Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-32/2025 13.05.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Yüzbaşıyev Ramil Vahid oğlunun katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Əliyev Fuad Asif oğlunun iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Bəgalı oğluna qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh Bəgalı oğluna qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Bəgalı oğlu İddiaçı QSC ilə xx.xx.2019-cu il tarixdə bağladığı 022A********** saylı kredit müqaviləsi əsasında aylıq faiz dərəcəsi 2.25 % olmaqla 18 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2000 manat məbləğində kredit götürmüşdür. O, kredit müqaviləsinin 1.2-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2020-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit borcundan 1109.4 manat ödəniş etmiş və onun iddiaçıya 890.6 manat məbləğində kredit borcu qalmışdır. Kredit müqaviləsinin 2.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz həmin kredit müqaviləsinin 1.1 bəndi ilə müəyyən edilmiş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2021-ci il tarixə 253 gün üçün hesablanmış faiz borcu 130.37 manat təşkil edir. Kredit müqaviləsinin 4.2.3-cü bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2021-ci il tarixə 253 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 225.33 manat təşkil edir. Salyan Rayon Məhkəməsinin 2(057)-1510/2021 saylı, 04 noyabr 2021-ci il tarixli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Bəgalı oğluna qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə icraat hüquqi varis müəyyən edilənə kimi dayandırılmışdır. Dəfələrlə İcra Nümayəndəliyinə və Notariat Ofisinə sorğular ünvanlanmış, həmin sorğulara cavab olaraq bildirilmişdir ki, mərhum Cavabdeh Bəgalı oğlunun adına hər hansı bir əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-32/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 bildirdi ki, iş üzrə Cavabdeh Bəgalı oğlu xx.xx.2020-ci ildə vəfat etmiş, onun barəsində vərəsəlik işinin rəsmiləşdirilməsi aşkar edilməmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə sorğu edilmiş, sorğuya verilmiş cavabdan müəyyən edilmişdir ki, mərhumun adına 0.15 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Həmçinin Baş Dövlət Yol Polis İdarəsinə də sorğu edilmiş, mərhumun adına hər hansı bir nəqliyyat vasitəsi aşkar edilməmişdir. Yaşayış yeri üzrə İcra Nümayəndəliyinə sorğu edilmiş, sorğuya hazırda cavab alınmamışdır. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş Salyan rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, Cavabdeh Bəgalı oğlu xx.xx.2020-ci ildə ölmüşdür. İş materiallarından görünür ki, İddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 24-cü maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Maddənin məzmunundan da göründüyü kimi, fiziki şəxs dedikdə, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər başa düşülür. Mülki Məcəllənin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Göründüyü kimi, Cavabdeh Bəgalı oğlu, İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində fiziki və hüquqi şəxslər çıxış edə bilər ki, iddiaçı hazırki halda hüquq qabiliyyəti olmayan ölmüş şəxsə qarşı iddia qaldırdığından və Cavabdeh Bəgalı oğlu iş üzrə cavabdeh hesab edilmədiyindən bu iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. MPM-in 114.1.4-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 261.0.1 və 262.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. xx.xx.2021-ci il tarixli, ********* nömrəli mədaxil qəbzinə əsasən dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-32/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-32/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver