Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2543/2025 04.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Şirvan Şəhər Məhkəməsinin 1(032)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında olduğu 07 ay 05 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 02 il 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbi İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2400 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi ona əlavə edilmiş sənədlərlə onunla əsaslandırılmışdır ki, o, Salyan rayonu, Kolanı kəndində yaşayır. Cavabdeh tamah niyəti ilə aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə onun yaşadığı evin həyətində saxladığı 1 baş iribuynuzlu heyvanı satıb ona qazanc etdirəcəyi barədə yalan vəd verib onu aldadaraq, ondan 01 yanvar 2024-cü il tarixdə saat 19 radələrində Salyan rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evinin həyətində saxladığı 1 baş ümumi dəyəri 3000 manat olan iribuynuzlu heyvanı ələ keçirib, həmin 1 baş iribuynuzlu heyvanı kəsib şəxsiyyəti məlum olmayan şəxslərə satmaqla əldə etdiyi qazancı şəxsi ehtiyaclarına xərcləməklə verdiyi vədə əməl etməyərək, ona ümumilikdə 3000 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Nəticədə Şirvan Şəhər Məhkəməsinin 1(032)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o 2 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs kimi tutulduğu və ev dustaqlığında olduğu 07 ay 05 gün müddət təyin edilmiş cəzadan çıxılmaqla qəti olaraq ona 02 il 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qeyd edilmişdir. Cavabdeh 3000 manat borcundan 600 manat qaytarmışdır. Məhkəmə hökmündə ziyanın ödənilməsi ilə bağlı mülki qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də, Salyan Rayon Məhkəməsinə müraciət edir. b) iddiaya etiraz İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) tərəflərin izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh hazırda 16 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi üçün məhkəmə iclas zalında iştirak edə bilmir. Məhkəmənin xx.xx.2025-ci il tarixli hazırlıq iclasında iştirak etmiş Cavabdeh bildirmişdir ki, 3000 manat borcundan 600 manatını ödəmiş, 2400 manat borcu qalmışdır. İddianı qəbul edir. İddiaçıya borcu vardır. Həbsdən çıxdıqdan sonra borcunu ödəyəcəkdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.4-ci maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1- ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarı: Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir.Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Mülki Məcəllənin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Məcəllənin 21.2-ci maddəsində müəyyən edilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, bu maddədə nəzərdə tutulmuş zərər real zərər və əldən çıxmış faydadan ibarətdir.Göstərilənlərdən görünür ki, Məcəllənin 21-ci maddəsi şəxsin hüquqlarının pozulması nəticəsində yaranan maddi zərərin ödənilməsinin ümumi qaydaları kimi qəbul oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı: Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 08 yanvar 2020-ci il tarixli Qərarı : Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının preyudisiallığı, barəsində bu qərarın çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşdırılır və aşağıdakı hər üç şərtin mövcudluğu halında mümkün olur: - konkret fakt bir iş üzrə cinayət prosesinin iştirakçısının iştirak etdiyi başqa bir iş üzrə çıxarılmış və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş olmalıdır; - bu fakt hər iki iş üzrə sübutetmə predmetinə aid olmalıdır; - hər iki işdə şəxsin hüquqi statusu eyni olmalıdır. qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddia tələbindən görünür ki, tələb maddi zərərin ödənilməsindən ibarətdir. Məhkəmə iddia tələbinin maddi ziyanla bağlı hissəsinə münasibət bildirərək qeyd edir ki, işdə olan Şirvan Şəhər Məhkəməsinin 1(032)-4/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmündən göründüyü kimi Cavabdeh törətdiyi cinayət əməli məhkəmə iclasında toplanmış və təqdiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlar ilə sübuta yetirilmişdir. Qeyd olunan cinayət hadisəsi nəticəsində isə hazırki iş üzrə İddiaçı 3000 manat məbləğində ziyan dəyməsi hökmlə öz təsdiqini tapmışdır. Həmin ziyandan 600 manat məbləğində pul İddiaçı ödənilmişdir. Göründüyü kimi Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən qeyd olunan hallarla bağlı yenidən mülki mühakimə icraatı qaydasında araşdırma aparılması yolverilən deyil. Çünki artıq qanuni qüvvəsini almış cinayət işi üzrə məhkəmə hökmü ilə cavabdeh həmin əməllərə görə məhkum edilmiş, iş üzrə çıxarılmış hökmdə zərərin məbləği göstərilmiş, həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh iddiaçıya 3000 manat maddi ziyan vurduğunu, ondan 600 manatını ödədiyini etiraf etmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddia 2400 manat maddi ziyanın tutulması hissəsində əsaslı hesab edilərək təmin edilməlidir. Məhkəmə xərcləri Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün İddiaçı tərəfindən ödənilmiş 45 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmənin gəldiyi nəticə Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan tam təmin edilməli, Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul və 45 (qırx beş) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2445 (iki min dörd yüz qırx beş) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2400 (iki min dörd yüz) manat məbləğində pul və 45 (qırx beş) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2445 (iki min dörd yüz qırx beş) manat məbləğində pul tutularaq, İddiaçı xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-2543/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2543/2025
04.11.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver