Məhkəmə qərarları › İş №2(057)-2514/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2514/2025

24.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2514/2025 24.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi, Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh borc verdiyi 6192 manat pul, 1803 manat faizə ödədiyi pulu, ümumilikdə 8000 manat məbləği və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 2023-cü ilin mart aylarında Cavabdeh ilə tanış olmuş və münasibətləri yaranmışdır. Zamin həkim kimi özünü təqdim edərək subay olduğunu bildirmiş və onunla ciddi münasibətə başlamaq istədiyini söyləmişdir. Bir müddət sonra onun inamını qazanmış və günlərin bir günü ona pula ehtiyac olduğunu deyərək borca 4000 (dörd min) manat pul istəmişdir. Onunla münasibətdə olduğuna görə ona köməklik etmək istəmiş və ona birbank kartında 6192 (altı min yüz doxsan iki) manat məbləğdə pulun olduğunu bildirmiş və Cavabdeh kartı verərək borca o pulu götürə biləcəyini söyləmişdir. Cavabdeh öncədən Nərimanovdakı bankomatdan 4500 (dörd min beş yüz) manat pulu çıxararaq özünə götürmüş və daha sonra kartı özü ilə götürərək hissə-hissə yerdə qalan pulu Salyan rayonunda mağazalarda ödənişlər edərək, kartdan karta pulu keçirərək çıxarmış, bu müddət boyu 6192 (altı min yüz doxsan iki) manat pulu götürərək iki aya pulu geri qaytaracağını söyləmişdir. Bir müddət sonra o pulu qaytarmamış və aldandığını başa düşərək 11 noyabr 2023-cü il tarixdə Bakı Şəhər Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə müraciət etmiş, daha sonra iş Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin baş müstəntiqi, polis mayoru Məmmədov Eİnur Telman oğlunu icraatına daxil olmuşdur. Baş müstəntiq Elnur Məmmədov dəfələrlə onu izahata çağırsa da o gəlməmiş və sonunda o gəldikdən sonra məlum olmuşdur ki, Zamin həkim deyilmiş, Bakı da yox Salyan rayonunda yaşayırmış və ailəlidir övladları da var, yəni ona danışdığı hər şey yalan imiş. Aparılmış araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, ondan 4000 (dörd min) manat məbləğində pul istəmiş və o, da birbank kartı verdikdən sonra o kartdan 6192 (altı min yüz doxsan iki) manat məbləğində pul çəkərək pulu tez müddətdə qaytaracağını söyləsə də, lakin pulu geri qaytarmamışdır. Araşdırmanı aparan müstəntiq borc məsələsi olduğu üçün 24 noyabr 2023-cü il tarixdə cinayət işinin rədd edilməsi barədə qərar qəbul etmiş və məhkəməyə müraciət etməyə tövsiyə etmişdir. Birbank kartına hər ay faiz gəldiyinə görə o, məcbur olaraq Express ASC bankdan 6500 (altı min beş yüz) manat kredit götürməli olmuş və onunla birbank kartını özü ödəmiş, daha sonra isə 6500 (altı min beş yüz) manatı gecikmə ilə ödədiyinə görə 1508 (bir min beş yüz səkkiz) manat məbləğində faizdə ödəmiş olmuşdur. O, birinci dərəcəli gözdən əlildir və o pulu ödədiyində çox çətinlik çəkmişdir. Dəfələrlə Zamin adında şəxsə 6192 (altı min yüz doxsan iki) manatı, yəni əsas borcu və ona görə Express Banka və Kapital banka ödədiyi əlavə olaraq 1808 (bir min səkkiz yüz) səkkiz manatı geri qaytarmağı xahiş etsə də o buğun-sabah edərək pulu qaytarmamışdır. Odur ki, Cavabdeh ümumilikdə 8000 (səkkiz min) manatı almaq üçün məhkəməyə müraciət etmək zəruriyyəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, tərəflər 2023-cü ilin martında tanış olmuş, cavabdeh iddiaçının aldadaraq onunla ailə vquracağını, özünün həkim olduğunu deyərək inandırmış, pul aldıqdan sonra əlaqə kəsilmiş, ondan xəbər çıxmamışdır. cavabdeh Polis idarəsində verdiyi izahatında iddiaçıdan 6192 manat borc aldığını tam etiraf etmiş, qaytaracağına söz vermişdir. Lakin sonradan cavabdeh gizlənmiş, üzə çıxmamışdır. İddiaçı birbank kartına olan borcunu ödəmək üçün məcbur olub kredit götürmüş, iddia ərizəsi verilən tarixədək həmin kreditin faizi olaraq -1803 manat ödəmiş və ziyana düşmüşdür. Nümayəndə həmçinin bildirmişdir ki, iddia ərizəsində 6192 manat və 1803 manatı toplayarkən texniki olaraq riyazi səhvə yol vermişdir. Həmin məbləğlər toplandıqda cəmi 7995 manat edir, buna görə də Cavabdeh borc verdiyi 6192 manat pul, 1803 manat faizə ödədiyi pulu, ümumilikdə 7995 manat məbləği və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə İddiaçı nümayəndəsini dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan ƏƏSMN “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan” görünür ki, İddiaçı gözdən əlil olduğu üçün müddətsiz İ qrup əlilliyi müəyyən edilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, İddiaçı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 1803 manat faiz borcu ödəmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 100804-649416/1 saylı kredit müqaviləsindən görünür ki, İddiaçı "xxxx" ASC-dən 48 ay müddətinə illik 19,5 fazi ödəmək şərti ilə şəxsi istehlak məqsədi ilə 6500 manat kredit götürmüşdür. İş materiallarında olan Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında” qərarından görünür ki, araşdırma zamanı Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı 4000 manat pul lazım olduğunu bildirmişdir və Q.Elnarə ona kart hesabında olan 6192 manat pulu götürə biləcəyini bildirmişdir. Bu zamanda B.Zamin onun kart hesabında olan pulu çıxararaq götürmüşdür və onlar öz aralarında danışaraq pulu nə vaxta qaytaracağına razılaşmışlar Razılaşdıqları vaxtın gəlib çatmasına baxmayaraq B.Zamin pul qaytarmamışdır. Lakin B.Zamin öz izahatında bildirmişdir ki, bu günədək ödəniş etməməsinə baxmayaraq yaxın müddətdə puul qaytaracağına söz vermişdir. Həmçinin qərarın nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, İddiaçı iddia ərizəsinin məhkəmədə baxılması üçün 100 manat dövlət rüsumu ödəmişdir. İş materiallarında olan İddiaçı cavabdehə ünvanladığı pretenziyadan görünür ki, o, cavabdehdən borcunu ödəməsini tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcun qaytarılması ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasına və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh borc məbləğini Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nə verdiyi izahatında etiraf etdiyindən Cavabdeh borc verdiyi 6192 manat pul, 1803 manat faizə ödədiyi pul, ümumilikdə 7995 manat pul və ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi tələbi barədə iddia tələbi əsaslıdır. Bundan başqa cavabdehə məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclaslarında iştirak etməməklə, həmçinin iddiaya qarşı münasibət bildirməyərək heç bir mötəbər sübut təqdim etməmişdir. Buna görə də iddia tam təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh borc verdiyi 6192 manat pul, 1803 manat faizə ödədiyi pul, ümumilikdə 7995 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh borc verdiyi 6192 manat pul, 1803 manat faizə ödədiyi pul, ümumilikdə 7995 manat pul və ödənilmiş 100 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar