Məhkəmə qərarları › İş №2(057)-330/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-330/2025

18.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-330/2025 18.02.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 5000 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan şəhərində qızıl satışı ilə məşğul olur. Mağazada olan qızılları həm nağd, həm də hissə-hissə ödənişlə nisyə olaraq satır. Cavabdeh müxtəlif vaxtlarda təxminən 30000 manatlıq qızıl-zinət əşyaları almış və qaytarmışdır. Cavabdeh 2023-cü ilin aprel ayında ondan ümumi dəyəri 5000 manat olan bir ədəd tros sep və bir komplekt qızıl sırğa almış, borcunu tam şəkildə ödəyəcəyinə söz versə də borcunu bugünkü günə qaytarmamışdır. Cavabdehə dəfələrlə borclu qaldığı pulu tələb etməyinə baxmayaraq müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Məcbur olaraq, onun barəsində Salyan rayon Polis Şöbəsinə şikayət etmişdir. Salyan rayon X1 Röyalənin izahatı alınmış və borcunu etiraf etmiş, imkanı olanda qaytaracağını bildirmişdir. Ona görə də, Cavabdeh 5000 manat məbləğində pulun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləşinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, işə əlavə edilmiş sənədləri nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş; İddiaçı Salyan Rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə vermiş olduğu izahatından görünür ki, rəfiqəsi Sonadan satmaq üçün qızıl-zinət əşyaları almış, bu vaxta qədər aldığı qızılı sataraq Sonanın pulunu vermişdir. Sonadan aldığı 5000 manat dəyərində qızılı Salyan rayon Quyçu kənd məktəbinin direktoru işləmiş, tanışı Cavabdeh satmışdır. Röyalə aldığı qızılın pulunu verməmiş, dəfələrlə borclu qaldığı pulu tələb etməyinə baxmayaraq, müxtəlif bəhanələrlə boyun qaçırmışdır. Məcbur qalaraq, onun barəsində Salyan Rayon Polis Şöbəsinə şikayət etmişdir. xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun olması barədə xəbərdar olunmuşdur. İş üzrə Cavabdeh Salyan Rayon Polis Şöbəsində xx.xx.2024-cü il tarixdə vermiş olduğu izahatından görünür ki, təxminən 4 ilə yaxındır ki, Nəzakət Abbasovanı tanıyır. Nəzakətdən müxtəlif vaxtlarda təxminən 30000 manatlıq qızıl-zinət əşyaları almış və qaytarmışdır. Lakin sonradan 2023-cü ilin aprel ayında Nəzakətdən ümumi dəyəri, 5000 manat olan bir ədəd tros sep və bir komplekt qızıl sırğa almışdır. Şəxsi problemləri olduğu üçün qızılın pulunu qaytara bilməmişdir. Bu günə qədər Nəzakətə 5000 manat borcunun qaldığını qeyd etmişdir. Beləliklə, tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh iddiaçıdan müxtəlif vaxtlarda təxminən 30000 manatlıq qızıl-zinət əşyaları almış və qaytarmışdır. Cavabdeh 2023-cü ilin aprel ayında ondan ümumi dəyəri 5000 manat olan bir ədəd tros sep və bir komplekt qızıl sırğa almış, borcunu tam şəkildə ödəyəcəyinə söz versə də, borcunu qaytarmamışdır. Cavabdehə dəfələrlə borclu qaldığı pulu tələb etməyinə baxmayaraq, o, müxtəlif bəhanələrlə bundan boyun qaçırmışdır. Cavabdeh Salyan Rayon Polis Şöbəsində vermiş olduğu izahatında borcunu etiraf etmiş, imkanı olduqda qaytaracağını bildirmişdir. Cavabdeh iddiaçı qarşısında öhdəlik götürmüş və həmin öhdəliyi icra etməyərək mülki qanunvericiliyin tələblərini pozmuşdur. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, iddia qanuni və əsaslıdır, bu səbəbdən də təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrasıüçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427- ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 70 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 5000 (beş min) manat pul və ödənilmiş 70 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213, 214, 216- 220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat pul və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar