Məhkəmə qərarları › İş №2(057)-2134/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2134/2024

29.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2134/2024 29.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 4050 manat məbləğində əsas borcun, 4000 manat həcmində əldən çıxmış faydanın, 102 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 8111 manat məbləğində pulun tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə əvvəllər qiyabi tanışlıqları sonradan isti münasibətə çevirilmişdir. Cavabdeh 20 oktyabr 2023-cü ildə onun evinə gələrək bildirmişdir ki, xəstəsi olduğu üçün pul axtarmaqdan ötrü hər bir tərəfə getmiş, pul tapmadığı üçün yanına gəlmişdir. Eyni zamanda tez bir zamanda pulu qaytaracağını bildirmişdir. Əvvəllcə tərəddüd etsə də, müsəlman qaydalarını nəzərə alıb onun xahişini yerinə yetirmiş və cavabdehdən qəbz imzalamasını istəmişdir. Bundan bir müddət sonra cavabdehdən pulu qaytarmasını istədikdə, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmışdır. Hər dəfə ona vəd versə də, bu günə kimi borcunu qaytarmaq istəmir. Əvvəllər tez-tez onun evinə gələn cavabdeh pulu aldıqdan sonra ondan qaçaraq gizlənir. Təsərrüfatından əldə etdiyi gəlirini cavabdehə verməklə indi onun arxasınca gəzir və cavabdeh pulunu qaytarmır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, cavabdeh Sahib Fərzəliyevlə yaxşı münasibəti olmuşdur. Onu aldatmışdır. Cavabdeh xəstəsi olduğu üçün ondan borc pul istəmişdir. Onu tanıdığı üçün borc olaraq cavabdehə qəbz imzalatdırmaqla 2850 manat vermişdir. Sonradan təkrar olaraq qəbzə imza etdirməklə 1200 manat pul borc vermişdir. Sonradan onu aldatmış və borcunu qaytarmamışdır. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada dəfələrlə məlumat verilməsinə və AZEMİS vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aparatının əməkdaşı cavabdehlə onun istifadəsində olan mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq məhkəmə iclasında iştirak etməsinin zəruri olması ilə bağlı məlumat versə də o, məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: A4 kağızında əlyazma qəbzin üzərində “mən Cavabdeh Salyan rayon, Xalac kənd sakini DQ işləyirəm. Mənim yaxın tanışım Cəlilabad rayonu, Adnalı kənd sakini İddiaçı ilə yaxın münasibətdə olduğum üçün ondan 2850 manat borc pul aldım qəbzi öz xəttimlə özüm yazdım. Mənə heç bir təziq gösrərilmədi” məzmunundadır. A4 kağızında əlyazma qəbzin üzərində “mən Salyan rayon, Xalac kənd sakini Cavabdeh pula ehtiyacım olduğu üçün Cəlilabad rayonu, Adnalı kənd sakini İddiaçı 1200 manat borc pul aldım. İsdədiyi vaxt pulunu qaytaracağam. Qəbzi özüm yazdım. Mənə heç birtəsir-təziq olmadı. Yazımı öz imzamla təsdiq edirəm” məzmunundadır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilkin olaraq 2850 manat məbləğində borc pul vermiş və bu barədə yazılı qəbz almışdır. Sonradan cavabdeh iddiaçıdan yenidən 1200 manat məbləğində borc pul almışdır. Cavabdeh iddiaçıdan borc pul alarkən qəbz yazmışdır. Qəbzlərin məzmunu: “mən Salyan rayon, Xalac kənd sakini Cavabdeh pula ehtiyacım olduğu üçün Cəlilabad rayonu, Adnalı kənd sakini İddiaçı 1200 manat borc pul aldım. İsdədiyi vaxt pulunu qaytaracağam. Qəbzi özüm yazdım. Mənə heç bir təsir-təziq olmadı. Yazımı öz imzamla təsdiq edirəm” məzmunundadır. Cavabdeh həmin pulu iddiaçının istədiyi vaxt qaytaracağına söz vermişdir. 1 ildən artıq vaxt keçməsinə baxmayaraq cavabdeh tərəfindən üzərinə düşən öhdəlik icra olunmamışdır. İddiaçı 4050 manat məbləğində borc pula, 4000 manat məbləğində əldən çıxmış fayda və 61 manat məbləğində dövlət rüsumunun əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin iş materiallarında iddiaçının cavabdehdən 4000 manat həcmində əldən çıxmış faydanı tələb etsədə bu barədə hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Ona görə də, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 449-cu maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Mülki Məcəllənin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məcəllənin 449.3-cü və 449.4-cü maddələrinin müvafiq olaraq “pul vəsaitindən qanunsuz istifadə” və “özgə vəsaitindən istifadə” müddəaları həmin Məcəllənin 449.1-ci maddəsində göstərilmiş halların mövcud olmasını nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarında müəyyən olunmuş hüquqi mövqeyə uyğun olaraq hazırki iş üzrə cavabdehin öhdəliyə əsasən ödəməli olduğu 4050 (dörd min əlli) manatın ödənilməməsinə görə Mülki Məcəllənin 449cu maddəsinə əsasən əlavə mülki məsuliyyətinin yaranması üçün cavabdeh tərəfin həmin pulu özündə saxlamaqla faydalanmasını təsdiq edən hər hansı mötəbər sübutlar yoxdur. Nəzərə almaq lazımdır ki, bu halda, sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq buna dair sübutları təqdim etmək vəzifəsi iddiaçı tərəfin üzərinə düşür. İddiaçı tərəf isə belə bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iddia tələbinin mənəvi zərər kimi 4000 manat pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin hissədə də iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi qismən təmin edildiyindən iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 60.50 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 4050 (dörd min əlli) manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 60.50 (altmış manat əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 4050 (dörd min əlli) manat pul və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 60.50 (altmış manat əlli qəpik) manat olmaqla, cəmi 4110.50 (dörd min yüz on manat əlli qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar