Məhkəmə qərarları › İş №2(057)-1921/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1921/2024

09.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1921/2024 09.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, X1 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan ** BP *** dövlət qeydiyyat nişanlı “Kia Rio” markalı, avtomaşına dəyən 200 manat maddi ziyanın və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ** BP *** dövlət qevdiyyat nişanlı “Kia Rio” markalı avtomaşın ona məxsusdur. 1 ay bundan əvvəl Bakı şəhərinə gedən zaman Salyan rayonu, Ələt-Astara magistralının təxminən 57-ci km-də olan zaman qarşıdan gələn avtomaşın ilə idarə etdiyi avtomaşının güzgüləri bir birinə dəymişdir. Sonradan həmin maşının Salyan şəhər sakini Coşğun adlı şəxsə məxsus olmasını bilmişdir. Bir neçə gün onunla danışsada heç bir razılığa gələ bilməmişdir. Coşğun həmin toqquşma barəsində DİN-in 102 Xidməti Zəngə mərkəzi sisteminə məlumat vermişdir. Bu barədə Salyan RPŞ-nin DYPB-də araşdırılma aparılmışdır. 18 iyun 2024-cü il tarixdə Bakı şəhərinə gedən zaman avtomaşında tək, Salyan şəhərində dayanmışdır. Həmin zaman cavabdeh ona yaxınlaşmış və qırılmış güzgüsünün pulunu istəmişdir. Lakin Coşğuna əhəmiyyət verməmişdir. Bundan sonra maşına minib oradan uzaqlaşmışdır. Cavabdeh özünə məxsus olan avtomaşınla onun arxasınca gəlmiş, Salyan rayonu Bayraq meydanının yaxınlığında onu saxlatdırmışdır. Sonuncu da, avtomaşından aşağı enmiş və həmin zaman cavabdeh ona məxsus olan “Kia Rio” markalı avtomaşının arxa şüşəsini sındırmışdır. Bundan sonra hadisə yerinə Salyan rayon Polis şöbəsinin yol polisi əməkdaşları gəlmiş cavabdeh barəsində inzibati protokol tərtib edərək baxılması üçün Salyan rayon Məhkəməsinə göndərilmişdir. Nəticədə Salyan rayon Məhkəməsinin 12 iyul 2024-cü İl tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsinə ilə təqsirli bilinib, ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə yəni 200 manat miqdarında cərimə inzibati tətbiq edilmişdir. Cavabdeh ona məxsus avtomobilin arxa şüşəsi sındırmış və ona 200 manat ziyan vurmuşdur. Atomaşının arxa şüşəsi yoxdur. Cavabdeh ona heç bir maddi cəhətdən köməklik etməmişdir. Odur ki, dəymiş 200 manat məbləğində maddi ziyanın və ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Salyan rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(057)-655 saylı qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, ona inzibati xəta nəticəsində vurulmuş ziyanın bir misli məbləğdə yəni, 200 (iki yüz) manat miqdarında cərimə inzibati tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh İddiaçı məxsus “Kia Rio” markalı avtomaşının arxa şüşəsini sındırmış, nəticədə mülki hüquq pozuntusu baş verərək “Kia Rio” markalı, ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisinə 200 manat məbləğində maddi ziyan dəymişdir. Ona görə də, iddia təmin olunaraq qeyd olunan məbləğ cavabdehdən alınıb iddiaçıya verilməlidir. Qeyd olunmalıdır ki, mülki hüququn ən vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir. Qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. delikt öhdəliyini səciyyələndirən xüsusiyyətlərdir. Eyni zamanda, delikt öhdəliyi iki subyekt arasında yaranır. Bu zaman bir tərəfdə zərərçəkən şəxs kreditor, digər tərəfdə isə zərərvuran şəxs borclu rolunda çıxış edir. Bu öhdəlik üzrə kreditor ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdirsə, borclu şəxs həmin zərərin əvəzini ödəmək vəzifəsini daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 200 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 200 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar