Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-1992/2024 10.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehi oğlu Rauf Səfərovun vasitəsilə tanımışdır. Cavabdeh 2023-cü ilin noyabr ayında ondan 6000 manat borca pul istəmiş, o da onları tanıdığı və inandığı üçün gücü çatan 5000 manat məbləğində pul cavabdehə vermişdir. Cavabdeh pulu yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Cavabdeh hazırkı vaxta qədər borcunu qaytarmamışdır. Dəfələrlə ondan pulun alınması ilə bağlı müraciətləri olsada pulunu ala bilməmişdir. Bunu təsdiqləyən, öz xətti ilə yazılmış və imzalamış iltizamı vardır. Ona görə də, Cavabdeh 5000 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək, iddianın təmin olunması barədə qətnamə çıxaarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləşinin 185.5-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan əlyazmadan görünür ki, həqiqətən də, cavabdeh iddiaçıdan 5000 manat pulu borca alaraq, qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 03 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, İddiaçı Cavabdeh 5000 manat borcu geri qaytarmasını xahiş etmiş və əgər 10 gün müddətində borcu geriyə qaytarmadığı halda aidiyyəti üzrə inzibati orqanlara şikayət edəcəyini bildirmişdir. Cavabdeh 23 oktyabr 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, oğlu X1 2021-ci ildən İddiaçı 20 faizlə 2000 manat pul götürmüş və hər ay 400 manat faiz vermişdir. Bir ildən çox bu proses davam etmiş, oğlu götürdüyü 2000 manat faizi bağlamışdır. 2023-cü ildə oğlu Mədinədən yenə 2000 manat götürmüş və onun maaş kartını qoymuşdur. Mədinə hər ay maaş kartından pulun faizi olan 400 manat pulu çıxarmış və 2000 manat pul yerində qalmışdır. 5-6 aydan sonra Mədinə kartı itirdiyi üçün gedib təzə kart sifariş vermişdir. Mədinə yenidən kartı gətirib ona verməsini demiş o da onunla razılaşmışdır. Sonra Mədinə pulun faizlərini verməyi tələb etmiş o da, 2000 manat pulun 10 qatını faizlə qaytardığını bildirmişdir. Mədinə 2000 manat pulu başqasından aldığını, özü də başqasına faiz verdiyini bildirmişdir. Daha sonra Mədinə onun adına 5000 manat pul götürüb, 2000 manat faiz borcunu bağlamağı, qalan 3000 manat pulun özünə qalacağını demişdir. Razı olduqdan sonra oğlu 3-cü qrup əlil olduğu üçün Mədinə oğlunun pensiyasının az olduğunu əsas gətirərək, onun öz adına pul götürməyi təklif etmişdir. Daha sonra Mədinə oğluna onun adından ərizə yazdırmış və ona imza atmağı, vəsiqəsinin üzünü verməsini demişdir. Mədinə oğluna bu ərizə ilə vəsiqənin üzünü pulu götürəcəyi şəxsə verəcəyini və pulu sabah gətirib verəcəyini bildirmişdir. Mədinə oğluna pulu verəndə onun maaş kartını həmin şəxsə təqdim edərək pulu götürəcəyini bildirmişdir. 2-3 gün gözləmiş, lakin Mədinədən xəbər çıxmamışdır. Ərizədə guya pulun götürülməsi yazılmışdır. Mədinədən 5000 manat pul almamışdır. Mədinə ilə bütün danışıqları mövcuddur. İddianı qəbul etmir, göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə baxış keçirilmiş iddiaçı tərəfindən məhkəməyə təqdim olunan bir ədəd CD diskdən aydın olur ki, cavabdeh iddiaçıya borcu olmasını etiraf edərək qaytaracağını bildirmişdir. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 70 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh 2023-cü ilin noyabr ayında iddiaçıdan 6000 manat borca pul istəmiş, o da 5000 manat məbləğində pulu cavabdehə vermişdir. Cavabdeh pulu yaxın vaxtlarda qaytaracağını bildirmişdir. Cavabdeh hazırkı vaxta qədər borcunu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehdən pulun alınması ilə bağlı müraciət etsə də, pulunu ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Maddənin məzmunundan da göründüyü kimi, müqavilənin predmet məbləği üç min manatdan çox olduğu üçün borc müqaviləsi tərəflər arasında yazılı şəkildə bağlanmalı idi. Hazırki halda yazılı şəkildə tərtib edilməyən borc müqaviləsi, xüsusilə yüksək məbləğdə (5000 manat) hüquqi cəhətdən etibarsız hesab edilir. Yazılı müqavilə olmadıqda borc münasibətləri sübut olunmadığı üçün müqavilə öz hüquqi əsasını itirir. Belə ki, Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Odur ki, məhkəmə hesab edir ki, etibarsız müqavilə əsasında bir tərəfin digər tərəfdən aldığı məbləğ əsassız varlanma olaraq qiymətləndirilməlidir. Belə ki, Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, mübahisələndirilən pul məbləğinin iddiaçıya cavabdeh tərəfindən qaytarılmamasının heç bir hüquqi və ya müqavilə əsası olmadığından, cavabdeh yazılı müqavilə olmadığı üçün, borcun hüquqi əsası sübut edilə bilmədiyi üçün əldə etdiyi məbləği əsassız varlanmış şəxs kimi (əsassız varlanma kimi) iddiaçıya qaytarmalıdır. Cavabdeh 30 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmənin hazırlıq iclasında iştirak edərək iddianı qəbul etmədiyini, buna dair sübutları məhkəməyə təqdim edəcəyini, eyni zamanda etiraz ünvanlayaraq iddianın təmin olunmamasını xahiş etsə də, öz etirazını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutları nə etiraza əlavə etməmiş, nə də məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlı olduğu halda məhkəmə iclasında iştirak etməyərək təqdim etməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə bu qənaətə gəlmişdir ki, iddiaçı cavabdehə ümumilikdə 5000 manat məbləğində pul vəsaiti vermiş və cavabdeh həmin məbləği iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, cavabdeh öhdəliyini pozaraq iddiaçıdan aldığı pul vəsaitini ona qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, məhkəmə qeyd edir ki, cavabdeh öz etirazının əsası kimi istinad etdiyi halları sübut etmədiyi üçün iddia təmin edilməli, Cavabdeh 5000 manat pul alınaraq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 70 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 manat pul və ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 manat pul və ödənilmiş 70 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-1992/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-1992/2024
10.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver