Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1842/2025 14.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı, Cavabeh Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən borc qismində alınmış 1330 (bir min yüz otuz) manat pulun və ödənilmiş 33.30 (otuz üç manat otuz qəpik) manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində yaşayıram. Cavabdeh1 mənim xalam nəvəsidir, digər Cavabdeh2 isə onun həyat yoldaşıdır. Cavabdehlər ondan onlara borc pul verməyimi xahiş etdilər və söz verdilər ki, yaxın zamanlarda pulumu tam qaytaracaqlar. Buna görə də mən onlara ümumilikdə 2000 manat borc pul verdim. Cavabdehlər verdiyim puldan mənə cəmi 670 manat pul qaytardılar. Cavabdehlərin mənə 1330 manat borcları qalıb, lakin həmin pul cavabdehlər tərəfindən geri qaytarılmır. Qalan borc pulu dəfələrlə cavabdehlərdən tələb etsə də, müxtəlif bəhanələr gətirərək pulunu qaytarmaqdan imtina etdilər. Sonuncu dəfə pulunu cavabdehlərdən tələb etdikdə ona dedilər ki, " pulu vermirik, get dərdini hara deyirsən de". Buna görə də mən məhkəməyə müraciət etmək məcburiyyətində qaldım. Cavabdehlərin ona 1330 manat pul borclu olmalarını təsdiq edən whatsapp yazışmaları və səs yazıları var. Həmin sübutlarımı iddia ərizəyə əlavə etmişdir. Odur ki, cavabdehlərdən mənə borclu olduqları 1330 manat pulun alınmasını tələb edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun verərək izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabeh Cavabdeh2 izahat verərək, məhkəməyə bildirmişdir ki, digər Cavabdeh1 onun həyat yoldaşıdır və məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlıdır, sadəcə üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Onların hazırki iddia ərizəsi ilə bağlı mövqeləri eynilik təşkil edir. Həmçinin bildirmişdir ki, həyat yoldaşı və hazlrki mülki iş üzrə Cavabdeh1 İddiaçı faizlə 2010-cu ildə 2000 manat məbləğində pul götürmüşdür. İlk vaxtlar müəyyən ödənişlər olunmuşdur, lakin sonradan ailədə yaranan maddi sıxıntılar səbəbindən iddiaçıdan alınmış borc pul məbləği tam olaraq ödənilməmişdir. Bu səbəbdən onların iddiaçıya hazırki iddia tələbi ilə tələb olunan məbləğdə borcu qalmışdır. Borcu aldıqlarını inkar etmir, lakin hazırda onu ödəməyə maddi vəziyyətləri imkan vermir. Belə ki, yeni işləməyə başlamış və hazırda əmək haqqısı 370 manat təşkil edir. İcra mərhələsində imkan daxilində hissə-hissə ödəmək şərti ilə iddiaçıya olan borcunu qaytara biləcəyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər Cavabdeh1 məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Sözügedən iddia tələbinin qanuni əsası qismində Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 385, 739-cu maddələri çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-ci maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406.1-ci maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği 3000 (üç min) manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Belə ki, nəzərə almaq lazımdır ki, MM-in 739.2-ci maddəsi qüvvədədir, aşkar və müəyyən normadır. Belə ki, tərəflər arasında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Bağlanmış borc müqaviləsinin predmeti 2000 manat təşkil etmişdir. Məhkəmə tərəflər arasında borc müqaviləsinin MM-in 739.2-ci maddəsinin tələbindən irəli gələrək, yazılı formada bağlanmaması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehlər tərəfindən iddiaçıdan 2000 manat məbləğində borc pul məbləğinin alınması məhz MM-in 739.2-ci maddəsi ilə yazılı müqavilənin bağlanması ilə bağlı tələbin təsir dairəsin düşmür. Məhkəmə MM-in 739.2-ci maddəsində göstərilən yazılı müqavilə şərti ilə bağlı bildirməyi zəruri hesab edir ki, tərəflər arasında tələbin aşkar və müəyyən olması üçün həmçinin tələb olunan məbləğin verilməsinin ilkin təsdiqedici meyarı onlar arasında müvafiq yazılı müqavilənin mövcudluğudur. Bunu bir növ sübutetmə yükünün tərkib hissəsi kimi də adlandırmaq olar. Belə ki, mülki hüquq münasibətləri arasında yaranmış mübahisələr üzrə prosessual qanunvericiliyi təmin edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göründüyü kimi tərəflər arasında mülki qanunvericilikdə nəzərdə tutulan borcun məbləğinin 3000 manat və onun üzərində olması özlüyündə tərəflər arasında olan münasibətlərin mövcudluğunu inkar etmir. Məhkəmə həmçinin qeyd olunan normada göstərilən imperativ tələblə bağlı hüququn təməl prinsiplərindən olan hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından yanaşılmanın vacibliyini qeyd edir. “Müəyyənlik prinsipi” tələb edir ki, tərəflər hüquqi riskləri əvvəlcədən bilsinlər. MM-in 739.2-ci maddəsi də bu funksiyanı yerinə yetirir. Yazılı müqavilə ilə bağlı şərti pozmaq pozmaq → hüquqi risk daşımaq deməkdir. Bu prinsip həmçinin tələb edir ki, hüquq münasibətləri aydın, şəffaf, sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olsun. Prinsipin mahiyyətini isə təşkil edir: - Subyektlər hüquq münasibətinə girərkən öz hüquq və vəzifələrinin sərhədlərini bilməlidirlər; - Müqavilələrdə öhdəliklər, məbləğlər, forma və müddətlər dəqiq göstərilməlidir; - Hüquqi qeyri-müəyyənlik riskləri minimuma endirilməlidir. - MM 739.2 isə bu prinsipi konkretləşdirərək borc müqavilələrinin forması ilə bağlı dəqiq hədd müəyyən edir. Beləliklə, bu maddə mülki hüquqda müəyyənlik prinsipinin praktiki təminat mexanizmi kimi çıxış edir. Mülki Məcəllənin 739.2-ci maddəsinin tələbindən çıxış edən məhkəmə hesab edir ki, hazırda tərəflər arasında borc məbləğinin 2000 manat olması və bununla bağlı yazılı müqavilə şərtinin olmaması tərəflər arasında olan borc müqaviləsindən irəli gələn mülki hüquqi münasibətlərin etibarsız hesab edilməsi kimi təfsir olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, iş üzrə obyektiv və hərtərəfli araşdırmanın aparılması üçün 2 (iki) hazırlıq iclası və 2 (iki) baxış iclası olmaqla ümumilikdə 4 (dörd) iclas keçirilmişdir. Məhkəmənin işdəki tədqiq edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, prosessual tərəflərin (iddiaçı, cavabdeh və s.) hər hansı birinin lehinə və ya əleyhinə öz təşəbbüsü ilə sübutlar toplaması qanunvericiliyin prinsiplərinə zidd olmaqla yolverilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.4-cü maddəsinə əsasən, Məhkəmə faktın etiraf olunmasının işin həqiqi hallarının gizlədilməsi məqsədi ilə və yaxud aldatma, zor, hədə və ya yanılma təsiri nəticəsində baş verməsinə şübhə edirsə, etirafı qəbul etmir. Bu halda həmin faktlar ümumi qaydada sübut olunmalıdır. Mülki prosessual qanunvericiliyin qeyd olunan bu tələbi ilə bağlı məhkəmə hazırki mülki işin hallarının qarşılıqlı əlaqəsi ilə bağlı bildirir ki, İddiaçı tərəfindən tələb olunan borc pul məbləğinin Cavabdeh2 tərəfindən audio-video yazının müşayəti ilə keçirilən məhkəmə iclasında izahat verdiyi zaman etiraf etməsi məhkəmə tərəfindən iddia tələbinin təmin olunması zamanı nəzərə alınmalı hal kimi qiymətləndirilməlidir. Cavabdehin borcun etirafı ilə bağlı onun məhkəmə tərəfindən nəzərə alınmasını istisna edən və MPM-in 106.4 maddəsində nəzərdə tutulan hallar məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 33.30 (otuz üç manat otuz qəpik) manat məhkəmə xərci cavabdehlərə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək belə qənaətə gəlir ki, İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 arasında şifahi qaydada borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinin predmeti 3000 manatdan aşağı məbləğ, yəni 2000 manat pul məbləği təşkil etdiyindən sözügedən müqavilə etibarlı hesab olunmalıdır. Cavabdehlər tərəfindən alınan borc məbləğindən ödənilmiş və iddiaçı tərəfindən təsdiq olunan 670 manat məbləğ işin mübahisəsiz hal kimi iddia tələbi təmin olunan zaman məhkəmə tərəfindən nəzərə alınmalıdır. Müqavilə üzrə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa borcludurlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1330 (bir min üç yüz otuz) manat pul və ödənilmiş 33.30 (otuz üç manat otuz qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 1330 ((bir min üç yüz otuz) manat pul və ödənilmiş 33.30 (otuz üç manat otuz qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə 1363.30 (bir min üç yüz altmış üç manat otuz qəpik) manat məbləğin tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-1842/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1842/2025
14.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver