Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2136/2024 12.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5300 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən mağazada qızıl alveri ilə məşğul olur. Salyan rayonu, Sarvan kənd sakini Cavabdeh 2023-cü ildə ondan 6800 manat dəyərində nisyə qızıl-zinət əşyaları götürmüşdür. Borcunu hissə-hissə qaytaracağına söz versə də, borcunu bugünkü günə qədər qaytarmamışdır. Ümumilikdə borcundan 1500 manat qaytarmışdır. Qızıl-zinət əşyalarını verməyinin üstündən xeyli müddət keçməsinə baxmayaraq borcunu qaytarmamışdır. Dəfələrlə borclu qaldığı pulları tələb etməyinə baxmayaraq, müxtəlif bəhanələrlə boyun qaçırdaraq, yaxın zamanda qaytaracağını bildirmişdir. Cavabdeh telefon zənglərinə belə cavab vermədiyi üçün məcbur olub onun barəsində Salyan rayon Polis Şöbəsinə şikayət etmişdir. Cavabdehin Salyan rayon Polis Şöbəsində verdiyi izahatında cəmi 5300 manat borcunun qaldığını etiraf etmişdir. Ona görə də, Cavabdeh 5300 manat məbləğində pulun və ödənilmiş dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş; İddiaçı şikayəti əsasında Salyan RPŞ-də aparılan araşdırma zamanı Cavabdeh xx.xx.2024-cü il tarixdə vermiş olduğu izahatında qeyd etmişdir ki, 2023-cü ilin avqust ayında ümumilikdə 2 dəfə iddiaçıdan dəyəri 6800 manat olan qızıl-zinət əşyaları almışdır. Bu vaxta qədər iddiaçıya 1500 manat pul qaytarmış və 5300 manat borclu qalmışdır. Maddi imkanı olmadığı üçün borcunu qaytara bilməmişdir. xx.xx.2024-cü il tarixli qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 73 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Salyan şəhəri, H.Z.Tağıyev küçəsində yerləşən mağazada qızıl alveri ilə məşğul olur. Cavabdeh 2023-cü ildə ondan 6800 manat dəyərində nisyə qızıl-zinət əşyalarını nisyə götürmüş və borcunu hissə-hissə qaytaracağına söz versə də, borcunu bugünkü günə qədər qaytarmamışdır. Ümumilikdə borcundan 1500 manat qaytarmış, 5300 manat borclu qalmışdır. Məhkəmə, iddiaçının tələbi əsasında cavabdehdən qaytarılmayan qızıl-zinət əşyalarının dəyərinin ödənilməsinə dair iddianı araşdıraraq qeyd edir ki, iddiaçı və cavabdeh arasında nisyə alqı-satqı münasibəti yaranmışdır. İddiaçı cavabdehə müəyyən miqdarda qızıl zinət əşyalarını nisyə (ödənişi sonradan edilməklə) vermişdir. Yazılı müqavilənin bağlanmamasına baxmayaraq, tərəflər arasında yaranmış öhdəlik münasibətləri şifahi razılaşma əsasında formalaşmışdır. Məhkəmə qeyd edir ki, müqavilənin yazılı formada bağlanmaması tərəflər arasında yaranmış öhdəliklərin mövcudluğunu aradan qaldırmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə uyğun olaraq, şifahi razılaşmalar da hüquqi öhdəliklər doğurur və tərəflərin öhdəlikləri sübutlarla təsdiq edilə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Məhkəmə iclasında təqdim edilən sübutlar əsasında (cavabdehin polis şöbəsində verdiyi izahatı) təsdiq olunmuşdur ki, iddiaçı zinət əşyalarını cavabdehə təhvil vermiş, cavabdeh isə öhdəsinə düşən ödənişi etməmişdir. Cavabdehin öz öhdəliyini etiraf etməsi və onun icrasından yayınması məhkəmə tərəfindən qiymətləndirilmişdir. Məhkəmə, eyni zamanda qeyd edir ki, cavabdehin ödəniş etmədən zinət əşyalarını saxlaması əsassız varlanma hesab edilir. Bu hal Mülki Məcəllənin 1093-cü maddəsi ilə tənzimlənir və cavabdeh həmin əmlakın dəyərini iddiaçıya ödəməlidir. Belə ki, Mülki Məcəllənin 1093-cü maddəsinə uyğun olaraq, əsassız varlanma nəticəsində əldə edilən əmlak və ya onun dəyəri qaytarılmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5300 manat pul və ödənilmiş 74 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 5300 manat pul və ödənilmiş 74 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-2136/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2136/2024
12.12.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver