı 2017-ci ildə İddiaçı ASC-yə olan kredit borcunu və faizləri tam ödəmiş, bu barədə ona bank tərəfindən borcun olmaması barədə arayış verilmişdir. İddiaçı 2 ildən artıq müddətdir ki, vəfat etmiş şəxsi cavabdeh kimi məhkəməyə cəlb edərək, ondan borcun ödənilməsini tələb edir. Ona borcla bağlı heç bir xəbardarlıq olunmamışdır. Ona görə də, iddia tələbinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci tarixli, 510/5 saylı kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 5000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, cavabdehlər müqavilə ilə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək müqavilənin şərtlərini pozmuşdur. Buna görə də o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcu iddiaçıya ödəməlidir. Salyan Rayon Məhkəməsinin 2(057)-18/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata iddia tələbinin Cavabdeh1 aid olan hissəsində xitam verilmişdir. İddia tələbinin tələbdə qeyd edilən məbləğin, həmçinin, müştərək qaydada Cavabdeh2 tutulması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan, məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmiş və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Yuxarıda da qeyd edildiyi kimi "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan aldığı krediti 24 ay ərzində, yəni xx.xx.2017-ci il tarixədək qaytarılmasını razılaşdırmışlar. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı zaminə qarşı xx.xx.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bank mövcud iddia ərizəsi ilə xx.xx.2020-ci ildə məhkəməyə müraciət etmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin, məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən Bank tərəfindən zaminə qarşı qanunla müəyyən olunmuş müddət ərzində hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-18/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-18/2025
16.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver