Məhkəmə qərarları › İş №2(057)-2281/2025

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-2281/2025

11.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-2281/2025 11.08.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, Cavabdeh Borclu iştirakı ilə, İddiaçı (keçmiş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi) cavabdeh Borclu qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən Etdi: İddiaçı (keçmiş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi) cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, dörd il ərzində borclu qaldığı 1350 yonca kipini və beşinci il üçün 825 yonca kipi ümumilikdə 2175 ədəd yonca kipi formasında və ya 8700 manat pul şəkilində və 107 manat dövlət rüsumunun ümumilikdə 8807 manatın İddiaçınə ödənilməsinə və 5.5 ha torpaq sahəsini kooperativə geri qaytarılmasına qərar verilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı keçmiş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi 2013-cü ildə təsis olunmuş və dövlət qeydiyyatına alınmışdır. Tərəflərindən Borclu ilə xx.xx.2021-ci il tarixdə 5 illik bağlanmış 5.5 hektar icarə müqaviləsində hər il üçün 825 ədəd yonca kipi ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq 3 il 450 ədəd yonca kipi və dördüncü il isə 600 ədəd ümumilikdə 4 il ərzində (3x450+600+1950) 1950 yonca kipi ödəmişdir. Dörd il ərzində 3300 ədəd yonca kipi ödəməli olduğu təqdirdə 1950 yonca kipi ödəyərək 1350 ədəd yonca kipi borclu qalmışdır. 5-ci il üçündə 825 ədəd yonca kipi ilə birlikdə 2175 ədəd borcu yaranmışdır. Yonca kipini vaxtında vermədiyi üçün kooperativ pay haqqı verdiyi üzvlərinə borclu qalmışdır bu da nəticədə kooperativ üzvləri arasında narazılıq yaranır. Yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh kooperativə olan borcunu ödəməkdən imtina edir. Odur ki, məcburiyyət qarşısında qalaraq mövcud işin hüquq müstəvisində həlli üçün məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçınə (keçmiş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi) məlumat verilməsinə baxmayaraq, iddiaçı nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Borclu bildirmişdir ki, 96-cı ildə əkdikləri torpaq sahəsini onlara icarəyə vermişlər və həmin torpaq sahəsindən istifadə nəticəsində əldə olunan məhsulların satışından gəlir əldə edərək, ailəsini saxlayır. Kənd təsərrüfatı təyinatlı VÖEN-i var. Dövlət təminatlı torpaq sahəsidir. Torpağın heç bir sənədi yoxdur. Bağlanılan müqavilədən heç bir xəbəri olmamışdır. Məhkəmə cavabdehin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, “AZEMİS” vasitəsi ilə əldə olunmuş məlumatlardan görünür ki, cavabdeh Borclu (VÖEN **********) vergi ödəyicisi kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qeydiyyata alınmış, fəaliyyət istiqaməti – arpanın becərilməsidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. MPM-in 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı və cavabdeh arasında olan münasibət sahibkarlıq fəaliyyətindən irəli gəlir. Odur ki, hazırki mübahisəyə ümumi məhkəmədə baxılmalı deyildir. MPM-in 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-in 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35 və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Fərdi sahibkar statusuna malik olmayan fiziki şəxslərin iştirakı ilə olan işlərin kommersiya məhkəməsində baxılması imkanını qanunvericilik iki halla məhdudlaşdırmışdır. Birinci hala, mübahisənin xarakterinin sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəldiyi (bu Qərarın 13-cü bəndi) kommersiya hüquqi şəxslərinin korporativ mübahisələrini, ikinci hala isə MPM-in 30-cu maddəsinin tələbləri baxımından onların iştirakı ilə olan mülki mübahisənin digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halı aid etmək olar. Məhkəmə qeyd edir ki, mübahisənin kommersiya mübahisəsi kimi qiymətləndirilməsi üçün 3 əsas şərt lazımdır:

1. Subyektlər (hər ikisi) sahibkarlıq fəaliyyəti ilə məşğul olmalıdırlar.

2. Mübahisənin predmeti sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.

3. Subyektlər arasındakı münasibətlər sahibkarlıq münasibətlərdən əmələ gəlməlidir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hər 3 (üç) şərt birlikdə mövcud olduqda münasibətlər sahibkarlıq münasibətlərindən əmələ gələn münasibət hesab olunur. 1-ci şərtlə bağlı məhkəmə qeyd edir ki, “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən münasibət üzrə müqavilə tərəfi olmuş cavabdeh Borclu fiziki şəxs qismində kommersiya subyekti (fərdi sahibkar) olması (VÖEN **********) müəyyən edilmişdir. Bununla da cavabdeh Borclu münasibətlərin yarandığı vaxt kommersiya subyekti olması müəyyən olunur. Həmçinin iş üzrə İddiaçı (keçmiş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi) kommersiya subyekti olması (VÖEN **********) müəyyən edilmişdir. Deməli, hüquqi qiymətləndirmə üzrə ilk test təsdiqini tapdı. Odur ki, digər 2 (iki) testin yoxlanılmasına hüquqi zərurəti vardır. 2-ci və 3-cü şərtlə bağlı məhkəmə qeyd edir ki, qeyd olunan hər iki şərt birbirilə bağlı olduğundan məhkəmə bu hallara vəhdət şəklində münasibət bildirməyi zəruri hesab edir. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, tərəflər arasında yaranan mülki mübahisənin predmetini tərəflər arasında bağlanmış müqavilədən irəli gələn pul tələbidir. Qeyd olunan tələbin yaranmasına əsas olan tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətləri tənzimləyir. Deməli, hüquqi qiymətləndirmə üzrə digər şərtlərlə bağlı test də öz təsdiqini tapdı. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə tərəflər arasında olan mübahisə tərəflərin sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisə olduğundan mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və MPM-in 35, 44, 45, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı (keçmiş “Qarabağlı, Təzəkənd, Kərimbəyli, Kolanı” İstehsalat Kooperativi) cavabdeh Borclu qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar