Məhkəmə qərarları › İş №2(057)-29/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-29/2025

16.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-29/2025 16.01.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı "xxxx" QSC-nin cavabdehlər Şahbazov Ədalət Həmzəxan oğlu və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Şahbazov Ədalət Həmzəxan oğlu və Cavabdeh1 müştərək qaydada cəmiyyətin xeyrinə 751.3 manat məbləğində kredit borcu, 146.16 manat məbləğində faiz borcu və 232.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1130.29 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şahbazov Ədalət Həmzəxan oğlu ilə İddiaçı QSC arasında xx.xx.2018-ci 11 tarixdə bağlanmış 022A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdon ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu va faiz borcundan ibarat vəsaiti qaytarmamışdır. Götürdüyü kredit borcundan 1248.7 manat ödəniş etmiş va onun iddiaçıya 751.3 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzre hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Kredit borcunu va faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2020-ci il tarixə 313 gün üçün hesablanmış faiz borcu 146.16 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti vo ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,5% məbləğində cərimə ödəməlidir. xx.xx.2020-ci il tarixə 313 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 232.83 manat təşkil edir. Şahbazov Ədalət Həmzəxan oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. Odur ki, cavabdehlər Şahbazov Ədalət Həmzəxan oğlu və Cavabdeh1 müştərək qaydada cəmiyyətin xeyrinə 751.3 manat məbləğində əsas borc, 146.16 manat məbləğində faiz borcu və 232.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1130.29 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-309/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə cavabdeh Şahbazov Ədalət Həmzəxan oğlu xx.xx.2019-cu il tarixdə öldüyündən, həmin şəxsin hüquqi varisi müəyyən edilənə qədər mülki iş üzrə icraat dayandırılmışdır. İddiaçı QSC-nin nümayəndəsi Fuad Əliyev məhkəməyə vəsatətlə müraciət edərək, mərhum Şahbazov Ədalət Həmzəxan oğlunun adına ailə üzvləri ilə ümumbirgə mülkiyyətdə olan Salyan rayonu, Şikarlı kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN_043F saylı şəhadətnaməyə əsasən 0.37 ha torpaq sahəsinin qeydiyyata alınması və Salyan rayon İcra Hakimiyyəti tərəfindən isə həmin torpaq sahəsinin mərhum Şahbazov Ədalət Həmzəxan oğlunun arvadı X1 va oğlu Cavabdeh1 istifadəsində olması məlum olmuşdur. Qeyd olunanları nəzərə alaraq, mülki iş üzrə X2 va oğlu Cavabdeh1 vəfat etmiş cavabdeh Şahbazov Ədalət Həmzəxan oğlunun prosesual hüquqi varisi kimi prosesə cəlb edilməsini və iş üzrə dayandırılmış icraatın təzələnməsini və cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada cəmiyyətin xeyrinə 751.3 manat məbləğində kredit borcu, 146.16 manat məbləğində faiz borcu və 232.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1130.29 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-33/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmiş, mərhum Şahbazov Ədalət Həmzəxan oğlunun vərəsələri X2 və Cavabdeh1 mülki iş üzrə cavabdeh qismində cəlb olunaraq, bu barədə tərəflərə bildiriş göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı QSC-nin nümayəndəsi X7 bildirmişdir ki, cavabdeh Şahbazov Ədalət Həmzəxan oğlu öldüyü üçün iş dayandırılmışdır. İş üzrə digər Cavabdeh1 mərhumun oğludur. Mirası faktiki olaraq qəbul etmiş, lakin vərəsəlik açılmamışdır. Göstərilənləri nəzərə alaraq, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehlər X2 və Cavabdeh1 xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; xx.xx.2018-ci 11 tarixli 022A********** saylı kredit müqaviləsindən görünür ki, Şahbazov Ədalət Həmzəxan oğlu aylıq faiz dərəcəsi 2.1667% olmaqla 18 ay müddətinə, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. 022G**********01 saylı zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh1 bank qarşısında kredit müqaviləsi və ona ediləcək bütün əlavələrdən irəli gələn öhdəliklərin, o cümlədən borcalanın 2000 (iki min) manat məbləğində alınmış kreditin və ona hesablanmış faizlərin ödənilməsi öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Şahbazov Ədalət Həmzəxan oğlunun adına verilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2020-ci il tarixə 751.3 manat məbləğində əsas borc, 146.16 manat məbləğində faiz borcu və 232.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1130.29 manat məbləğində borcu vardır. Xəbərdarlıq məktubundan görünür ki, cavabdehlər Şahbazov Ədalət Həmzəxan oğlu və Cavabdeh1 öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmiş, lakin heç bir addım atmamışlar. Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh Şahbazov Ədalət Həmzəxan oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür. xx.xx.2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Salyan regional “ASAN Xidmət” mərkəzində Notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, mərhum Şahbazov Ədalət Həmzəxan oğlunun vərəsələri hazırki günə kimi Salyan regional “ASAN Xidmət” mərkəzində notariat ofisinə müraciət etməmiş və mərhumun adına hər hansı bir əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsi tərəfindən 28 aprel 2023-cü il tarixli vəkil sorğusuna cavab olaraq, bildirilmişdir ki, Şahbazov Ədalət Həmzəxan oğlunun adına ailə üzvləri ilə ümumbirgə mülkiyyətdə olan Salyan rayonu, Şikarlı kəndində yerləşən Torpağın mülkiyyətə verilməsinə dair JN-043F saylı şəhadətnaməyə əsasən 0.37 ha torpaq sahəsi qeydiyyata alınmış, həmçinin Şahbazov Ədalət Həmzəxan oğlunun adına ailə üzvləri ilə ümumbirgə mülkiyyətdə olan Salyan rayonu, Yenikənd kəndində yerləşən Torpağa mülkiyyət hüququna dair JN-659 saylı Dövlət aktına əsasən 1.37 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsini 4-Ə 8/197 saylı xx.xx.2007-ci il tarixli Salyan rayonu 2 saylı DNKnın alqı-satqı müqaviləsinə əsasən X3 adına özgəninkiləşdirilmişdir. Salyan Rayon 2 saylı Xüsusi Notariat ofisinin xüsusi notariusu Hüseynov M.M tərəfindən vəkil sorğusuna cavab olaraq ünvanlanmış 03 aprel 2023-cü il tarixli məktubdan görünür ki, mərhumun vərəsələri hazırki günə kimi Salyan rayon 2 saylı notariat ofisinə müraciət etməmiş və mərhumun adına hər hansı bir əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Salyan rayon İHB-nın Yenikənd kənd İƏN-si P.Cəfərov tərəfindən vəkil sorğusuna cavab olaraq 23 iyun 2023-cü il tarixdə verilmiş məktubdan görünür ki, mərhum Şahbazov Ədalət Həmzəxan oğlunun adına olan Salyan rayonunun Şəkərli kəndində yerləşən 0.37 ha həyətyani torpaq sahəsi hal-hazırda faktiki olaraq mərhumun ailə üzvlərinin istifadəsindədir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Şahbazov Ədalət Həmzəxan oğlu ilə İddiaçı QSC arasında xx.xx.2018-ci il tarixdə bağlanmış 022A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.1667% olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. Şahbazov Ədalət Həmzəxan oğlunun öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İş üzrə İddiaçı QSC qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdehlər müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 445-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. 1288-ci maddəsdinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. 1306.1-ci maddəsdinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair xx.xx.2018-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Bundan başqa əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, eləcə də miras əmlakın həcmi vərəsələrə öhdəliyi icra etməyə imkan vermədikdə, zamin kreditor qarşısında tam məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Şahbazov Ədalət Həmzəxan oğlu xx.xx.2019-cu il tarixdə ölmüş, onun adına ailə üzvləri ilə ümumbirgə mülkiyyətdə olan Salyan rayonu, Şikarlı kəndində yerləşən torpağın mülkiyyətə verilməsinə dair JN-043F saylı şəhadətnaməyə əsasən 0.37 ha torpaq sahəsinin mərhum Şahbazov Ədalət Həmzəxan oğlunun arvadı X1 və oğlu Cavabdeh1 istifadəsində olması məlum olmuşdur. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, cavabdeh Şahbazov Ədalət Həmzəxan oğlunun kredit müqaviləsi üzrə borclu olan mərhumun arvadı X2 və oğlu Cavabdeh1 onun qanun üzrə vərəsələri kimi bank qarşısında məsuliyyət daşıyır. Məhkəmə, iddia tələbinin tələbdə qeyd edilən məbləğin, həmçinin müştərək qaydada digər cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh1 mərhumun vərəsəsi olmaqla yanaşı, həmçinin kredit müqaviləsi üzrə alınmış öhdəliyə görə zamin olduğundan, qeyd edilən məbləğin və həmin məbləğə hesablanmış faiz borcunun ödənilməməsi üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1-ci maddəsinin tələbinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa kreditor qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdehlər X2 və Cavabdeh1 Şahbazov Ədalət Həmzəxan oğlunun qanun üzrə vərəsəsi kimi, həmçinin Cavabdeh1 müqavilə üzrə zamin kimi kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş cəmi 30 manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada 751.3 manat məbləğində əsas borcu, 146.16 manat məbləğində faiz borcu və 232.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1130.29 manat məbləğində borcun və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı QSC -nin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər X2 və Cavabdeh1 müştərək qaydada 751.3 manat məbləğində əsas borc, 146.16 manat məbləğində faiz borcu və 232.83 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 1130.29 manat məbləğində borc və ödənilmiş 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar