Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2181/2024 25.11.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat olmaqla alimentin artırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 213/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay hər uşağa görə 100 (yüz) manat aliment alınıb ona verilməsi barədə qətnamə çıxarılmışdır. Hazırda həmin vaxtdan 3 il müddət keçmişdir, uşaqlar böyümüşdür və xərcləri kifayət qədər artmışdır, verilən aliment onun xərclərini ödəmir. Qanunvericiliyə əsasən uşaq yaşayış minimumundan az aliment ala bilməz. Azərbaycan Respublikasında 2024-cü il üçün bir uşağın yaşayış yaşayış minimumunun 235 manat olmasını nəzərə alaraq o cavabdehdən alimentin artırılmasını tələb edir. Odur ki, cavabdehdən sabit pul məbləğində olmaqla xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa sabit məbləğdə 235 (iki yüz otuz beş) manat, cəmi 470 (dörd yüz yetmiş) manat olmaqla alimentin artırılmasını istəyir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Abşeron rayonu, Masazır qəsəbəsində kirayədə yaşayır. Mağazada satıcı işləyir, aylıq əmək haqqısı 350 manat təşkil edir. Əlavə iş kimi fərdi evlərdə təmizlik işləri görür. Cavabdehin orta məktəbdə müəllim işləməklə yanaşı, toylarda tamada kimi çıxış etdiyini və təsərrüfatı olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddianı qismən qəbul edir. Orta məktəbdə hərbi rəhbər işləyir, aylıq qazancı 435 manatdır. Hər bir uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment verə bilər. Əvvəllər toylara tamada kimi getmişdir. Bir toy üçün 50 manat almışdır. Müəllim kimi nüfuzuna xələl gətirdiyi üçün artıq toylara tamada kimi getmir. Bəzən yaxın qohumlarının və tanışlarının toyunda şair kimi söz alıb şeir deyir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-213/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ksero surətindən görünür ki, xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşağa görə 100 (yüz) manat olmaqla, cəmi 200 manat miqdarında aliment Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan X2 notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X8 doğulmuşdur. İş materiallarında olan X3 sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞS/MT-028/2024/0628A saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh xx.xx.2024-cü il tarixində keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin tərəflər X3 sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İş materiallarında olan X6 Şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah Salyan Rayon Məhkəməsinin 02 avqust 2021-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Bu barədə X6 akt qeydləri kitabında 2023-cü ilin iyul ayının 13-də 126 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı Biləsuvar rayonu, Nərimankənd kəndində xx.xx.1995-ci il tarixdə doğulmuş və xx.xx.2015-ci il tarixdən Salyan rayonu, Xalac kəndində yaşayır. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bugünədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatı da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması və uşaq üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçının uşaqların saxlanılmasında çətinlik çəkməsi, uşaqların böyüməsi ilə bağlı tələbatlarının artması, uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Salyan Rayon Məhkəməsinin 2(057)-213/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdehdən hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçıya verilməlidir. Məhkəmə iddiaçının cavabdehdən xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tələb etməsi ilə bağlı qeyd edir ki, İddiaçı tələbin həmin həcmdə təmin olunması üçün məhkəməyə kifayət qədər sübut təqdim etməmiş, təqdim olunmuş sübutlar isə həmin tələbin tam həcmdə təmin olunmasına kifayət etməmişdir. Məhkəmə qeyd edir ki, MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 36.80 (otuz altı manat səksən qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-213/2021 saylı, 02 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə hər ay hər uşaq üçün 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 36.80 (otuz altı manat səksən qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-2181/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2181/2024
25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver