Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-3256/2025 12.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Kələntərov Şahəddin Əhməd oğlunun sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3000 manat dəyərində qızılların pulunu və borc kimi verdiyi 5000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh onun əmisi qızı və X1 isə onun həyat yoldaşıdır. Cavabdeh 2024-cü ilin sentyabr ayında ondan borc pul istəmiş X3 şəhərində yeni ev alacaqlarını və pullarının çatmadığını bildirmiş və ondan borc verməyini xahiş etmişdir. O da qohumluq və uzun illərdir ki, tanışlıq olduğundan və əmisi qızı olduğundan ona 3000 manat dəyərindəki qızıllarını və 5000 manat pulu borc vermişdir. Cavabdehə verdiyi 3000 manat dəyərindəki qızıllarını lombarda qoyaraq pul götürmüşdür, lakin hansı lombarda qoyduqlarını dəqiq bilmir. Cavabdehə ümumilikdə 3000 manat dəyərindəki qızıllarının pulunu və 5000 manat pulu 1-2 ay ərzində ödəyəcəyini bildirmiş, aylarla gözləsə də, heç bir ödəniş edilməmişdir. O da məcbur olub Polisə şikayət etmiş, onlar müvafiq izahatlarında ona borclu olduqlarını etiraf etmişlər. Məhkəmədən Polisə müvafiq sorğu verilməsini və şikayəti ilə bağlı materialların tələb edilməsini xahiş etmişdir. Cavabdeh ona 3000 manat dəyərindəki qızıllarını və 5000 manat pulu olmaqla cəmi 8000 manat pul borcludur, lakin cavabdeh tərəfindən verilən vədə əməl edilməmiş və həmin pul ödənilməmişdir. Cavabdehlə dəfələrlə əlaqə saxlasa da, borcunu etiraf etmiş, lakin borc ödənilməmişdir. xx.xx.2026-cı il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbində qeyd etdiyi qızılların 1 ədəd 583 əyyarda brilliant qaşlı qadın üzük, 1 ədəd 583 əyyarda brilliant qaşlı kişi üzüyü, 750 əyyarda bir cüt qaşsız sırğa, 1 ədəd beş rubl dəyərində qızıl sikkə, 1 ədəd sadə qızıl sep olduğunu bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında iştirak edərək iddia ərizəsini müdafiə etmiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmənin 09 yanvar 2026-cı il tarixli baxış iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında iştirak edərək bildirmişdir ki, iddiaçının iddia etdiyi qızıllar onun tərəfindən lombarda verilmiş, həmin qızılları cari ilin aprel ayında lombarddan götürüb iddiaçıya qaytaracaq. İddiaçının iddia etdiyi 5000 manat pula münasibətdə isə bidlirmişdir ki, o, iddiaçıdan 5000 manat deyil, 3000 manat pul götürüb, iddiaçı həmin 3000 manatın üzərinə 2000 manat da faiz hesablayıb istəyir. Məhkəmə iddiaçının, cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan fotoşəkillərdən iddiaçının cavabdehə verdiyini iddia etdiyi müxtəlif qızıl-zinət əşyaların şəkilləri görünür. İş materiallarına əlavə edilmiş, Salyan rayon Polis Şöbəsi tərəfindən Salyan rayon Məhkəməsinə göndərilmiş izahatlardan görünür ki, cavabdeh iddiaçıdan qızıl-zinət əşyalarını və 5000 manat pulu borc kimi aldığını bildirir. İşin araşdırılan halları, iddiaçının və cavabdehin izahatları ilə müəyyən olundu ki, iddiaçı cavabdehə müxtəlif qızıl-zinət əşyalarını vermiş, cavabdeh həmin qızıl-zinyət əşyalarını lombarda girov qoymuş, bundna başqa cavabdeh iddiaçıdan 5000 manat pulu borc kimi almış, lakin vəd etdiyi vaxtda qaytarmamışdır. Qeyd olunanlara görə məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qızıl-zinyət əşyalarını və 5000 manat pulu tələb etməkdə haqlıdır. Cavabdeh Slyan Rayon Polis Şöbəsində verdiyi izahatında iddiaçıdan 5000 manat pul aldığını qeyd edir, həmin izahatında o, iddiaçı tərəfindən pulların ona faiz olaraq verilməsi barədə hər hansı bir qeyd aparmır. Eyni zamanda cavabdeh iddiaçıdan aldığı pulun bir hissəsinin iddiaçıya qaytarıldığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı cavabdehə veridyi qızıl-zinyət əşyalarının dəyəri kimi 3000 manat pulu tələb etsə də, cavabdeh həmin qızılların onda olduğunu və qızılları qaytaracağını dediyi üçün məhkəmə hesab edir ki, həmin qızılların dəyəri deyil, məhz qızılların özü iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh iddianının qızıl-zinyət əşyaları ilə bağlı hissəsini qəbul edib onu etiraf etdiyindən Cavabdeh qızıl-zinyət əşyalarının pulun İddiaçı xeyrinə ödənilməsi tələbi barədə iddia tələbi əsaslıdır və iddia tam təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş fotoşəkillərdə olan qızıl-zinyət əşyaları cavabdehə təqdim olunmuş, cavabdeh həmin qızıllara baxaraq onların onda (cavabdehdə) olmasını, onun tərəfindən lombardda girov qoyulmasını və cari ilin aprel ayında qızılların lombarddan götürülərək iddiaçıya qaytarılacağını bildirmişdir. Buna görə məhkəmə həmin qızıl-zinyət əşyalarının dəyərinin müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsini zəruri hesab etmir. Azərbaycan Respublikası Mülki Peosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında borc münasibətləri yaranan zaman qüvvədə olan Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi iddiaçının cavabdehə verdiyini iddia etdiyi borcun bir hissəsi-5000 manat hissəsi ilə bağlı yazılı müqavilə bağlamamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər arasında qızıl-zinyət əşyaları ilə bağlı münasibətlər borc münasibətləri olsa da, 5000 pulun verilməsi ilə bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq yazılı borc müqaviləsi olmadığından cavabdeh iddiaçıdan aldığı pul vəsaiti hesabına əsassız varlanmışdır. Ona görə də tərəflər arasında yaranmış öhdəliyin əsası qismində borc müqaviləsindən irəli gələn öhdəliklərə dair normalardan əlavə həmçinin mülki qanunvericiliyin əsassız varlanmanı tənzimləyən normaları çıxış edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə müvafiq olaraq mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri əsassız varlanmadır (maddə 14.2.7). Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin (1091.1). Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (1092.1). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn borcunu ödəməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borc məbləğini iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh borc müqaviləsi əsasında iddiaçıdan borc alınmasına dair hüququndan istifadə etmiş, borc pul vəsaitini ödəməli olmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Digər tərəfdən cavabdeh iddiaçının hesabına əsassız varlanmışdır. Odur ki, cavabdeh borcunu ödəmədiyindən və əsassız varlanma nəticəsində əldə etdiklərini qaytarmadığından iddiaçı borcun və əsassız varlanma nəticəsində əldə edilmiş pulun ödənilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 5000 (beş min) manat və qızılzinyət əşyaları-1 ədəd 583 əyyarda brilliant qaşlı qadın üzük, 1 ədəd 583 əyyarda brilliant qaşlı kişi üzüyü, 750 əyyarda bir cüt qaşsız sırğa, 1 ədəd üzərində “beş rubl” yazısı olan qızıl sikkə, 1 ədəd sadə qızıl sep alınaraq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh qızıl-zinyət əşyaları-1 ədəd 583 əyyarda brilliant qaşlı qadın üzük, 1 ədəd 583 əyyarda brilliant qaşlı kişi üzüyü, 750 əyyarda bir cüt qaşsız sırğa, 1 ədəd üzərində “beş rubl” yazısı olan qızıl sikkə, 1 ədəd sadə qızıl sep alınsın İddiaçı verilsin və 5000 (beş min) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şahəddin Kələntərov
Məhkəmə qərarları › İş №2(057)-3256/2025
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-3256/2025
12.02.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver