Məhkəmə qərarları › İş №2(057)-1871/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1871/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1871/2024 24.09.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh oğluna qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh oğlundan avtoqəza nəticəsində dəyən ona məxsus **-BX-*** dövlət qeydiyyat nişanlı VAZ 21074 markalı avtomaşına dəyən 5800 manat maddi ziyanın və 78 manat ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 2015-ci il tarixdə idarə etmək məqsədi ilə VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil almışdır.Həmin avtomobil ilə Salyan şəhəri ərazisində taksilik fəailiyyəti ilə məşğul olur. Lakin ara-bir həmin avtomoibli oğlu X3 da idarə edir. Oğlunun həmin avtomobili idarə etmək üçün bütün sənədləri qaydasında olmuşdur. Oğlu 07 iyun 2024-cü il tarixdə saat 19 radələrində həmin avtomobilə əyləşib yaşadığı evin qarşısına çıxmışdır. Bu zaman oğlu Ceyhunun orada dayandığını görüb avtomobili Ceyhunun yanında saxlamışdır. Ceyhun onunla salamlaşdıqdan sonra oğlu ilə gedib birlikdə pivə içməyi təklif etmişdir. Oğlu da problem olmadığını demişdir. Ceyhun oğlunun idarə etdiyi avtomobilin qabaq sağ oturacağında əyləşmişdir. Onlar yaxınlıqda olan marketdən 4 ədəd spirtli içki olan “Go” pivəsi almışlar. Sonra isə yaxınlıqda olan parka getmişlər. Avtomobildən yerə düşmüş və həmin pivələri içməyə başlamışlar. Təxminən 3 saat kimi onlar birlikdə parkda əyləşmişlər. Sonra isə yenidən yaşadıqları evə qayıtmaq məqsədi ilə avtomobilə tərəf getmişlər. Bu zaman Ceyhun oğluna uzun müddətdir ki, avtomobil sürmədiyini və bir az avtomobili sürmək istədiyini demişdir. Oğlu da problem olmadığını demiş və avtomobilin açarını Ceyhuna vermişdir. Ceyhun avtomobili işə salmışdır. Ceyhun avtomobil ilə Salyan şəhəri 20 yanvar küçəsində hərəkətini davam etdirmişdir. Ceyhun idarə etdiyi ona məxsus VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan şəhəri 20 yanvar küçəsində 60 kmi/saatda hərəkətdə olan zaman idarə etməni itirmişdir. Ceyhun dərhal əyləcə basmışdır. Lakin baş verəcək yol-nəqliyyat hadisəsinin qarşısını ala bilməmişdir. Bu zaman avtomobil yolun kənarında olan qaz turbasına dəymişdir. Avtomobil aşaraq yolun kənarında olan kolluq əraziyə düşmüşdür. Oğlu və Ceyhun xəsarət almışlar. Onlar dərhal avtomobildən yerə düşmüşlər. Ətrafda olan tanımadıqları şəxslər onlara köməklik etməyə başlamışlar. Biraz keçdikdən sonra Salyan RPŞ-nin polis əməkdaşları hadisə olan yerə gəlmişlər. Sonra isə oğlu Ceyhun ilə birlikdə Salyan RMX-na getmişlər. Orada onlara ilkin tibbi yardım göstərilmişdir. Əlavə olaraq Ceyhun oğlunun etibarnamə əsasında idarə etdiyi VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün heç bir sənədi olmamışdır. Nəticədə avtomobilə 5800 manat məbləğində ziyan dəymişdir. Bu fakt İnam 93 İstehsal kommersiya kiçik müəssisəsinin verdiyi ziyan aktında da öz əksini tapmışdır. Cavabdeh ona heç bir maddi cəhətdən köməklik etməmişdir. Odur ki, onun xeyrinə maddi ziyanın ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü ildə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona olan borcundan 1500 manat ödədiyini və qalan borcunun ödənilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qismən qəbul edərək bildirmişdir ki, maddi vəziyyəti yaxşı deyil, bu səbəbdən borcunu ödəyə bilməmişdir. Borcundan məhkəmə prosesi ərzində 1500 manat ödəmiş, geri qalanını isə hissə-hissə ödəyəcəkdir. Odur ki, iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Sürücülük vəsiqəsinin surətindən görünür ki, İddiaçı B1, B, C1, C kateqoriyaları nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. AC 417950 nömrəli, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı VAZ 21074 minik markalı **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibidir. 27 iyun 2024-cü il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi barədə” qərardan görünür ki, Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsiundə cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 78 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, İddiaçı olan borcunu etiraf etmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 22 radələrində Salyan şəhəri 20 yanvar küçəsi ev 61-də yaşayan Cavabdeh Salyan şəhəri 20 yanvar küçəsi dalan 17, ev 27-də yaşayan X1 etibarnamə əsasında idarə etdiyi VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək məqsədi ilə ondan alaraq Salyan şəhəri 20 yanvar küçəsində hərəkətdə olan zaman idarə etməni itirməsi nəticəsində avtomobilin yolun hərəkət hissəsindən kənarda olan kolluq əraziyə düşmüş, nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, “İnam-93” kiçik müəssisəsi avtoservisinin müdiri Mehdi Əhmədovun 10 iyun 2024-cü il tarixli 97 nömrəli məktubunda VAZ 21074 markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyan 5800 manat məbləğində olmuşdur. Bununla da, Cavabdeh tərəfindən İddiaçı ümumilikdə 5800 manat məbləğində maddi ziyan vurulmuşdur. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, qanunvericiliyin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 57,80 manatı cavabdehə aid edilməli və ondan iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4300 manat məbləğində pul və 57,80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 4300 manat məbləğində pul və 57,80 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar