Məhkəmə qərarları › İş №2(057)-3134/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3134/2025

07.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3134/2025 07.01.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş 744 manat məbləğində maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 02 avqust 2025-ci il tarixində, saat 19:30-da Salamzadə küçəsində cavabdeh “AZƏRMAŞ LİZİNQ MMC”-nin mülkiyyətində olan və etibarnamə əsasında Cavabdeh tərəfindən idarə edilən “CHEVROLET COBALT LTZ MİNİK” markalı, 90YL419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona yol verməyib hərəkət edərək yol hərəkəti qaydalarını pozmuş və mənə məxsus olan “CHANGAN UNİ-Z” markalı, 77TF744 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol hərəkəti qaydalarının pozulması nəticəsində baş vermiş qəza üzrə ona 744 (yeddi yüz qırx dörd) manat məbləğində maddi zərər dəymişdir. Maşınının aldığı zədə və görülücək işlər Azərbaycan Avtomobil Evi tərəfindən verilmiş təmir aktından (qüsur aktı) aydın şəkildə görünür. Həmçinin hadisə nəticəsində Bakı şəhər DYPİ Polis Baş X1 iştirakı ilə cavabdehə 02 avqust 2025-ci il tarixli, İX7312095 nömrəli inzibati xəta protokolu tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar əsasında cavabdehə nəqliyyat vasitəsini idarə edərkən yolayrıcını keçmə qaydalarının pozulması, qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə, 100 (yüz) manat məbləğində cərimə inzibati tənbeh növü tətbiq edilmişdir. Odur ki, ona dəymiş zərərin ödənilməsi məqsədilə cavabdeh sığorta şirkəti ilə ödənişi təmin etməmiş və ona ciddi şəkildə ziyan vurmuşdur. Qeyd edilən səbəbdən ümumilikdə, 744 (yeddi yüz qırx dörd) manat məbləğ dəymiş zərərin ödənilməsi onun öz vəsaiti hesabına həyata keçirilmişdir. Tərəfindən cavabdehə dəfələrlə ona dəymiş 744 (yeddi yüz qırx dörd) manat zərər məbləği vəsaitin ödənilməsi ilə bağlı şifahi müraciətlər edilməsinə baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər hər hansı addım atılmamışdır. Göründüyü kimi, Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinə görə təqsirli olması baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus nəqliyyat vasitəsinə maddi zərər vurması inzibati tənbeh vermə haqqında qərar ilə sübuta yetirilmiş, həmin hadisə nəticəsində nəqliyyat vasitəsinə vurulmuş zərərə görə mülki hüquqi məsuliyyəti yaranmışdır. Hadisənin baş verdiyi tarixdən sonra avtomobilinə dəymiş ziyan aradan qaldırılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məkhəməyə möəlumat verməmişdir. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən iddiaçı iddiasını müdafiə etmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə idarə etdiyi Chevrolet Cobalt LTZ minik markalı **-YL-*** dövlət nömrə nişanlı maşınla Azərbaycan Respublikasının İXM-nin 469.3-cü və 327.2-ci maddələrində nəzərədə tutulmuş inzibati xətaları törətmişdir. xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 469.3-cü və 327.2-ci maddələrində nəzərədə tutulmuş inzibati xətaları törətdiyinə görə barəsində 100 manat məbləğinə cərimə tənbeh növü tətbiq edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki,”Changan Uni Z Plug-İn Hibrid minik” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi İddiaçıdır. Yol-nəqliyyat hadisəsi barəsində arayışdan görünür ki, hadisə nəticəsində “Changan” markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol arxa yan hissəsi, künc hissəsi əzilmişdir. “Changan Servis” tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli təmir aktından görünür ki, ”Changan Uni Z ” markalı **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 744 manat maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə idarə etdiyi CHEVROLET COBALT LTZ MİNİK” markalı, 90YL419 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının İXM-nin 469.3-cü və 327.2-ci maddələrində nəzərədə tutulmuş inzibati xətaları törədərək iddiaçının idarə etdiyi “CHANGAN UNİ-Z” markalı, 77TF744 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə 744 manat məbləğində maddi ziyan dəymişdir, həmin maddi ziyanın cavabdeh tərəfindən vurulması işin materialları ilə sübut olunur. Cavabdeh vurduğu ziyanı ödəməmiş, həmçinin iddiaçıya sığorta ödənişinin də ödənilməsi mümkün olmamışdır. Buna görə də iddiaçı haqlı olaraq məhkəməyə müraciət etmişdir. Buna görə də iddia əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 744 manat məbləğində maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 30 manat İddiaçı-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 744 manat məbləğində maddi ziyan və dövlət rüsumu kimi ödənilmiş 30 manat İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şahəddin Kələntərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar