Məhkəmə qərarları › İş №2(057)-1890/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1890/2025

01.09.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1890/2025 01.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində müvafiq inzibati orqanlara ünvanlanmış şikayət ərizəsindən görünür ki, O, ünvan 1 ünvanında yaşayır. Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən mağazada qızıl alveri ilə məşğul olur. Salyan rayonu, Seyidsadıqlı kənd sakini Cavabdeh Kazım oğlu ondan 16690 manat dəyərində nisyə qızılzinyət əşyaları götürmüşdür. Salyan rayonu, Seyidsadıqlı kənd sakini Məmmədov X4 rayon X5 İdarəsində işləyir. Borcunu hissə-hissə qaytaracağına söz vermiş, borcundan 3620 manat vermişdir. Qızıl- zinət əşyalarını verməsinin üstündən xeyli müddət keçməsinə baxmayaraq qalan borcunu qaytarmamışdır. Dəfələrlə ona borclu qaldığı pulları tələb etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə boyun qaçırdır və yaxın zamanda qaytaracağını bildirir. Hazırda Cavabdeh Kazım oğlu telefon zənglərinə belə cavab vermir. Daha sonra o, məcbur olub Salyan rayon Mühafizə İdarəsinin rəisinin qəbuluna getmişdir. Rəisin göstərişindən sonra Cavabdeh Kazım oğlu borcundan əlavə olaraq 1100 manat ödəmişdir. Lakin yenədə qalan borcunu ödəmir və telefon zənglərinə cavab vermir. Məmmədov X1 borcundan 4720 manat ödəmişdir. Onun hal-hazırda 11970 manat borcu qalmışdır. Bütün göstərdiklərini nəzərə alaraq, Salyan rayon Polis serjantı Cavabdeh Kazım oğlu barəsində qanunauyğun tədbir görülməsini, ümumilikdə 11970 manat pulun ona qaytarılmasına köməklik göstərilməsini xahiş etmişdir.

2. Salyan Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli sorğusuna əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən xx.xx.2025ci il tarixli cavab olaraq vətəndaş İddiaçı ərizəsi əsasında DİN-nin Baş Mühafizə İdarəsinin Salyan RMŞ-nin polis nəfəri Cavabdeh intizam tənbehinə cəlb edilməsi barəsində toplanmış materiallardan görünür ki: - xx.xx.2025-ci il tarixində İddiaçı tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisinə izahatla bildirmişdir ki, Cavabdeh tərəfindən ondan 16690 manat dəyərində qızıl-zinət əşyaları almış, hissə-hissə 3620 manat ödəniş etmiş və həmin məbləğdən 13070 manat məbləğində borcu qalmışdır. Dəfələrlə ona borcunu ödməsi barədə xahişlər etsə də, Cavabdeh tərəfindən ödənişlərin edilməsindən boyun qaçırılmışdır. Cavabdeh hazırda X6 Şöbəsində polis nəfəri, polis serjantı olaraq çalışır. Borc məbləğinə münasibətdə onun çalışdığı Şöbənin rəisinin qəbuluna getmiş və bundan sonra Cavabdeh tərəfindən 1100 manat məbləğində ödəniş olunmuşdur. Hazırda polis nəfəri Cavabdeh ona ödənilməyən 11970 manat məbləğində borcu qalmışdır. Həmin pul məbləğinin ödənilməsi üçün ona müvafiq köməklik göstərilməsini xahiş etmişdir. - xx.xx.2025-ci il tarixində Cavabdeh tərəfindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisinə izahatla bildirmişdir ki, İddiaçı onun barəsində DİN-nin rəhbərliyinə etdiyi müraciətlə tanış olmuşdur və cavab olaraq bildirmişdir ki, təxminən 2017-2018-ci il tarixlərində yaxın qohumları üçün İddiaçı nisyə şəkildə qızıl-zinət əşyalarının alınması üçün vasitəçilik etmişdir. Müəyyən müddət ödənişlər edilsə də, sonradan ödənişlər müəyyən səbəbdən olunmamış və o, İddiaçı qarşısında pis vəziyyətdə qalmışdır. Həmin günə qədər 4720 manat məbləğində ödənişlər onun tərəfindən yerinə yetirilmişdir. Maddi imkanında olan çətinliklər səbəbindən hazırda həmin borcu ödəyə bilmir. - xx.xx.2024-cü il tarixli İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlıya ünvanladığı ərizədə görünür ki, o Daxili İşlər Nazirliyinin rəhbərliyinə yazılı şəkildə müraciət edərək Salyan Rayon Mühafizə Şöbəsinin polis nəfəri, polis serjantı Cavabdeh şikayət edərək bildirmişdir ki, ondan qızılzinət əşyaları götürərək pulunu tam ödəməməsi barədə şikayət etmişdir. Sizə və Baş Mühafizə İdarəsinin əməkdaşlarına minnətdardır ki, müraciəti tez bir zamanda araşdırılaraq həllini tapmışdır. (mənə olan borc tamamilə ödənilib). Odur ki, yazıb bildirir ki, müvafiq tədbir görülərək ona olan borc ödənildiyindən onun polis serjantı Cavabdeh heç bir şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaq. Odur ki, xahiş edir təkrar müraciəti nəzərə alınsın. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli Əmrdən görünür ki, 1. «DİO əməkdaşlarının etik davranış Kodeksinin» 1, 2, 13, 20 ve 22-ci maddələrinin və «İntizam Nizamnaməsinin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalı, eləcə də icrasının mümkün olmayacağını qabaqcadan bilməli olduğu öhdəliyi üzərinə götürməməli, üzərinə götürdüyü öhdəlikləri müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməli olduğu halda buna əməl etmədiyinə görə X6 Şöbəsinin polis nəfəri, polis serjantı Cavabdeh DİO-da xidmətdən xaric olunmağa layiq olsa da, araşdırma müddətində səhvini səmimi etiraf etməsi və vətəndaş 1.İddiaçı şikayətinin olmaması barədə etdiyi təkrar müraciəti nəzərə alınmaqla «Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin 114-cü maddəsinin 4-cü bəndinə əsasən «xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq» elan edilsin. 2. Salyan RMŞ-nin rəhbərliyindən (S.Abbasov) tabelikdəki əməkdaşların xidmətdə olduqları və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam-intizam və etik davranış qaydalarına, DİN-in və BMİ-nin aidiyyəti əmr eləcə də, göstərişlərinin tələblərinə ciddi riayət etmələrinə nəzarətin artırılması polisin nüfuzuna və daxili işlər orqanları əməkdaşlarının adına xələl gətirən neqativ halların qarşısının alınması üçün kəsərli tədbirlərin görülməsi tələb olunsun. 3. Əmr Respublika Mühafizə Hissələrində elan olunsun.

3. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsi tərəfindən ünvan 2 ünvanında yaşayan İddiaçı təkrar müraciətinə dair xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, DİN-in Baş Mühafizə İdarəsinin X6 Şöbəsinin polis nəfəri, polis serjantı Cavabdeh 2017-ci ildən 2018-ci ilədək müddətdə nisyə şəklində Sizdən aldığı müxtəlif qızıl-zinət əşyarının pulunun bir qismini ödəməsi, lakin qalan məbləği bu günə kimi ödəməməsi barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə ünvanladığınız müraciətinizə Baş Mühafizə İdarəsində baxılmışdır. Həmçinin Siz araşdırma müddətində xx.xx.2024-cü il tarixdə BMİ-nin rəhbərliyinə təkrar müraciət edərək, qeyd etdiyiniz məbləği polis əməkdaşının tamamilə ödədiyini və ondan şikayətinizin olmadığını bildirmisiniz. Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz xüsusatlar tərəfimizdən araşdırılmış və Baş Mühafizə İdarəsinin müvafiq əmri ilə X6 Şöbəsinin polis nəfəri, polis serjantı Cavabdeh intizam tənbehinə cəlb edilmişdir.

4. İddiaçı tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli Xəbərdarlıqdan görünür ki, Cavabdeh ona olan 11970 manat pul məbləğində borcunun 10 gün müddətində ödənilməsini tələb etmiş, müəyyən olunmuş müddət ərzində ödəniş etməyəcəyi təqdirdə müvafiq olaraq inzibati orqanlara müraciət edəcəyini bildirmişdir.

5. Mülki iş üzrə Cavabdeh tərəfindən məhkəmyə ünvanlanmış ərizədən görünür ki, onun cavabdeh olduğu və məhkəmənin icraatında olan mülki iş üzrə keçiriləcək məhkəmə xx.xx.2025-ci il saat 10:00-a təyin olmuşdur. İşi ilə əlaqədar olaraq

a) iddia tələbi

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11970 manat pulun və 126 manat ödənilmiş dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddianın əsaslarına görə, hal-hazırda ünvan 3 ünvanda yaşayır. Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən mağazada qızıl alveri ilə məşğul olur. Salyan rayonu, Seyidsadıqlı kənd sakini Cavabdeh ondan 16690 manat dəyərində nisyə qızıl-zinyət əşyaları götürmüşdür. Salyan rayonu, Seyidsadıqlı kənd sakini Cavabdeh Salyan rayon X7 İdarəsində işləyir. Borcunu hissə-hissə qaytaracağına söz vermiş, borcundan 3620 manat vermişdir. Qızıl- zinət əşyalarını verməsinin üstündən xeyli müddət keçməsinə baxmayaraq qalan borcunu qaytarmamışdır. Dəfələrlə ona borclu qaldığı pulları tələb etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə boyun qaçırdır və yaxın zamanda qaytaracağını bildirir. Hazırda Cavabdeh telefon zənglərinə belə cavab vermir. Daha sonra o, məcbur olub Salyan rayon Mühafizə İdarəsinin rəisinin qəbuluna getmişdir. Rəisin göstərişindən sonra Cavabdeh borcundan əlavə olaraq 1100 manat ödəmişdir. Lakin yenədə qalan borcunu ödəmir və telefon zənglərinə cavab vermir. Cavabdeh ümumilikdə borcundan 4720 manat ödəmişdir. Onun hal-hazırda 11970 manat borcu qalmışdır. Dəfələrlə ona borclu olduğu pulları tələb etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə boyun qaçırdır və yaxın zamanda qaytaracağını bildirir. Cavabdeh telefon zənglərinə belə cavab vermədiyi üçün o, məcbur olub onun barəsində Daxili İşlər Nazirliyinə və Salyan rayon Polis Şöbəsinə şikayət etmişdir. Salyan Rayon Polis Şöbəsində ona cavabdeh barəsində Salyan Rayon Məhkəməsinə müraciət etməsi tövsiyə olunmuşdur. Ona görə də, məcbur olub məhkəmədə iddia qaldırmışdır.

a) iddiaya etiraz

8. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı iddiasına etiraz yoxdur.

b) məhkəmə icraat iştiakçılarının izahatları

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh tərəf keçirilən məhkəmə iclasında iştirak etməmişdir.

10. Azərbaycan Respunlikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.

11. Məhkəmənin məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək, bildirmişdir ki, Cavabdeh ümumi dəyəri 16690 manat məbləğində qızıl-zinət əşyalarını hissə-hissə ödəmək şərtilə almışdır. Həmin borcdan 4720 manat məbləğində borcu qaytarmış, lakin 11970 manat ödənilməyən borcu qalmışdır. Pulun ödənilməsi üçün mümkün vasitələrdən istifadə etməsinə baxmayaraq Cavabdeh tərəfindən borcu bugünədək qaytarılmamışdır. Həmçinin bildirmişdir ki, Cavabdeh polis nəfəri kimi çalışdığı Salyan Rayon Mühafizə Şöbəsinə və Azərbaycan Respunlikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ərizə ilə müvafiq müraciətlər etmişdir. Cavabdeh tərəfindən borcun ödənilməsi ilə bağlı müxtəlif vədlər verilməsinə baxmayaraq, ona olan borcu vaxtında qaytarılmamışdır. Məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

12. Məhkəmə iclasında şahid qismində iştirak edən Şahid izahatında bildirmişdir ki, daha əvvəllər Salyan RPŞ-də polis əməkdaşı kimi çalışdığından hazırki mülki iş üzrə həm iddiaçı, həm də cavabdeh tərəf ilə tanışlıqları var. Hazırki mülki iş üzrə Cavabdeh anası təxminən 2024-cü ilin oktyabr aylarında ona yaxınlaşaraq xahiş etmişdir ki, oğlu - Cavabdeh Salyan şəhərində qızıl-zinət satışı ilə məşğul olan İddiaçı nisyə aldığı qızıl-zinət əşyalarına münasibətdə xeyli borcu vardır. Oğlunun maddi vəziyyətində olan sıxıntı ilə əlaqədar olaraq, həmin borc vaxtında geri qaytarılmamışdır. Bu səbəbdən İddiaçı Cavabdeh işlədiyi Salyan Rayon Mühafizə Şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ərizə ilə müraciətlər etmişdir. Oğlu barəsində müvafiq araşdırma aparılır. Oğlunun işdən çıxarılması və intizam tənbehi olma təhlükəsi olduğundan İddiaçıla danışıb, ondan həmin məzmunda olan ərizəsinin geri götürməsini və onlara müəyyən müddət vaxt verməsini xahiş etməsini ondan istəmişdir. O, İddiaçı ilə dostluq münasibətləri yaxşı olduğundan və Cavabdeh anasının xahişinə münasibətdə gedib İlqardan ərizəsini geri götürməsini və ya Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə borcun tam ödənilməsi barədə müvafiq ərizə yazmağını xahiş etmişdir. İddiaçı onun bu xahişini nəzərə alaraq yenidən Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə ərizə ilə müraciət edərək, Cavabdeh tərəfindən müvafiq borcun tam olaraq ödənildiyini bildirmişdir. Halbuki həmin ərizədə qeyd olunan borc məbləği Cavabdeh tərəfindən bugünədək ödənilməmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

329.1-ci maddəsinə əsasən, əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. 329.2-ci maddəsinə əsasən, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 329.3-ci maddəsinə əsasən, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2-ci maddəsinə əsasən, öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 568.1-ci maddəsinə əsasən, satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 569.1-ci maddəsinə əsasən, satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 577.1-ci maddəsinə əsasən, alıcıya verilməli əşyaların miqdarı alğı-satqı müqaviləsində müvafiq ölçmə vahidləri ilə və ya pulla ifadə olunur. Əşyaların miqdarı haqqında şərt müqavilədə onun müəyyənləşdirilməsi qaydasının təyin edilməsi yolu ilə razılaşdırıla bilər. 596.1-ci maddəsinə əsasən, alıcı ona verilən əşyanı qəbul etməyə borcludur, amma onun əşyanı dəyişdirməyi tələb etməyə və ya alğı-satqı müqaviləsinin icrasından imtina etməyə ixtiyarı çatdığı hallar istisna təşkil edir. 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.4-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı : “Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.” Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir”

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.2-ci maddəsinə əsasən, digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 106.3-ci maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi tam təmin olunduğundan iddiaçı tərəfindən ödənilmiş 126 manat dövlət rüsumunun əvəzi cavabdehə aid edilməlidir. Maddə 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

Məhkəmə baxışının hədləri

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

16. Məhkəmə qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər.

17. Məhkəmə iddiaçı və cavabdehin mövqeyini nəzərə almaqla, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir.

18. Məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, iddiaçı ilə cavabdeh arasında nisyə alqı-satqı müqaviləsi bağlanmışdır. Tərəflər müqavilənin mühüm şərtləri barədə razılığa gəlmişlər və bununla da tərəflər arasında etibarlılıq şərtlərinə cavab verən müqavilə münasibətlərinin mövcudluğu mübahisəsiz haldır. Hazırda da iddiaçının tələb hüququnun əsasında tərəflər arasında mövcud olan şifahi müqavilədən irəli gələn tələb hüququdur. Mülki Məcələnin şifahi müqavilə ilə bağlı tələbindən çıxış edərək, məhkəmə qeyd edir ki, şifahi müqavilənin əsas tələbi iradə ifadəsinin tərəflərin davranışları və ya hərəkətləri ilə vəhdət təşkil etməsidir. Hazırda da tərəflər arasında şifahi müqavilə bağlanması iddiaçının qızıl-zinət əşyalarını cavabdehə verməsində ifadə olunan davranışı və cavabdehin isə həmin malları qəbul etməsi ilə məhz həmin qeyd olunan müqaviləyə görə tərəflər arasında 16690 manat məbləğində nisyə alqı-satqı münasibətləri mövcud olmuş və alıcı tərəf götürdüklərini hissə-hissə olmaqla ödəməyi öz üzərinə götürmüşdür. Mülki iş üzrə İddiaçı satıcı olaraq öz üzərinə götürdüyü öhdəlikləri tam icra etmiş və qızılzinət əşyalarını alıcı qismində iştirak edən hazırki mülki iş üzrə cavabdeh olan Cavabdeh təhvil vermişdir. Alıcı qızıl-zinət əşyalarını qəbul etmiş və əşyaları qəbul etməsi faktını onun barəsindən AR DİN Baş Mühafizə İdarəsi tərəfindən aparılan araşdırma zamanı təsdiq etmiş və məhkəməyə ünvanladığı ərizədə də iddia tələbinə etiraz olmadığını bildirmişdir. Hazırki mülki mübahisənin yaranmasına və məhkəmədə mülki iş olaraq baxılmasına səbəb Cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməməsidir. Nəticədə onun İddiaçı ümumilikdə 11970 manat məbləğində borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı keçirilən məhkəmə iclaslarında iştirak edən tərəflər arasında nisyə alqı-satqı müqaviləsi üzrə əşyaların verilibverilməməsi ilə bağlı və tələb olunan iddianın məbləği barədə mübahisə olmamışdır və bu hal məhkəmə tərəfindən işin mübahisəsiz hal kimi qiymətləndirilməlidir. Məhkəmə həmçinin İddiaçı müraciəti əsasında AR DİN Baş Mühafizə İdarəsi tərəfindən aparılan araşdırma ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, İddiaçı xx.xx.2024-cü il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi Nurullah Məmmədxanlıya ünvanladığı ərizədə borcun ona tamamilə ödənildiyini bildirərək, Cavabdeh qarşı heç bir şikayət və tələbinin olmamasını qeyd etsə də, xx.xx.2025-ci il tarixli Xəbərdarlıq məktubu ilə hazırki iddia tələbində tələb etdiyi 11970 manat pulun ödənilməsini tələb etməsi hazırki mülki iş üzrə Cavabdeh tərəfindən borcun ödənilmədiyinə dəlalət edir. Həmçinin məhkəmə araşdırması zamanı məhkəmə iclasında şahid qismində iştirak etmiş X3 da bildirmişdir ki, Cavabdeh anasının xahişi ilə o, İddiaçı borcun tam ödənildiyi məzmunda ərizə ilə yenidən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinə müraciət etməsini xahiş etmişdir. İddiaçı həm Şahid həm də, cavabdehin anasının xahişi ilə Cavabdeh polis orqanlarında olan işində problem yaranmasın deyə həmin məzmunda ərizə ilə yenidən müraciət etmişdir. Hazırki mülki işin araşdırması zamanı Cavabdeh tərəfindən tələb olunan iddia tələbində qeyd olunan məbləğlə bağlı məhkəməyə ünvanladığı müvafiq ərizəsində hər hansı etirazının olmaması onun cavabdeh İddiaçı 11970 manat məbləğində borcunun hazırda da mövcudluğunu sübut edir.

19. Məhkəmənin işdəki tədqiq edilmiş sübutlarla kifayətlənməsi qanuni və əsaslıdır.

20. Məhkəmənin mülki prosesdə arbitr rolunda iştirak etməsi nəzərə alınmaqla, prosessual tərəflərin (iddiaçı, cavabdeh və s.) hər hansı birinin lehinə və ya əleyhinə öz təşəbbüsü ilə sübutlar toplaması qanunvericiliyin prinsiplərinə zidd olmaqla yolverilməzdir.

21. Odur ki, mövcud iqtisadi şərtlər nəzərə alınmaqla müqavilə üzrə tərəflər öz üzərinə götürdükləri öhdəlikləri lazımınca icra etməyə borcludurlar. Bu səbəbdən, iddia tələbi təmin edilməli, Cavabdeh 11970 (on bir min doqquz yüz yetmiş) manat pul və ödənilmiş 136 (bir yüz iyirmi altı) manat dövlət rüsumu, 12096 (on iki min doxsan altı) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir.

22. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 11970 (on bir min doqquz yetmiş) manat pul və ödənilmiş 126 (bir yüz iyirmi altı) manat dövlət rüsumunun əvəzi olaraq, ümumilikdə 12096 (on iki min doxsan altı) manat məbləğində pul məbləği tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar