Məhkəmə qərarları › İş №2(057)-2368/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2368/2024

19.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2368/2024 19.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Salyan Rayon Məhkəməsinin 2(057)-936/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Salyan rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(057)- 936/2021 saylı qətnaməsi ilə nikahları pozulmuş, uşağın onun himayəsində qalması və yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 100 manat aliment cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Hazırkı vəziyyətdə qeyd olunmuş aliment məbləği uşağın heç bir tələbatının ödənilməsinə kifayət etmir. Müəyyən edilmiş alimetlə uşağı tam sağlam, cəmiyyət üçün yararlı bir vətəndaş kimi böyütmək qeyri mümkündür. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu 2024-cü ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə özü çəkir. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Ona görə də, Salyan Rayon Məhkəməsinin 2(057)-936/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək, verilən alimentin onun xərclərini ödəməyə kifayət etmədiyini bildirərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq cavabdeh tərəfindən 150 manat alimentin ödənilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iddiaçının tələbi ilə qismən razılaşaraq hər ay 150 manat ödəyə biləcəyini bildirərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan Salyan Rayon Məhkəməsinin 2(057)-936/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin olunaraq, tərəflər arasında 14 aprel 2016-cı il tarixdə Salyan rayon QŞ-də rəsmiləşdirilmiş nikah pozulmuş və tərəflərin birgə nikahından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X2 İddiaçı himayəsində saxlanılmış və xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay 100 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. MŞS/MT-028/2024/0653A saylı xx.xx.2024-cü il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə Salyan 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, tərəflər könüllü olaraq nikahın pozulması üçün təşkilata müraciət etmiş, barışığa və ya razılığa gəlmək mümkün olmadığı üçün mediasiya prosesi davam etdirilə bilməmişdir. Cavabdeh məhkəməyə 16 noyabr 2024-cü il tarixdə etiraz ərizəsi ünvanlayaraq iddianı qismən qəbul etdiyini və hər ay 150 manat aliment ödəyə biləcəyini bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcələnin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcələnin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni qərarın 8.7-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqını ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ilin yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə iddiaçının uşağın saxlanılmasında çətinlik çəkməsi, uşağın böyüməsi ilə bağlı tələbatlarının artması və uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumunu da nəzərə alınaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-936/2021 saylı, 13 oktyabr 2021-ci il tarixli saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(057)-936/2021-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılsın. xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 13 oktyabr 2021-ci il tarixli, 2(057)-936/2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar