Məhkəmə qərarları › İş №2(057)-280/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-280/2023

09.03.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-280/2023 09.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə evdən əşyaların çıxarılması tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində göstərmişdir ki, 2012-ci ildə Xaçmaz rayon sakini X3 ilə nikaha girərək ailə qurandan sonra həmin vaxtdan Xaçmaz rayonu Maqsudkənd kəndində yaşayır. Salyan rayonunun Xalac kəndində yaşadığı vaxtlarda onun adına torpaq sahəsi olduğundan valideyinlərinin köməkliyi ilə həmin torpaq sahəsində özü üçün 3 otaqdan ibarət ev tikdirmişdir.Lakin 2012-ci ildə ailə qurandan sonra Xaçmaz rayonuna köçdüyündən həmin evdə yaşamamışdır. 2000-ci ildə qardaşı Abasov X1 sakini X4 ilə ailə qurmuş və həmin vaxt atası və qardaşı gəlini atasına məxsus Xalac kəndindəki evə köçürmüşlər. Gəlinləri və qardaşı xeyli vaxt atasına məxsus evdə yaşamış və həmin evdə bir övladları dünyaya gəlmişdir Qardaşı və arvadı Solmaz arasında narazılıq yarandığından və valideyinləri ilə yola getmədiklərindən məcbur qalıb özünə məxsus evini 2011-ci ildə müvəqqəti yaşayış üçün onlara vermişdir. Lakin yenə də Xaçmazda olduğu müddətdə gəlin əri və valideyinləri yola getməmişlər, bu səbəbdən qardaşı nikahın pozulması barədə məhkəmədə iddia qaldırmış və Salyan Rayon Məhkəməsinin 07 fevral 2013-cü il tarixli qətnaməsinə əsasən onların nikahları pozulmuşdur.Nikah pozulandan sonra onların yeganə övladlarının analarının yanında qalması qət edilmişdir.Lakin övladları 2001-ci il təvəllüdlü olduğundan artıq onun 18 yaşı tamam olmuş və hətta ailə quraraq başqa yerdə yaşayır. Nikahlarının pozulmasına baxmayaraq Solmaz ona məxsus evdən çıxmaq istəmədiyindən nümayəndəsi olan qardaşı Elçin vasitəsi ilə “onun məcburi qaydada evdən çıxarılması haqqında” iddia qaldırmış və Salyan rayon məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli qətnaməsinə əsasən iddiası təmin olunmuş, Solmazın onun evindən çıxarılması qət edilmişdir. Məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra Salyan rayon İcra və Probasiya şöbəsinin əməkdaşları 19 sentyabr 2022-ci il tarixdə onu evindən məcburi qaydada çıxarmışlar və onun evində olan cavabdehə məxsus əşyalar siyahıya alınmışdır. İcra məmurları cavabdehə məxsus həmin əşyalar evdən çıxarılması ilə bağlı məhkəmədə yenidən iddia qaldırmalı olduğunu bildirmişlər. Solmaz demək olar ki, həmin evdə daimi yaşamır. İlin çox hissəsinin Qobustan qəsəbəsində yaşayan qızının yanında qalır. Xaçmaz rayonunda yaşasa da ilin müxtəlif vaxtlarında Xalac kəndinə gələrək öz evində yaşamaq istəyir, lakin cavabdeh evin qapılarını qıfıllayaraq onu öz evinə buraxmır və evinə yığdığı əşyalar onun yaşamasına maneçilik törədir. Göstərilənlərə əsasən Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində doğma qızının evində yaşayan Cavabdeh məxsus icra məmurunun tərtib etdiyi aktda göstərilən əşyaların ona məxsus evdən çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmədə izahat verən İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada cavabdehə məhkəmə bildirişi göndərilmiş, məhkəmə bildirişinin olduğu konvertin üzərində cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamadığı üçün geri qaytarılmışdır. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş Azərbaycan Respublikası ƏMDKY DƏDRX-nın 13 saylı Ərazi İdarəsinin vermiş olduğu Seriya RX № ******* nömrəli çıxarışın surətindən görünür ki, Salyan rayonu, Xalac kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2015-ci ildə ********** nömrə ilə qeydiyyata alınmışdır. Məhkəmədə elan olunmuş Salyan Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(057)-1093/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Salyan rayonu, Xalac kəndində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Məhkəmədə elan olunmuş Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Coşqun İsmayılovun 19 sentyabvr 2022-ci il tarixli aktının surətindən görünür ki, Cavabdeh Salyan rayonu, Xalac kəndində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evində yerləşən əmlakları siyahıya alınaraq Nümayəndə təhvil verilmişdir. Məhkəmə iddiaçını dinləyib işdəki sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, Cavabdeh İddiaçı məxsus Salyan rayonu, Xalac kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evində heç bir hüquqi əsas olmadan öz əşyalarını saxlayır. Belə ki, Salyan Rayon Məhkəməsinin 22 oktyabr 2021-ci il tarixli, 2(057)-1093/2021 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh Salyan rayonu, Xalac kəndində yerləşən İddiaçı mülkiyyətində olan fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. Cavabdehin qeyd olunan fərdi yaşayış evindən istifadəsi heç bir hüquqa əsaslanmır, cavabdeh qanunsuz olaraq evdə əşyalarını saxlamaqla iddiaçının mülkiyyət hüququnu pozur. Ona görə də iddiaçının hüququ bərpa olunmalı və Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində doğma qızının evində yaşayan Cavabdeh məxsus icra məmurunun tərtib etdiyi aktda göstərilən əşyalar iddiaçıya məxsus evdən çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir.Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə yuxarıda qeyd olunanlarla bağlı həmçinin Avropa Məhkəməsinin «İnsan Hüquqlarının və X2 haqqında» Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışının tətbiqi təcrübəsi ilə bağlı presedentlərinə istinadən etməyi zəruri hesab edir. Belə ki, İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı protokolunun 1-ci maddəsində deyilir ki, hər kəs öz əmlakına mülkiyyət hüququnu maneəsiz həyata keçirmək hüququna malikdir. 1 saylı protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» və «əmlak» anlayışı kifayət qədər genişdir. İqtisadi maraqların geniş spektri, o cümlədən daşınar və daşınmaz əmlak, maddi və qeyri-maddi maraqlar mülkiyyət hüququnun təsir dairəsinə düşür. Bu maddə üzrə məhkəmə presedentlərinə görə mülkiyyət hüququ təkcə dövlət qeydiyyatına alınmış hüquqların deyil, eyni zamanda əmlaka faktiki mülkiyyət hüququnu, torpağa icarə, istifadə hüququnu da mülkiyyət kimi qəbul edir. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Salyan rayonu, Xalac kəndində qeydiyyatda olan, faktiki olaraq Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində doğma qızının evində yaşayan Cavabdeh məxsus Salyan Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Coşqun İsmayılovun 19 sentyabr 2022-ci il tarixli aktında göstərilən əşyaları İddiaçı məxsus Salyan rayonu, Xalac kəndində 0,12 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxarılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN HAKİM Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar