Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-2604/2025 25.11.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi, Rzayev Azər Azad oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh qarşı “maneənin aradan qaldırılması və sair” tələbinə dair mülki işə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları Salyan Rayonu İcra hakimiyyəti başçısının Parça Xələc kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 2020-2025-ci illər üzrə təsərrüfatbaşına kitabından edilmiş 5-71-16/2-164/2025 saylı, xx.xx.2025-ci il tarixli Çıxarışdan görünür ki, İddiaçı ondan ötəri ki, həqiqətən onun Salyan rayon Parça Xələc kəndində yerləşən 1979-ci ildə tikilmiş, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 100 kv.metr yaşayış evi Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 02 saylı təsərrüfatbaşına kitabının 190ci səhifəsində 190 saylı şəxsi hesabında qeydə alınmışdır. Qeyd: Parça Xələc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin qaytanlanmış təsərrüfatbaşına kitabında xüsusi mülkiyyətində olan torpaq sahəsi 0,18 ha qeyd olunmuşdur. Arayış Salyan rayon Polis Şöbəsinə təqdim etmək üçün verilir. İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları a) iddia tələbinin dəlilləri İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Salyan rayon Parça Xələc kəndində yerləşən fərdi yaşayış evinə və torpaq sahəsinə Cavabdeh tərəfindən yaradılan maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə, Salyan rayonu, P.Xalac kəndində yerləşən 1979-cu ildə tikilmiş, ümumi sahəsi 120 kv.metr, yaşayış sahəsi 100 kv.metr yaşayış evi vardır. Cavabdeh onun qardaşıdır. Onunla qonşuluqda yaşayır və özünün ayrıca fərdi yaşayış evi vardır. Hazırda cavabdeh ona məxsus olan torpaq sahəsində hər hansı işlər aparmağına maneələr yaradır. Gah gediş-gəliş yoluna torpaq tökür, torpaq sahəsini şumlayır, zir-zbil tökür. O, öz həyətində yonca əkmişdir. Cavabdeh yoncanı biçməy üçün traktoru həyətə buraxmır. Özünə məxsus həyətyanı torpaq sahəsində hər-hansı işlər aparmağına icazə vermir. Dəfələrlə o, cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasın tələb etmişdir. Lakin cavabdeh tərəfindən bu tələbə əməl edilməmişdir. Məcbur olub bir neçə dəfə aidiyyəti qurumlara müraciət etmişdir. Aidiyyəti üzrə nümayəndələr yaranan maneənin yerində baxış keçirmək istəmiş, lakin cavabdeh tərəfindən torpaq sahəsinə yerində baxış keçirilməsinə cavabdeh tərəfindən şərait yaradılmamışdır. Bir sözlə cavabdeh ona həddindən artıq maneələr yaradır. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. b) iddiaya etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. c) məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, bildirmişdir ki, Cavabdeh tərəfindən onun mülkiyyətində olan torpaq sahəsindən istifadəsinə müxtəlif maneələr yaradılır. Ona məxsus torpaq sahəsinə texnikanın girişçıxışına müxtəlif maneələr yaradır, həmçinin onun həyətyanı torpaq sahəsinə müxtəlif növlü zibil tullantıları ataraq, onun mülkiyyətində olan torpaq sahəsini yararsız vəziyyət salmışdır. Məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hazırda cavabdeh tərəfindən maneələrin yaradılıdığı torpaq sahəsinin ona məxsus olması ilə bağlı mülkiyyət hüququnun dövlət reysetrinə dair müvafiq çıxarış əldə etməmişdir. Həmçinin bununla bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etməmişdir. Həmçinin ona ünvanlanan digər suala cavab olaraq bildirmişdir ki, onun mülkiyyətində olduğunu iddia etdiyi torpaq sahəsinin ölçüləri və ya digər qonşuluqda yerləşən sərhədlərini müəyyən edən hər hansı rəsmi sənədi yoxdur. Bu barədə onda müvafiq rəsmi sənədlər olmadığından hər hansı digər sənədlərin təqdim edilməsi mümkünsüz olmuşdur. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, bildirmişdir ki, iddiaçının hazırda ona qarşı qaldırdığı iddianın hüquqi əsası yoxdur. Belə ki, iddiaçının qeyd etdiyi torpaq sahəsinə dair hər hansı rəsmi sənədi mövcud deyil və onun tərəfindən iddiaçıya hər hansı formada maneçilik törədilmir. İddiaçı onun tərəfindən maneələrin nədən ibarət olmasını yalnız ümumi sözlərər ifadə etmişdir. Ataları tərəfindən qalan evdə hazırda o, yaşayır. İddiaçıya başqa ərazidə torpaq sahəsi verilmiş və orada ev tikmişdir. Hazırda iddia etdiyi torpaq sahəsinin iddiaçıya aidiyyəti yoxdur. Qeyd etdiklərinə münasibətdə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Məkhəmə hazırki iddia tələbinə münasibət bildirmədən öncə formalaşmış hüquqi mövqedən çıxış edərək, qeyd etməyi zəruri hesab edir ki, məhkəmə hazırki mülki iş üzrə iddiaçının iddia tələbinin hüquqi əsasını müəyyən etməyi vacib hesab edir. Bu əsasla məhkəmə qeyd edir ki, İddiaçı iddia tələbinin hüquqi əsasını mülkiyyət hüququnun başqasının qanunsuz sahibliyindən tələb etməkdə ifadə olunan hüquqi münasibətlər təşkil edir. Beləliklə iddia tələbinin hüquqi əsasını, Mülki Məcəllənin 152 və 157-ci maddələri təşkil edir. Məhkəmə maddi norma ilə bağlı hüquqi məsələlərə dair qeyd edir ki, məhkəmələr hüquq tətbiq edən orqan olmaqla qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hüququ tətbiq etməli, yalnız qanunda boşluq olduqda hüquq prinsipləri nəzərə alınmaqla qanunun və hüququn anologiyasından istifadə etməlidirlər. Məhkəmənin qanunvericiliyin aydın, müəyyən olan konkret normasını digər formada şərh etmək hüququ yoxdur. Nəzərə almaq lazımdır ki, qanunun hər hansı norması açıq-aşkar ədalətsiz olsa da, həmin normanın dəyişdirilməsi və ya qüvvədən salınması hüququ dövlətin hüquq yaradıcı (qanunverici) orqanlarına məxsusdur. Məhkəmələr isə hüquq tətbiq etmə prosesində müvafiq normanın şərh edilməsi və ya normaya yenidən baxılmasına dair səlahiyyətli orqanlara müraciət edilməsi məsələsini müzakirə edə bilərlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 139.4-cü maddəsinə əsasən, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsini və onların fərdiləşdirilməsini təmin edən məlumat bazası olan ünvan reyestri aparılır. Daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən ünvan verilir. Ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir. 139-1.1-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar hesab olunur müvafiq sənədlər və ya aktlar dairəsi müəyyən olunmuşdur. 146.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2019-cu il tarixli Qərarı: Mülki prosessual qanunvericiliyin tələblərinə görə, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri). Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq, mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən normanın məzmunundan da göründüyü kimi, qanunverici sübutetmə vəzifəsini iddiaçı və cavabdeh üçün bərabər şəkildə müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Bununla belə, qanunvericiliyin tələbləri baxımından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. Bu baxımdan da işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin subyektiv hüquqa malik olubolmamasını, subyektiv hüququn pozulub-pozulmamasını, cavabdehin bu pozuntunu edibetməməsini araşdırmalıdır. Yalnız subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarı: Hüquqi mövqeyə görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər; 14.1-ci maddəsinə əsasən, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tərəflərin izahatları ilə birlikdə araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə araşdırması zamanı sübutların tədqiqi nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı ilə Cavabdeh qardaşdırlar. İddiaçının hazırda mülkiyyətində olan torpaq sahəsinə cavabdeh tərəfindən maneələrin törədildiyini iddia edir. Mülkiyyətçinin mülkiyyət hüquqlarının məhdudlaşdırılması yolverilməzdir. Lakin hazırki mülki iş üzrə cavabdeh tərəfindən istifadəsinə maneələr törədilən torpaq sahəsinin iddiaçının mülkiyyətində olub-olmaması müəyyə olunmur. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunan Salyan Rayonu İcra Hakimiyyəti başçısının Parça Xələc kənd İnzibati Ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 2020-2025-ci illər üzrə təsərrüfatbaşına kitabından edilmiş 5-71-16/2-164/2025 saylı, xx.xx.2025-ci il tarixli çıxarış iddiaçının mülkiyyət hüququnu təsdiq edən sənəd kimi çıxış edə bilməz. Belə ki, şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları MM-in 139-cü maddəsinin tələbləri baxımından qeydiyyata alındıqdan sonra dövlət tərəfindən şəxsin daşınmaz əmlak üzərində mülkiyyət hüquqları tanınaraq, təsdiq olunur. Belə ki, 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Hazırki mülki iş üzrə iddiaçı tərəfindən əmlak əmlakı üzərində mülkiyyət hüquqlarının mövcudluğu barədə müvafiq sənədlər təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş fotoşəkillər ilə də cavabdeh tərəfindən hansı hərəkətlərin yerinə-yetirilməsi nəticəsində iddiaçının mülkiyyət hüquqlarının pozulmasını da müəyyən etmək mümkün olmamışdır. Məhkəmə prosessual normaların tələbləri ilə bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçının üzərinə düşür. Məhkəmənin mülki prosesdə arbitr rolunda çıxış etməsi nəzərə alınmaqla, öz təşəbbüsü ilə proses iştirakçılarının (iddiaçı və ya cavabdeh) lehinə və ya əlehinə sübutlar toplaması və ya bu istiqamətdə müəyyən prosessual fəaliyyət göstərməsi yolverilməzdir. Məhkəmə hesab edir ki, iddia ərizəsində qeyd olunan xüsusatları təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddianın məzmununa deyil, faktların sübuta yetirilməsinə baxır. Bir şəxs deyirsə ki, “torpağıma keçid bağlanıb”, bunu foto, akt, şahid ifadəsi, kadastr planı ilə sübut etməlidir. Sübut təqdim etməyən tərəf prosessual riski özü daşıyır. Bu isə mülki prosessual qanunvericiliyin əsasını təşkil edən edən rəhbər müddəa və fikir olan “dispozitivlik prinsipinin” tələbidir. Tərəflər öz iddialarının və etirazlarının sərhədlərini özləri müəyyən edir. Məhkəmə isə yalnız təqdim edilən faktlar və sübutlarla məhdudlaşır. Həmçinin “tərəflərin bərabərliyi prinsipi” qeyd etmək zəruridir ki, həm iddiaçı tərəf, həm də eyni hüquqa malikdir. Məhkəmə faktları tərəflər əvəzinə toplamaz, özbaşına sübut yaratmaz, bitərəf mövqedə dayanır. MPM-in 77.1-ci maddəsi məhz bunlaraa söykənir, yəni, müdaxilə edən yox, sübut təqdim edən tərəf qalib gəlir. Hazırki iddia tələbi üzrə sübutetmə yükünün (mülkiyyətində olan torpaq sahəsindən istifadəyə maneələrin nədən ibarət olması) iddiaçının üzərində olmasına baxmayaraq iddiaçı tərəfindən aktiv sübutetmə fəaliyyəti təmin-təşkil edilməmiş, müvafiq iddia tələbinin əsaslı olmasını təsdiq edən sübut, sənəd və ya materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sübutlar əsasında mülki işə baxaraq qətnamə qəbul etməyi qanuni və əsaslı hesab edir. Məhkəmənin mülki işdə olan mötəbər sübutlara əsaslanmadan yalnız öz mülahizəsi ilə hər hansı hüquqi nəticəyə gəlməsi yolverilməzdir. Məhkəmə həmçinin hesab edir ki, hazırki halda İddiaçı Cavabdeh qarşı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olub-olmamasını təqdim etdiyi sübutlarla müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iddiaçının subyektiv hüququ ilə bağlı nəzəri qəbul olunan hüquqi fikirlərin qeyd edilməsini və ümumi qəbul olunan hüquqi düşüncənin fonunda mülki işin faktiki hallarına münasibət bildirilməsini məqsədəmüvafiq hesab edir. Mülki hüquqda subyektiv hüququn iki fundamental elementi vardır ki, bunlardan ilkin element məhz “Tələb etmə” hüququdur. Tələb etmə hüququ – hüquq sahibinə qarşı tərəfdən müəyyən davranışı tələb etmək imkanı verir. Tələb hüququ (ius persequendi) subyektiv hüququn əsas məzmununu təşkil edir. Tələb hüququnu subyektiv hüququn aktiv komponenti adlandırmaq olar. “Subyektiv hüququn reallaşdırılması ilk növbədə hüquq sahibinin tələb irəli sürmək imkanı ilə başlayır.” Digər ikinci element isə “Təmin etmə” hüququdur. Təmin etmə hüququ hüquq sahibinin tələbinin yerinə yetirilməməsi halında məhkəmə müdafiəsi və dövlətin məcburetmə səlahiyyəti ilə təmin olunan hüquqi mexanizmdir. Təmin etmə hüququ (ius actionis) – tələb hüququnun reallaşdırılmasının ikinci, lakin həlledici mərhələsidir. “Hər bir subyektiv hüquq dövlət tərəfindən təmin olunmaq imkanına malik olmadıqda o, hüquqi məzmununu itirir.” Bu iki element bir-biri ilə sıx bağlıdır və subyektiv hüququn tam mahiyyətini yalnız birlikdə təşkil edir. Subyektiv hüququn məzmunu yalnız tələb səlahiyyəti ilə deyil, həmin tələbin dövlət tərəfindən təmin olunması ilə tamamlanır. Hüququn təmin edilməsini təmin etmək dövlətin konstitusion öhdəliyidir; bu öhdəlik subyektiv hüququn reallaşdırılmasını obyektiv hüquq müstəvisinə çıxarır. Qeyd olunanlardan hasil olunan nəticə ondan ibarətdir ki, tələb etmə hüququ subyektiv hüququn daxili məzmunu kimi, təmin etmə hüququ isə həmin hüququn dövlət tərəfindən qorunması və həyata keçirilməsidir. Məhkəmə yekun nəticəyə gələrkən, iddiaçının subyektiv hüququ ilə bağlı yuxarıda qeyd olunan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı və Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2012-ci il tarixli Qərarında formalaşan hüquqi mövqeyi əsas götürür. “Hüquqi müəyyənlik” prinsipinin şərtləri əsas götürülməklə bütün subyektlər (fiziki şəxslər, hüquqi şəxslər, dövlət və bələdiyyələr) dövlətin məcburi gücü ilə təmin olunan imperativ şəkildə müəyyən edilmiş hüquq normalarına əməl etməyə borcludurlar. Aydın, anlaşılan hüquq normasının geniş və ya dar çərçivədə təfsir edilməsi yolverilməzdir. Hüquq normasının şərh edilməsi (rəsmi şərh) və ya dəyişdirilməsi, ləğvi səlahiyyəti müvafiq orqanlara (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Milli Məclis) məxsusdur. Hüquq tətbiq edən məhkəmələr hüquq təfsirini məhdud formada, hüquq sahəsinin və hüquq normasının mahiyyətinə uyğun şəkildə həyata keçirə bilərlər. Məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikasında məhkəmələr hüquq yaradan orqanlar olmamaqla qüvvədə olan hüquq normalarının tətbiqi ilə mükəlləfdirlər. Məhkəmələrin təfsir səlahiyyəti də, məhdud qaydada, yalnız müvafiq ümumi və ya sahəvi prinsiplər çərçivəsində həyata keçirilir. Odur ki, qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh oğluna qarşı “maneələrin aradan qaldırılması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rüstəm Alıyev
Məhkəmə qərarları › İş №2(057)-2604/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-2604/2025
25.11.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver