Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-271/2024 23.10.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, İmanova Aytac Mirzəbaba qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Salyan rayonu, Qardili kəndində yaşayan Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə yaranmış «maneənin aradan qaldırılması» və həmin ərazidə tikilmiş mal-qara saxlamaq üçün istifadə olunan saxlanc yerinin və ot tayasının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2000-ci ildə Salyan rayonunda anadan olmaqla hazırda rayonun Yenikənd kəndində yaşayır. Ailəlidir, 3 övladı var. Onun Yenikənd kəndində özünə məxsus yaşayış evi var. Onunla qonşuluqda Cavabdeh evi yerləşir. Mürsəl və ailəsi uzun illərdir ki, həmin ünvanda yaşayırlar. Onlar qonşu olsalar da, aralarından bir su kanalı keçir. Bununla da, Mürsəl kanalın digər tərəfindən yaşayır və evi, təsərrüfatı həmin yerdə yerləşir. Lakin Mürsəl bir neçə il bundan əvvəl kanalın onlara olan tərəfinə keçərək onların evinin pəncərəsi qarşısında mal-qara saxlamaq üçün yer və ot yığmaq üçün naves tikmişdir. Vaxtaşırı olaraq həmin yerdə mal-qara saxladığından mal-qaranın “səs-küyündən və nəcisinin qoxusundan evlərində normal yaşaya bilmirlər. Həmin tikililərin oradan götürülməsi ilə bağlı aralarında dəfələrlə narazılıqları olmuş və hətta bununla bağlı aidiyyatı üzrə yerli ərazi nümayəndəliyinə və polisə şikayət etmişdirlər. Lakin bütün bunlara baxmayaraq Mürsəl həmin qanunsuz zəbt edərək inşa etdiyi malı-qara saxlan yerinin və ot tayasının oradan götürmək istəmir. Hətta onun ot tayası onların evinə o qədər yaxın məsafədə yerləşir ki, gələcəkdə hər hansı bir yanğın hadisəsi baş verərsə onların evi də yana bilər. Bu səbəbdən də onıar hətta FHN-nin rayondaki aidiyyati orqanına da müraciət etmişdirlər. Etdikləri xahiş və müraciətlər heç bir nəticə vermədiyindən aldiyyatı orqanlar da onlara bildirmişlər ki, bununla bağlı məhkəməyə müraciət etsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.2-ci bəndində göstərildiyini, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Lakin qonşuları Mürsəl qanunun bu tələblərinə əməl etməyərək heç mülkiyyətində belə olmayan, qanunsuz zəbt etdiyi ərazidə mal-qara saxlamaq üçün yer qurmaqla orada heyvan saxlayır və onların pəncərəsinin qarşısında yanğın təhlükəsi yaradan ot tayası qurmaqla qanunun tələblərini kobud şəkildə pozur. Dəfələrlə onun özünə etdikləri xəbərdarlıqlara və yerli hakimiyyət orqanlarının ona etdiyi iradlaradan heç bir nəticə çıxarmadığından məcbur qalıb məhkəmədə iddia qaldırmalı olur. Qeyd olunanlara əsasən, Salyan rayonunun Yenikənd kəndində yaşayan Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə yaranmış maneənin aradan qaldırılması və həmin ərazidə tikilmiş mal-qara saxlamaq üçün istifadə olunan saxlanc yerinin və ot tayasının sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq, mal-qara saxlamaq üçün inşa edilmiş tikilinin və ot tayasının su kanalının yanında yerləşdiyini və Fərqanə Rzayevanın onun baldızı olduğunu, yaşadıqları yaşayış evinin də xüsusi mülkiyyət hüququ əsasında Fərqanə Rzayeva məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddiaya etiraz edərək, bildirmişdir ki, həmin mübahisə predmeti olan tikililər iddiaçının bildirdiyi evdən tamamilə və yetəri qədər uzaq məsafədədir. Yəni ki, onun evinə heç bir maneə törətmir və onun yaşadığı evə həmin tikililərdən heç bir qoxu və s. getmir. İddianın əsassız olduğunu, iddiaçının yaşadığı torpaq sahəsinin onun mülkiyyətində olmadığını, heç bir torpaq sahəsini zəbt etmədiyini, mal-qara saxlamaq üçün istifadə olunan saxlanc yeri və ot tayasının yerləşdiri torpaq sahəsinin öz mülkiyyətində olduğunu bildirərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də, iddia rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu Qardili kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X1 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestri tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarışın surətindən görünür ki, Salyan rayonu Qardili kəndində yerləşən 0,12 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X2 adına qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X5 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən daxil olmuş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının qohumu olan X1 xüsusi mülkiyyətində olan yaşayış məntəqəsi təyinatlı 0,12 ha torpaq sahəsi iddiaçının öz istifadəsindədir və heç kim tərəfindən zəbt olunmamışdır. İddiaçının tələb etdiyi, cavabdeh tərəfindən inşa olunmuş mal-qara saxlamaq üçün istifadə olunan saxlanc yeri və ot tayasının yerləşdiri torpaq sahəsi JN 52F saylı Şəhadətnaməyə əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsidir. İşin məhkəmə araşdırması zamanı müəyyən edilmiş hallarından görünür ki, İddiaçı Cavabdeh qanunsuz hərəkətlərinə son qoyulması məqsədilə yaranmış «maneənin aradan qaldırılması» və həmin ərazidə tikilmiş mal-qara saxlamaq üçün istifadə olunan saxlanc yerinin və ot tayasının sökülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ilk növbədə iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququnun olub-olmadığını müəyyən etmək vacibdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Hazırki işin hallarından görünür ki, iddiaçı cavabdehin Salyan rayonu Qardili kəndində yerləşən torpaq sahəsində tikilmiş tikilinin sökülməsini xahiş etsə də, mübahisəli ünvana dair onun hər hansı hüququnun olması təsdiq olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələblə müraciət etmək üçün subyektiv hüququ olmamışdır. Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunan məsələ ilə bağlı ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olubolmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, mülki mübahisəni həlli edən məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Belə ki, subyektiv hüququn əmələ gəlməsi üçün qanunla müəyyən edilən 3 elementin hamısı birlikdə mövcud olmalıdır. Bu elementlərdən birinin mövcud olmaması həmin iddia tələbi ilə bağlı əlavə araşdılmanı mənasız edir. Məhkəmə hesab edir ki, iddiaçının mübahisəsini etdiyi torpaq sahəsinə dair qanunla nəzərdə tutulmuş qaydada hər hansı hüququ olmadığı üçün iddiaçının sözügedən iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilməməklə iddia tələbi təmin edilməməlidr. Belə ki, kordinatları müəyyən olunmuş mübahisəli torpaq sahəsinin iddiaçının qohumu olan X1 xüsusi mülkiyyətindı olması müəyyən olunmuşdur. Bundan başqa, məhkəmə qeyd edir ki, iddiaçının tələb etdiyi, cavabdeh tərəfindən inşa olunmuş mal-qara saxlamaq üçün istifadə olunan saxlanc yeri və ot tayasının yerləşdiyi torpaq sahəsinin hər hansı hissəsi qeyri-qanuni şəkildə tutulmamış, sahiblik və istifadə etdikləri torpaq sahəsi cavabdehin özünün xüsusi mülkiyyətindədir və bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna qanunsuz müdaxilə etməmiş, həmin hüquqlarını pozmamışdır. Göründüyü kimi, iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallar işdə iştirak edən şəxslərin izahatları, məhkəməyə sübut kimi təqdim edilmiş digər sənədlərlə sübut olunmadığından, iddiaçının mövcud iddiası əsassızdır və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 152.3, 152.4-cü maddələrinin tələblərinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur, sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır, sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbayсan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı «maneənin aradan qaldırılması» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-271/2024
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-271/2024
23.10.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver