Məhkəmə qərarları › İş №2(057)-1970/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1970/2025

30.09.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1970/2025 30.09.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadədə maneələrin aradan qaldırılması” tələbinə dair mülki işə Salyan rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı ““mülkiyyətdən istifadədə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Salyan rayonu Xurşud kəndində yerləşən torpaq sahəsinə cavabdeh tərəfindən yaranan maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan rayonu, Xurşud kəndində yerləşən həyətyanı torpaq sahəsi var, hazırda həmin torpaq sahəsi onun mülkiyyətindədir. Həmin torpaq sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şirvan ərazi idarəsi tərəfindən çıxarış verilmiş və həmin torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Cavabdeh onunla qonşuluqda yaşayır, ona məxsus olan torpaq sahəsində hər hansı işlər aparmağına maneələr yaradır. Gah torpaq sahəsini suya basır, gah yolun üstünə ot tayası vurur, gah da üstünə iti qısdırdır. Dəfələrlə cavabdehdən qanunsuz hərəkətlərinə son qoyması tələb etmiş, lakin cavabdeh tərəfindən bu tələbə əməl edilməmişdir. Məcbur olub bir neçə dəfə aidiyyəti qurumlara müraciət etmiş, aidiyyəti üzrə nümayəndələr yaranan maneənin yerində baxış keçirmək istəmiş, lakin cavabdeh tərəfindən torpaq sahəsinə yerində baxış keçirilməsinə şərait yaradılmamış, buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, Cavabdeh Salyan rayonunun Xurşud kəndində onunla qonşuluqda yaşayır. Cavabdeh özünün yaşadığı fərdi yaşayış evinin həyətində ot yığıb saxlamaq üçün tikili düzəltmiş, ot tayasını onun yaşadığı fərdi yaşayış evinin hasarına çox yaxın-təxminən 15-20 santimetr yaxınlığında yığaraq onun üçün təhlükə yaradır. Ot tayası yanacağı halda onların evinin də yanma təhlükəsi vardır, bundan başqa ot tayasının altında siçan və həşəratlar onların həyətinə gələ bilər. Bundan başqa Xurşud kəndinin başqa ərazisində onun ayrıca torpaq sahəsi də var, cavabdeh həmin torpaq sahəsinə gah su axıdır, gah da heyvanlarını oradan keçirərək torpağı tapdalayır, həmin torpaqdan normal şəkildə istifadə etməyinə maneə törədir. Buna görə də cavabdeh tərəfindən yaşadığın evin həyətində tikilmiş ot yığıb saxlamaq üçün nəzərdə tutulmuş tikilinin onun hesabına sökülməsini, həmçinin yuxarıda qeyd etdiyi digər torpaq sahəsinə su axıdılması və heyvanlarının oradan keçməsinin qarşısının alınması haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəfindən verilən suallara cavab olaraq iddiaçı bildirmişdir ki, Xurşud kəndinin digər ərazisində olan torpaq sahəsini hasara almamış, lakin buna baxmayaraq cavabdeh özü heyvanlarına nəzarət edib onun torpaq sahəsindən keçməsinin qarşısını almalıdır. Torpaq sahəsinə suyun axıdılması ilə bağlı verilən suallara cavab olaraq iddiaçı qeyd etmişdir ki, həmin torpaq sahəsinə suyun cavabdeh tərəfindən axıdılmasını təsdiq edən hər hansı bir sübutu yoxdur. İddiaçı həmçinin verilən suallara cavab olaraq cavabdehlə bağlı aralarında olan mübahisənin torpağa mülkiyyətlə bağlı olmadığını, yalnız manələrin aradan qaldırılması ilə bağlı olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsində göstərilmiş digər tələbləri müdafiə etməmiş, yalnız ot yığıb saxlamaq üçün hazırlanmış tikilinin sökülməsini tələb etmiş, həmin tikilinin sökülməsindən sonra aralarında hər hansı bir mübahisənin qalmayacağını bildirmişdir. Kəndin digər ərazisində olan torpaq sahəsinin yaxın vaxtlarda özü tərəfindən hasara-çəpərə alınacağını da qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, İddiaçı məxsus torpaq sahəsinə su buraxmamışdır, bununla bağlı iddiaçının heç bir sübutu yoxdur, o yalnız ehtimallara əsaslanıb belə qənaətə gəlmişdir. Torpaq sahəsinə heyvanların buraxılması ilə əalqədar bildirmişdir ki, həmin torpaq sahəsi açıq ərazidə yerləşir, əgər həmin torpaq sahəsi çəpərə alınsa onun və digər kənd sakinlərinin heyvanları həmin əraziyə daxil olmaz. Ot tayası barədə iddiaçının dediklərinə gəldikdə isə cavabdeh bildirmişdirki, ot yığmaq üçün yaşadığı evin həyətində tikili düzəltmiş, həmin tikili iddiaçının yaşadığı evə iddiaçının qeyd etdiyi kimi 15-20 santimetr deyil, bir neçə metr aralıda yerləşir, onun iddiaçı üçün heç bir təhlükəsi yoxdur. Həyətyanı sahəsi az olduğu üçün heyvanların qışda yemlənməsindən ötrü düzəltiyi tikilini başqa yerdə tikə bilməz, lakin həmin tayanın ətrafını dəmirlə əhatələyə bilər. Bundan başqa bildirmişdir ki, iddiaçı tərəf özü yaşadığı evin divarını aradakı hasarın üzərində inşa etmiş, orada yemək bişirmək üçün yer tikmiş, buna baxmayaraq bir neçə metr aralıda olan ot tayasının oradan sökülüb başqa yerə aparılmasını istəyir. Məhkəmə tərəflərin izahatını dinləyib, işdə olan materialları araşdırıb, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Belə ki: İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; İşdə olan xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Salyan rayonu Xurşud kəndində yerləşən 0.12 ha torpaq sahəsi tam pay hüququ ilə İddiaçı məxsusdur. İşdə olan xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Salyan rayonu Xurşud kəndində yerləşən 0.06 ha torpaq sahəsi tam pay hüququ ilə Salyan rayon Arbatan Bələdiyyəsinə məxsusdur. İşdə olan AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Salyan rayon Arbatan Bələdiyyəsinə məxsus Salyan rayonu Xurşud kəndində yerləşən 0.06 ha torpaq sahəsi X1. Məhkəmə prosesi zamanı cavabdeh həyətyanı sahəsində yerləşən, ot yıxılması üçün tikilmiş çardaxın həmin çardaxla iddiaçının evi araında olan hasarın birlikdə çəkilmiş fotoşəkillərini mobil telefonda təqdim etmiş, həmin fotoşəkillərdən görünür ki, qeyd olunmuş çardax qonşunun hasarından təxminən 1.5 metr aralıda yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ subyekti ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələbinə görə əgər mülkiyyətçi qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinin tələbinə görə qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, cavabdehin həyətyanı sahəsində inşa edilmiş çardax qonşunun-iddiaçı X2 evinin hasarına aralıda yerləşməklə iddiaçının öz həyətyanı sahəsində hər hansı işlərin görülməsinə mane olmur, ona hər hansı bir təhlükə yaratmır. İddiaçının bildirdiyi kimi ot tayasının həmin yerdə və yaxud bir neçə metr aralıda yerləşməsi siçan və yaxud həşəratların qonşunun həyətinə keçməsi baxımından əhəmiyyət kəsb etmir, bu hissədə iddiaçının tələbi tam əsassızdır. Ot tayasının yanacağı halda iddiaçının da evinə zərrə yetirilməsi ilə bağlı iddiaçının dediklərinin də əsası yoxdur, belə ki, iddiaçı özü yaşadığı evin həyətində özünün bildirdiyinə görə yemək bişirmək üçün yeri-aşxananı cavabdehin həyəti ilə onun evi arasında olan hasara tam birləşdirmişdir. Bundan başqa məhkəmə prosesi zamanı cavabdeh bildirmişdir ki, ot yığılması üçün nəzərdə tutulmuş çardaxın ətrafını dəmirlə bağlamağa razıdır, belə olan halda qonşunun fikirləşdiyi kimi heç bir təhlükə ola bilməz, lakin iddiaçı buna da razı olmamış və bununla da cavabdehə qarşı qərəzli davranışını nümayiş etdirməklə həmin tələblə bağlı iddiasının da əsassız olduğunu göstərmişdir. Məhkəmə iddia ərizəsində göstərilmiş digər tələblərlə bağlı qeyd edir ki, məhkəmə prosesi zamanı həmin tələblər iddiaçı tərəfindən müdafiə olunmamış, yalnız ot tayasının yerinin dəyişdirilməsi ilə tələblərinin olduğunu bildirmişdir. Buna görə də həmin tələblərlə bağlı məhkəmə hər hansı bir araşdırma aparmamışdır. Eyni zamanda tərəflər arasında torpaq sahələrinə mülkiyyət hüququ ilə bağlı hər hansı bir mübahisə olmadığından məhkəmə həmin torpaq sahələrinin mülkiyyət hüququ ilə bağlı araşdırma aparılmasını zəruri hesab etməmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq 7 normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanları nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadədə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddiaçı Cavabdeh qarşı “mülkiyyətdən istifadədə maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi təmin edilməsin. 100 manat dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar