Məhkəmə qərarları › İş №2(057)-282/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-282/2024

01.02.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-282/2024 01.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X2 qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh cəmi 875.13 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayır. 2014cü il tarixdə maddi ehtiyacı olduğundan kredit götürmək məqsədi ilə "xxxx" ASC-nin Salyan rayon filialına müraciət etmişdir. Bankın müdiri X1 ona bildirmişdir ki, özünə məxsus pensiya kartını notarius vasitəsi ilə bankın əməkdaşı Cavabdeh verməlidir ki, hər ay o, onun pensiya kartından pulu çıxardıb, banka köçürtsün. O da, onlarla, yəni bankın müdiri İbrahimov Əlinin tapşırığı ilə bankın işçisi Cavabdeh ilə notariat kontoruna gedərək bankın əməkdaşı Cavabdeh adına etibarnamə verərək, bank kartını ona təhvil vermişdir. Bundan sonra bankla 27 oktyabr 2014-cü il tarixli kredit müqaviləsi bağlayaraq ona 24 ay müddətinə 2200 manat kredit verilmişdir. Onlara verdiyi pensiya kartından hər ayda Cavabdeh tərəfindən müəyyən məbləğ çıxarılaraq götürülmüşdür. 2 il tamam olandan sonra o kredit borcunun qurtardığını bildiyi üçün 2016-cı ilin oktyabr ayında "xxxx" ASCnin Salyan filialına getmişdir. Məmmədağadan onda olan pensiya kartını geri almışdır. Məmmədağa ona bildirdi ki, kredit borcu qurtarmışdır. O da rahat olmuşdur ki, banka olan kredit borcu qurtarmışdır. Beləliklə də, 2 il müddətində onun pensiya kartından Məmmədağa pulları çıxarmışdır. Ona bildirmişdir ki, həmin çıxardığı pulları kredit borcunun əvəzinə banka ödəyir. O da, ona inanmış və etibar etmişdir. Cavabdeh ona etibarından sui-istifadə edərək pensiya kartından hər ayda pulu çıxararaq mənimsəmiş və həmin pulları banka ödəməmişdir. Məmmədağanın qanunsuz əməlinin nəticəsində onun pensiya kartından çıxarılmış pullar banka ödənilmədiyindən nəticədə onun banka borcu yaranmış və bu səbəbdən də, bankın rəhbərliyi cəmi 875.13 manat kredit borcunun tutulması ilə bağlı Salyan Rayon Məhkəməsində ona qarşı iddia qaldırmış, məhkəmənin 05 mart 2020-ci il tarixli qətnaməsi ilə ondan 756.18 manat əsas borc, faiz borcu üzrə 68.95 manat, 50 manat cərimə borcu, cəmi 875.13 manat məbləğində borc tutularaq banka verilməsi qərara alınmışdır. Hazırda həmin pulu ondan tələb edirlər. İcra məmurları həmin pulu onun əmək pensiyasından tutmaq istəyirlər. Ona görə də, məhkəmədə iddia qaldırır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək bildirmişdir ki, "xxxx" ASC-nin Salyan rayon filialından 2014-cü il tarixdə kredit götürmüşdür. Kartını bank işçisi Məmmədağaya vermişdir. Onun əri vəfat etdiyi üçün başı yas mərasiminə qarışmışdır. Sonradan banka yaxınlaşanda bankın bağlandığını bilmişdir. Sonra kartını bağlatdırmışdır. "xxxx" ASC-nin nümayəndəsinə müraciət etmiş və yenidən kredit götürmüşdür. Ona 1000 manat pul verilmişdir. Ona bildirmişlər ki, kart onlarda qalmalıdır. O pensiya kartını bank işçisinə vermişdir. Hər ay onun kartından cavabdeh pul çıxarmış qalan 12 manat pulu ona qaytarmışdır. Banka borcu qalmamışdır. Lakin buna baxmayaraq bank ona qarşı Salyan Rayon Məhkəməsində iddia qaldırmışdır. Qətnaməyə görə ondan 875.13 manat pul tutulmalıdır. Hesab edir ki, banka olan borca görə ondan deyil, Cavabdeh pul tutulmalıdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, "xxxx" ASC-nin Salyan Filialına işləmişdir. İddiaçının başqa bir banka borcu olduğu üçün pensiya kartından həmin borcla bağlı tutmalar olmuşdur. Ona görə də cavabdeh kredit borcunu qrafikə uyğun olaraq tam ödəyə bilməmişdir. Üzərindən xeyli vaxt keçdiyi üçün dəqiq xatırlaya bilmir, lakin yadında qalmışdır ki, bank bağlananda iddiaçının 6 aylıq borcu qalmışdır. İddiaçı ona qarşı 14 il sonra iddia qaldırmışdır. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdeh bildirmişdir ki, iddiaçının kartı ondan əvvəl bankda olmuşdur. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş qəbzlərdən görünür ki, İddiaçı tərəfindən "xxxx" ASC-nin Salyan Filalına ödənişlər olunmuşdur. İşdə olan Salyan Rayon Məhkəməsinin 2(057)-70/2020 saylı, 05 mart 2020-ci il tarixli qətnaməsindən çıxarışdan görünür ki, "xxxx" ASC-nin Salyan filialı ilə cavabdeh İddiaçı arasında bağlanmış 27 oktyabr 2014-cü il tarixli, 120/14 saylı kredit müqaviləsi üzrə İddiaçı 24 sentyabr 2019-cu il tarixə kredit öhdəliyi üzrə qalan 756.18 manat əsas borc, 68.95 manat faiz borcu, cərimə 50 manat, cəmi 875.13 qəpik məbləğində pul alınaraq Ləğv prosesində olan "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. İddiaçı Cavabdeh qanunsuz hərəkətləri nəticəsində onun pensiya kartından çıxarılmış pulların banka ödənilmədiyindən nəticədə onun banka borcu yaranmış və bu səbəbdən də, Salyan Rayon Məhkəməsinin 05 mart 2020-ci il tarixli qətnaməsi ilə ondan 756.18 manat əsas borc, faiz borcu üzrə 68.95 manat, 50 manat cərimə borcu, cəmi 875.13 manat məbləğində borc tutularaq banka verilməsi qərara alındığını qeyd etmişdir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. İddiaçı Cavabdeh pensiya kartından çıxarılmış pulları banka ödəmədiyini qeyd etsə də, iddia ərizəsinə əlavə olunmuş qəbzlərdən görünür ki, Cavabdeh tərəfindən İddiaçı adından 26 noyabr 2014-cü il tarixdə 117 manat, xx.xx.2014-cü il tarixdə 117 manat, xx.xx.2015-ci il tarixdə 117 manat, xx.xx.2015-ci il tarixdə 117 manat, 27 mart 2015-ci il tarixdə 117 manat, 27 aprel 2015-ci il tarixdə 117 manat, 27 may 2015-ci il tarixdə 117 manat, 25 iyul 2015-ci il tarixdə 117 manat, 27 iyul 2015-ci il tarixdə 117 manat, 27 avqust 2015-ci il tarixdə 65 manat, 28 avqust 2015-ci il tarixdə 17 manat, xx.xx.2015-ci il tarixdə 35 manat, xx.xx.2015-ci il tarixdə 59 manat, 05 oktyabr 2015-ci il tarixdə, xx.xx.1916-cı il tarixdə 70 manat, 17 mart 2016-cı il tarixdə 67 manat, 03 may 2016-cı il tarixdə 66 manat, xx.xx.2016-cı il tarixdə 78 manat, 04 iyul 2016-cı il tarixdə 79 manat və xx.xx.2016-cı il tarixdə 78 manat məbləğində pul "xxxx" ASC-nin Salyan Filalına və Uğur Filialına ödənilmişdir. Bununla belə məhkəmə hesab edir ki, ödənilən məbləğlərdən daha artıq miqdarda pulun iddiaçının pensiya kartından çıxarılaraq daha az məbləğdə pulun banka az ödənilməsini təsdiq edən sübutları iddiaçı məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı "xxxx" ASC-nin Salyan rayon filialına kredit üçün müraciət etmişdir. Bankla iddiaçı arasında 27 oktyabr 2014-cü il tarixli, 120/14 saylı Kredit Müqaviləsi bağlanmışdır. İddiaçı özünə məxsus pensiya kartını notarial qaydada verdiyi etibarnaməyə əsasən bankın əməkdaşı olan Cavabdeh onun kartından daha artıq məbləğlərdə pul çıxartması və banka olan kredit borcunun daha az məbləğlərdə ödəməsi ilə bağlı heç bir sübut təqdim etməmiş, cavabdehin iddiaçı qarşısında öhdəliyinin əmələ gəlməsi əsasına dair heç bir sübut olmadığından iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 107, 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar