Məhkəmə qərarları › İş №2(057)-190/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-190/2023

20.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-190/2023 20.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X4 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə kredit borcunun, gecikdirilmiş müddət ərzində faiz məbləğinin və məhkəmə xərclərinin tututlması tələbi barədə mülki işə 20 fevral 2023-cü ildə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı nümayəndəsi, vəkil X2 rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 13 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 9500 manat, gecikdirilmiş vaxt üçün 118,38 manat, hüquqi yardıma görə çəkilmiş 220 manat və ödənilmiş dövlət rüsumu əvəzində 116,19 manat olmaqla cəmi 9954,57 manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi, vəkil X2 rayon məhkəməsinə verdiyi iddia ərizəsini onunla əsalandırmışdır ki, İddiaçı ilə Cavabdeh arasında Bakı Şəhəri 51 saylı Notariat Ofisinin Xüsusi X1 tərəfindən 3M-2058 reyestr nömrəsi ilə təsdiq edilmiş, 13 avqust 2022-ci il tarixli “Kredit müqaviləsi"nin 1-ci bəndinə əsasən “Borc verən” yəni İddiaçı “Borc alan”a yəni Cavabdeh 9.500,00 manat məbləğində notariusun depozit hesabı vasitəsilə borc vermişdir. Həmin “Kredit müqaviləsi"nin 2-ci bəndinə əsasən “Borc alan” krediti aylıq 3.167,00 manat, sonuncu ay isə 3.166,00 manat olmaq şərti ilə 13 noyabr 2022-ci il tarixinədək “Borc verən"ə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh müqavilə üzrə üzərinə düşən aylıq ödənişləri ödəmir, bununla da cavabdeh müqavilə üzrə götürmüş olduğu öhdəliklərini müxtəlif bəhanələr gətirməklə icra etməkdən boyun qaçırır. Bu səbəbdən İddiaçı məcbur qalıb pozulmuş hüquqlarının bərpa edilməsi məqsədi ilə məhkəməyə müraciət etmişdir. Hal-hazırda cavabdehin iddiaçıya olan borcu 9.500 manat təşkil edir. Cavabdeh müqavilə üzrə üzərinə düşən aylıq ödənilməli olan ödənişlərini vaxtında icra etməməsi səbəbindən gecikdirilmiş müddət ərzində 13 sentyabr 2022-ci il tarixədək aylıq ödənilməli 3.167,00 manat olan məbləğ üzrə faiz 52,80 manat,13 oktyabr 2022-ci il tarixədək aylıq ödənilməli 39,20 manat, 13 noyabr 2022-ci il tarixədək aylıq ödənilməli 26,38 manat ümumilikdə 118,38 manat faiz borcu (5 faiz ilə hesablanmaqla) təşkil edir. İddiaçı tərəfindən məhkəməyə iddia verilərkən qanunvericiliyin tələblərinə uyğun olaraq 116,19 manat dövlət rüsumu və vəkilə hüquqi yardım göstərdiyinə görə 220 manat məbləğində vəsait ödənilmişdir. Göstərilənlərə əsasən Cavabdeh 13 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 9500 manat, gecikdirilmiş vaxt üçün 118,38 manat, hüquqi yardıma görə çəkilmiş 220 manat və ödənilmiş dövlət rüsumu əvəzində 116,19 manat olmaqla cəmi 9954,57 manat pulun alınaraq İddiaçı ödənilməsi baədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi, vəkil X2 məhkəməyə ünvanladığı ərizəsində işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, o, məhkəmə iclasına gəlməmiş və xx.xx.2023-cü il tarixdə teleqram ünvanlayaraq səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini qeyd edərək məhkəmə iclasını başqa vaxta keçirilməsini xahiş etmişdir. Məhkəmə onun məhkəmə hazırlıq iclasında da iştirak etməməsini və məhkəmə baxışını gecikdirməyə çalışmasını əsas götürərək belə hesab edir ki, cavabdeh məhkəmə iclasına heç bir əsaslı səbəb olmadan gəlməmiş və gəlməməsinin səbəbləri barədə əsaslı sübut təqdim etməmişdir.Onun teleqramı əsasında işin təxirə salınması qarşı tərəfin hüquqlarını pozur.Həmçinin cavabdeh səhhəti ilə bağlı məhkəməyə gəlməməsinin mümkünsüzlüyü barədə tibbi sənəd təqdim etməmişdir.Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı şəhəri, 51 saylı notariat ofisində təsdiq edilmiş 13 avqust 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 9500 manat borc vermiş və cavabdeh həmin pulu aylıq 3167 manat, sonuncu ay isə 3166 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan bank ödəniş sənədindən görünür ki, İddiaçı hüquqi yardıma görə Bakı şəhəri, 33 saylı Vəkil Bürosuna 220 manat ödəmişdir. Məhkəmə işdə olan materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh iddiaçıdan Bakı şəhəri, 51 saylı notariat ofisində təsdiq edilmiş 13 avqust 2022-ci il tarixli kredit müqaviləsinə əsasən 9500 manat borc almış və aldığı borcu qaytarmamışdır.Cavabdeh iddiaçı qarşısında olan öhdəliyi icra etməmişdir. İddiaçı 118,38 manat faiz borcu tələb etsə də kredit müqaviləsində borcun ödənilməyəcəyi təqdirdə faiz borcu hesablanacağı göstərilməmişdir.Ona görə məhkəmə iddianın həmin hissədə rədd olunmasını məqsədəuyğun hesab edir. İddiaçının hüquqi yardıma görə ödənilmiş 220 manat tələbi ilə bağlı isə məhkəmə qeyd edir ki, vəkilə 220 manat ödənilməsi ilə bağlı konkret hallar və çıxış üçün hesab təqdim olunmadığından, həmin məbləğ ağlabatan məbləğdə, yəni 50 manat pulun Cavabdeh alınaraq İddiaçı ödənilməsi məqsədəuyğundur. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 529.1-ci maddəsində qeyd olunmuşdur ki, borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 529.4. Borcun alınması barədə tərtib edilmiş, faizlərə dair məlumatlar göstərilməmiş sənəd nəzərdə tutur ki, həm faizlər ödənilmişdir, həm də pul öhdəliyinə tamamilə xitam verilir. 529.5. Borc vaxtaşırı, hissə-hissə ödənilərkən onun sonuncu hissəsinin ödənilməsi barədə sənəd, nə qədər ki ayrı hal müəyyənləşdirilməyib, ondan əvvəlki hissənin də ödənildiyini ehtimal etməyə əsas verir. 529.6. Əgər kreditor borc sənədini qaytara bilmirsə, borclu öhdəliyə xitam verildiyi barədə rəsmən təsdiqlənmiş arayış verilməsini tələb edə bilər. 529.7. İcra haqqında kreditorun və ya buna vəkil edilmiş şəxsin tərtib etdiyi sənəddə borcun həcmi və növü, borclunun və ya borcu ödəyən şəxsin adı, icranın vaxtı və yeri haqqında məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 739.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsində qeyd olunmuşdur ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 741-ci maddəsində qeyd olunmuşdur ki, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 121.1-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 121.2. Bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 13 avqust 2022-ci il tarixli kredit müqaviləsi üzrə 9500 manat, hüquqi yardıma görə müdafiəçiyə ödənilən 50 manat və iddia tələbinin təmin olunmuş hissəsinə münasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 115 manat alınaraq İddiaçı ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamə müşavirə otağında kompüterdə hazırlanmışdır. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar