Məhkəmə qərarları › İş №2(057)-2231/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2231/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2231/2024 25.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 09 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə 6850.43 manat əsas borc, 532.57 manat faiz borcu və 171.15 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7554.15 manat borcun və ödənilmiş 95.54 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 09 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 17 faizlə 36 ay müddətinə 9500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. 29 avqust 2024-dək Cavabdeh banka 09 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə 6850.43 manat əsas borc, 532.57 manat faiz borcu və 342.3 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7725.3 manat borcu vardır. Cavabdeh 09 fevral 2023 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 342.3 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 171.15 manat məbləğində tələb olunur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq borcu ödəməkdən boyun qaçırmışdır. Odur ki, cavabdehdən iddiaçının xeyrinə 09 fevral 2023-cü il tarixli kredit müqaviləsi üzrə 6850.43 manat əsas borc, 532.57 manat faiz borcu və 171.15 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 7554.15 manat borcun və ödənilmiş 95.54 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 iddia ərizəsində qeyd olunanları bir daha təsdiq edərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sədrlik edənin sualına cavab olaraq, cavabdeh tərəfindən yeni ödənişlərin olduğunu, bu borcun əsas məbləğdən silindiyini, buna görə də hazırda 6679,51 manat əsas borcun qaldığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, lakin məhkəmə hazırlıq iclasında iştirak edən zaman iddianı qəbul etdiyini bildirmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; 09 fevral 2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh illik 17 faiz olmaqla 36 ay müddətinə 9500 manat kredit verilmişdir. 29 avqust 2024-ci il tarixli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh Banka gecikdirilmiş borcunun olması, ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə cavabdehin iddiaçı təşkilata 6850,43 manat əsas, 532.57 manat faiz, 342.30 manat cərimə borcu vardır. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, müqavilə üzrə cavabdehin iddiaçı təşkilata 6679,51 manat əsas, 791,18 manat faiz, 992,45 manat cərimə borcu vardır. xx.xx.2024-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 95,54 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh 09 fevral 2023-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 17 faizlə 36 ay müddətinə 9500 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmışdır. İş üzrə İddiaçı ASC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2023-cü il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda (447.2.1.); öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda (447.2.2.); xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda (447.2.3.). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə, Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2024-cü il tarixdə cavabdehə xəbərdarlıq məktubu göndərərək kredit müqaviləsi üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun cavabdeh tərəfindən qəbul edildiyi xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. Belə olan halda, iddiaçı həmin tarixdən (xx.xx.2024-cü il) gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırda isə iddiaçı xx.xx.2024-cü il tarixə olan əsas və faiz borcunu tələb edir. Məhkəmə iddia tələbinin cərimə pulu hissəsinə münasibətdə isə qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Qeyd edilənləri rəhbər tutmaqla, məhkəmə belə qənaətə gəlir ki, 6679,51 manat məbləğində əsas borca münasibətdə cavabdehdən 342,30 manat məbləğində cərimənin tutulması əsaslı hesab edilə bilməz və yüksək olduğundan azaldılmalıdır. Odur ki, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 341,92 manat cərimə tutulmalıdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 6679,51 manat əsas, 532,57 manat faiz, 341,92 manat cərimə borcu olmaqla, cəmi 7554 manat və 95.54 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 6679,51 manat əsas, 532,57 manat faiz, 341,92 manat cərimə borcu olmaqla, cəmi 7554 manat və 95.54 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASCnin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar