Məhkəmə qərarları › İş №2(057)-265/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-265/2023

03.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-265/2023 03.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi və İddiaçı iştirakı ilə pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh 340 ABŞ dollar, 2000 manat əldən çıxmış fayda və 30 manat ödənilmiş dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, uzun müddət Türkmənistan Respublikasında yaşamış, 2016-cı ildə Azərbaycan Respublikasına qayıtmışdır. Həmin vaxt qardaşı oğlu olan cavabdeh Bakıda sex açmaq üçün ondan hər ay 100 manat ödəmək şərti ilə 400 ABŞ dolları borc pul almışdır. Lakin aldığı puldan bir dəfə 2021-ci il tarixdə 100 manat ödəniş etmişdir. Qalan məbləği dəfələrlə tələb etməyinə baxmayaraq Cavabdeh müxtəlif bəhanələrlə pulu qaytarmaqdan boyun qaçırmışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə məhkəmə bildirişi göndərilmiş, lakin, məhkəmə bildirişinin ona ünvanlanmış konvertin üzərində qeydiyyatda olduğu ünvandan köçməsi barədə olan qeydlə məhkəməyə qaytarıldığından onunla istifadəsində olan ***-***-**-** nömrəli telefonla əlaqə saxlanılmış, iddiaçıya borclu olduğunu bildirərək, məhkəmə baxışı iclası barədə məlumatı olduğunu, məhkəmə iclasına gələ bilmədiyi üçün işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən sonuncunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi votsap yazışmalara və bir ədəd DVD-yə baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar olunmamışdır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh iddiaçıdan 400 ABŞ dolları məbləğində pul almış, həmin puldan 100 manat qaytarmışdır. Qalan borcunu qaytarmaqdan müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Ona görə də cavabdehin iddiaçıdan aldığı həmin pul alınıb qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 340 ABŞ dolları qətnamə icra olunan vaxt azərbaycan manat məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar