Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-24/2025 23.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun etibarnamə üzrə nümayəndəsi X2 oğlunun iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu (bundan sonra - iddiaçı və ya Bank) cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 ödənilməmiş 2131.22 manat əsas, 1268.41 manat faiz, 1225.02 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 321.90 manat faiz məbləği olmaqla, cəmi 4946.55 manat məbləğində kredit borcunun və mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəflərindən ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutularaq İddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - “Bank”) ilə Cavabdeh1 qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli, № 678/15 saylı kredit müqaviləsinə əsasən, cavabdehə 24 ay müddətinə, illik 28% ödənilmək şərtilə 2400 manat məbləğində kredit vəsaiti verilmişdir. Kredit müqaviləsinin 3.4.2-ci bəndinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Həmin kredit müqaviləsinin təminatı olaraq digər Cavabdeh2 ilə həmin tarixdə zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zamin Cavabdeh2 borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar. Lakin buna baxmayaraq Cavabdeh1 qızı kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə olunmuş şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehlərin Banka ödənilməmiş 2131.22 manat əsas, 1268.41 manat faiz, 1225.02 manat cərimə, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış 321.90 manat faiz məbləği olmaqla, cəmi 4946.55 manat məbləğində borcu mövcuddur. Salyan Rayon Məhkəməsinin 2(057)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata iddia tələbinin Cavabdeh1 qızına aid olan hissəsində xitam verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış cavabdehlərdən Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qəbul etmir. Müqavilənin bağlanılmasından uzun müddət keçmişdir. Mərhum Cavabdeh1 qızının vərəsələri var, bank kredit borcunu onlardan tələb etməlidir. Cavabdeh2 məhkəməyə dəftərxana vasitəsi ilə ərizə ünvanlayaraq göstərmişdir ki, iddianı qəbul etmir. Tələblə bağlı iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan № 678/15 saylı, xx.xx.2015-ci il tarixli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 qızına 24 ay müddətinə, illik 28% ödənilmiş şərtilə 2400 manat məbləğində kredit vəsaiti verilmişdir. İş materiallarında olan № 677/15/1 saylı, xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 borclu Cavabdeh1 qızının kreditor bank qarşısında olan öhdəliklərinin tamamilə icra edilməsinə görə məsuliyyəti üzərinə götürmüş və kredit müqaviləsinə əsasən Cavabdeh1 qızının götürdüyü kredit borcu və faizlərin vaxtında qaytarılmasına təminat vermişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmiş, lakin o, heç bir addım atmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, 31 iyul 2015-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1 qızının 08 iyul 2020-ci il tarixinə 2131.22 manat əsas, 1268.41 manat faiz, 1225.02 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 321.90 manat olmaqla, ümumilikdə 4946.55 manat məbləğində borcu vardır. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin məhkəmədə baxılması üçün 30 manat dövlət rüsumu ödəmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 qızı arasında bağlanmış xx.xx.2015-ci tarixli, № 678/15 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 qızına 24 ay müddətinə, illik 28 % dərəcəsi ilə 2400 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 qızına kredit verilərkən Cavabdeh2 ilə bank arasında xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə İddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-24/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iş üzrə icraata iddia tələbinin Cavabdeh1 qızına (öldüyündən) aid olan hissəsində xitam verilmişdir. İddia tələbinin tələbdə qeyd edilən məbləğin, həmçinin, müştərək qaydada Cavabdeh2 tutulması hissəsinə münasibətdə isə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən, zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminlik müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məsəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Bundan başqa, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarında göstərilir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Mülki Məcəllinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Məhkəmə qeyd edir ki, zaminlik müqaviləsinin şərtləri Mülki Məcəllənin 477.0.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla tətbiq edilməlidir. Qeyd olunan maddəyə görə zaminliyin verilməsinin konkret müddəti göstərilə bilər və ya belə müddət müəyyən edilməyə bilər. Əgər müddət müəyyənləşdirilməmişdirsə, öhdəliyin icrası müddətinin çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilməlidir. Həmçinin nəzərə almaq lazımdır ki, müddət hüquqi anlayış kimi həmişə özündə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir. Həmin maddəyə görə müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər. Bu baxımdan, məhkəmə qeyd edir ki, Cavabdeh2 ilə bağlanmış xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi üzrə zaminlik konkret müddət təyin edilmədən verilmiş və buna görə də, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilməlidir. Bu halda, müəyyənləşdirilməli olan məsələ əsas öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Yuxarıda da qeyd edildiyi kimi İddiaçı ASC ilə Cavabdeh1 qızı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcalan aldığı krediti 24 ay ərzində, yəni xx.xx.2017-ci il tarixədək qaytarılmasını razılaşdırmışlar. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı bank zaminə qarşı xx.xx.2018-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu haqqından istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Bank mövcud iddia ərizəsi ilə xx.xx.2020-ci ildə məhkəməyə müraciət etmişdir. Bilavasitə qanundan irəli gəldiyi, eləcə də bankın zaminə qarşı tələbinin yaranmasının mühüm şərtlərindən biri kimi çıxış etdiyi üçün qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədikdə, zaminlik müqaviləsinə xitam verilmiş hesab edilir. Həmçinin, məhkəmə qeyd edir ki, zaminliyə müddətin keçməsi əsası ilə xitam verilməsinin mümkünlüyünü təsbit edən Mülki Məcəllənin 477.0.4-cü maddəsi iddia müddəti deyildir, buna görə də, onun tətbiqi üçün tərəfin ərizə verməsi və ya müstəqil olaraq belə tələblə çıxış etməsi tələb olunmur. Məhkəmə hesab edir ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı bank tərəfindən zaminə qarşı qanunla müəyyən olunmuş müddət ərzində hər hansı iddia irəli sürülmədiyindən Mülki Məcəllənin 477.0.4-cü maddəsinin tələbləri baxımından zaminin hazırki tələb üzrə məsuliyyəti istisna edilir və iddia tələbi zaminə aid hissədə rədd edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-in 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-24/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-24/2025
23.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver