Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2371/2024 27.12.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Rəhimov Səftər Rəhim oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – İddiaçı və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2009-cu il təvəllüdlü X2 üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq 04 noyabr 2022-ci il tarixli, 2(057)-1574/2022 saylı Salyan Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği sabit pul məbləğində hər ay 300 manat olmaqla artırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 04 noyabr 2022-ci il tarixli Salyan Rayon Məhkəməsinin qətnaməsinə əsasən xx.xx.2005-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(057)-1804/2016 saylı qətnaməsində müəyyın olunmuş alimentin miqdarı artırılmaqla, Cavabdeh hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İndi isə alimentin artırılması üçün iddia ərizəsi vermişdir. Həmin məbləğ çox azdır və uşaqların təminatına çatmır. Hazırda həmin vaxtdan 2 il müddət keçmişdir, uşaqlar böyümüşdür və xərcləri kifayət qədər artmışdır, verilən aliment isə heç yaşayış minimumun yarısı deyildir. Qanunvericiliyə əsasən uşaq yaşayış minimumundan az aliment ala bilməz. Cavabdehdən əvvəlki qətnaməyə əsasən digər övladının 18 yaşına çatmasını nəzərə alsaq və onun üçün təyin edilmiş alimenti çıxsaq 150 manat aliment tutulmasına baxmayaraq uşağının heç bir xərcini ödəmir. Odur ki, o alimentin artırılması tələbi ilə yenidən məhkəməyə müraciət edir ki, bütün bunlar nəzərə alınsın. Çünki uşaq məktəblidir, xərcləri həddindən artıq artmışdır. Belə ki, hər gün məktəbə marşurutla gedib-gəlməsi, uşağın gündəlik yemək və məktəb xərcləri, məktəb ləvazimatı xərcləri, məktəbli forması xərcləri, mövsümə uyğun olaraq üst geyim, alt geyim və ayaqqabı xərcləri, məktəbdənkənar kurslarda iştirak xərcləri, hər günün səhər, günorta və axşam yemək xərcləri hesablansa və bundan əlavə onunda bu xərclərdə eyni ilə şərik olması və bütün günü uşağı ilə məşğul olması, uşağının təhsili, sağlamlığı, tərbiyəsi və bütün təminatı ilə məşğul olmasını hesablasa yaşayış minimumundan qat-qat çox məbləğ edir. Cavabdeh oğlunun ödədiyi aliment pulu hər uşağa görə yaşayış minimuma çatmır və qətnamə qəbul edilərkən mütləq nəzərə alınmalıdır. xx.xx.2005-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatdığı üçün aliment dayandırılmışdır. xx.xx.2005-ci il təvəllüdlü X10 hazırda ali məktəbə daxil olmuş və Bakı şəhərində yerləşən Azərbaycan İqtisad Universitetində təhsil alır. Hazırda Bakı şəhərində kirayədə yaşayır. Onun bütün təminatını güclə çatdırır və artıq bu xərclər çox olduğundan hazırda tələb etdiyi 18 yaşına çatmayan Anaraya münasibətdə xərclərini çatdıra bilmir. xx.xx.2009-cu il təvəllüdlü X11 məktəblidir və bu da onun öz növbəsində xərclərinin artması deməkdir. Bu qeyd olunanların nəzərə alınaraq o cavadehdən mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən xx.xx.2024-cü il tarixdən hesablanaraq sabit pul məbləğində hər ay 300 manat aliment olmaqla artırılmasını məhkəmədən xahiş etmişdir. Təkbaşına uşaqlara baxdığı üçün verilən alimentin az olması uşaqlarının dolanışığı üçün çatmır. Buna görə də, məcburiyyət qarşısında qalaraq alimentin miqdarının artırılması üçün məhkəməyə müraciət edir. X1 apardığı ilkin mediasiya prosesində iştirak etmiş və cavabdeh iştirak etmədiyi üçün X5 iştirak edilməməsi barədə arayış təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, əvvəlki məhkəmə iclaslarında cavabdeh iştirak etməmişdir. İki övladı var, böyük övladı Ali Məktəbdə təhsil alır. İkinci uşağı məktəblidir, hazırlıqlara gedir. “X14” MMC-də (Salyan Tarix-Diyarşünaslıq Muzeyində) xadimə vəzifəsində işləyir. Cavabdeh Bakı şəhərində aşpaz işləyir. İddia ərizəsində alimentin 300 manat məbləğinə artırılmasını xahiş etsə də, 300 manat miqdarında artırılmasa belə ən azından yaşayış minimumu miqdarında, yəni 235 manat sabit pul məbləğində artırılmasını istəyir. Evdən ona pay verilmədiyi üçün komitəyə müraciət etmiş və onun payına düşən hissənin dəyərində pul verilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə və “AZEMİS” vasitəsi ilə “SMS” bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X4 ksero surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X11 doğulmuşdur. İş materiallarında olan X8 Şəhadətnamənin ksero surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 02 oktyabr 2014-cü il tarixdə 110 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunduqdan sonra qadına Orucova soyadı verilmişdir. İş materiallarında olan X5 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixində sessiya keçirilmiş və Cavabdehin iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İş materiallarında olan Salyan Rayon Məhkəməsinin 2(057)-1574/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2005-ci il təvəllüdlü X10 və 22 iyul 2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 17 iyun 2016-cı il tarixli, 2(057)-1804/2016 saylı qətnaməsində müəyyən olunmuş alimentin miqdarı artırılmaqla, Cavabdeh hər ay hər uşağa 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə İddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Məhkəmə hesab edir ki, İddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən bu günədək həyat standartları və istehlak qiymətləri və.s dəyişmişdir. Həmçinin uşaq böyüməkdə davam etməklə onun müvafiq olaraq tələbatı da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qalması və uşaq üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, yalnız minimum təminat səviyyəsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçının uşağın saxlanılmasında çətinlik çəkməsi, uşağın böyüməsi ilə bağlı tələbatlarının artması, uşaq üçün müəyyən edilmiş hazırki yaşayış minimumu da nəzərə alınaraq iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 2(057)-1574/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçıya verilməlidir. Məhkəmə iddiaçının cavabdehdən xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment tələb etməsi ilə bağlı qeyd edir ki, İddiaçı tələbin həmin həcmdə təmin olunması üçün məhkəməyə kifayət qədər sübut təqdim etməmiş, təqdim olunmuş sübutlar isə həmin tələbin tam həcmdə təmin olunmasına kifayət etməmişdir. Məhkəmə alimentin mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən tarixdən tutulması ilə bağlı qeyd edir ki, Mediasiya institutu məhkəmə deyil, məhkəmədənkənar həll üsuludur (barışdırıcı vasitə). Yəni, mediasiya anlayışı hüquqi və faktiki baxımdan məhkəmə anlayışının tərkibinə daxil deyildir. Ona görə də alimentin tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə qeyd edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 30 (otuz manat) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və MPM-in 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 2(057)-1574/2022 saylı, 04 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı dəyişdirilsin. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 (otuz manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət gəlirinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-2371/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2371/2024
27.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver