Məhkəmə qərarları › İş №2(057)-349/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-349/2024

20.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-349/2024 20.02.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, X11 qızının katibliyi, İddiaçı, Cavabdeh Salamat oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh Salamat oğluna qarşı “alimentin artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Salamat oğluna qarşı “alimentin artırılması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21 mart 2011-ci il təvəllüdlü X8 və 25 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(057)-1862/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin Cavabdeh Salamat oğlundan tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Salamat oğlu ilə 2010-cu ildə ailə həyatı qurmuşlar. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 anadan olmuşdur. Salyan Rayon Məhkəməsinin 2(057)-535/2012 saylı, 10 dekabr 2012-ci il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, 2 azyaşlı uşaq onun yanında saxlanılmış, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət edilmişdir. Daha sonra Salyan Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin 10 dekabr 2022-ci il tarixli, 2(057)-535/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 12 aprel 2017-ci il tarixdən başlayaraq Cavabdeh Salamat oğlundan hər ay aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda cavabdeh işdən çıxdığı üçün aliment ala bilmir. Ona görə də, alimentin sabit pul məbləğində kəsilməsini istəyir. O, valideynlərinin yanında yaşayır. Atası açıq ürək əməliyyatı keçirdiyi üçün heç bir yerdə işləyə bilmir. Maddi vəziyyətləri həddindən artıq pisdir. Ona görə də, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Salyan Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(057)-1862/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində alimentin Cavabdeh Salamat oğlundan tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, cavabdehlə olan birgə nikahlarından iki qız övladı var. Hər iki övladının səhhətində problemlər var. Kiçik qızı Nazlı daimi müalicə alır. Uşaqlar məktəblidirlər və qızı Bahar 5 müəllim yanına hazırlığa gedir. Uşaqları müəllim yanına taksi aparır. Hər ay taksiyə 50 manat pul ödəyir. Cavabdehdən heç olmasa hər bir uşaq üçün 200 manat aliment ödənişi etməsini tələb edir. Cavabdehin qazancı barədə məlumatı yoxdur. İllər ərzində cavabdeh uşaqları ilə maraqlanmamışdır. Əvvəlki məhkəmə iclasında iddiaçı izahatında bildirmişdir ki, Salyan Rayon Məhkəməsinin 10 dekabr 2012-ci il tarixli, 2(057)-535/2012 saylı qətnaməsi ilə hər ay hər uşağa 50 manat olmaqla, cəmi 100 manat sabit pul məbləğində alimentin Cavabdeh Salamat oğlundan tutularaq ona ödənilməsi qət edilmişdir. Daha sonra alimentin məbləğinin dəyişdirilməsi və cavabdehin əmək haqqına yönəldilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün 12 aprel 2017-ci il tarixdən başlayaraq cavabdehdən hər ay aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hazırda cavabdehdən sabit pul məbləğində aliment tələb edir. O, iki qız uşağı böyüdür. Onlar hərəsi 03 müəllim yanına gedir. Ona və uşaqlarına atası baxır. Atası hazırda xəstədir və heç bir yerdə işləmir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Salamat oğlu bildirmişdir ki, Daha sonra 4 il müddətinə həbs olunmuşdur. Sığorta ödənişi ilə bağlı məhkəmənin qətnaməsinə əsasən ondan hər ay pul tutulur. On il evlənməyib, iddiaçı ilə barışmaq istəsə də iddiaçı barışmaqdan imtina etmişdir. Məcbur qalıb Gülnarə adlı xanımla ikinci dəfə ailə həyatı qurmuşdur. Həmin nikahdan 17 yanvar 2022-ci il təvəllüdlü X10 doğulmuşdur. İddiaçı uşaqları ilə görüşməyə icazə vermir. Sonuncu dəfə uşaqları ilə on il əvvəl görüşmüşdür. İşlədiyi müddətdə əmək haqqının 1/3 hissəsi miqdarında aliment iddiaçının xeyrinə tutulmuşdur. Həmin vaxt aylıq əmək haqqı 650 manat olmuşdur. Hazırda 520 manat əmək haqqı alır. Hər ay uşaqlara 160-170 manat məbləğində pul ödəməyə imkanı vardır. Hazırda Bakı şəhərində ailəsi ilə birlikdə kirayədə yaşayır. Orada işlədiyi üçün kənddə qayıda bilmir. Əlavə gəlir yeri yoxdur. Atası hər ay 120 manat maddi kömək edir. Məhkəmə iddiaçı və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına olan Salyan Rayon Məhkəməsinin 2(057)-1862/2017 saylı, 24 may 2017-ci il tarixli icra sənədindən görünür ki, Salyan Rayon Məhkəməsinin 2(057)- 535/2012 saylı, 10 dekabr 2012-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək, 21 mart 2011-ci il təvəllüdlü X8 və 25 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün 12 aprel 2017-ci il tarixdən başlayaraq Cavabdeh Salamat oğlundan hər ay aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan X1 ksero surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X9 doğulmuşdur. İş materiallarında olan Salyan 1 saylı Mediasiya Təşkilatının vermiş olduğu X6 iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində ilkin mediasiya sessiyası üçün ərizə ilə müraciət etmişdir. xx.xx.2023-cü il tarixində sessiya keçirilmiş və Cavabdeh Salamat oğlunun iştirak etməməsi əsasında müvafiq arayış verilmişdir. İş materiallarında olan 8 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 13 nömrəli arayışdan görünür ki, Cavabdeh Salamat oğlu qonşuların aktına əsasən B.Sərdarov küçəsi, 2 saylı evin 19 nömrəli mənzilində qeydiyyatsız, kirayədə yaşayır. İş materiallarında olan 12 saylı X12 Müəssisəsinin rəisi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 57 nömrəli arayışın ksero surətindən görünür ki, Rzayev X2 Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən 04 il müddətinə azadlıqdan məhrum edilmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək cəza çəkmiş və cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan 9 saylı Mənzil-Kommunal Təsərrüfat sahəsinin rəisi tərəfindən verilmiş 22 yanvar 2024-cü il tarixli, 11 nömrəli arayışdan görünür ki, Cavabdeh Salamat oğlu Bakı şəhər Səbail rayon 9 saylı Mənzil-Kommunal İstismar Sahəsində xx.xx.2020-ci il tarixdən fəhlə işləyir, ştat cədvəlinə əsasən 520 manat əmək haqqı alır. İş materiallarında olan Səadət Sarayı (Bakı nikah evi) tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş AZ-İİ № seriyalı, 416079 nömrəli X3 ksero surətindən görünür ki, Cavabdeh Salamat oğlu ilə X7 arasında xx.xx.2020-ci il tarixdə nikah bağlanmış, həmin tarixdən nikahın bağlanması haqqında akt qeydləri kitabında 742 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Rzayeva soyadı verilmişdir. İş materiallarında olan X4 ksero surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2022-ci il təvəllüdlü X10 doğulmuşdur. İş materiallarında olan Cavabdeh Salamat oğlu tərəfindən məhkəməyə ünvanlanmış aliment tələbinin dəyişdirilməsi və artırılması tələbinə qarşı etirazdan görünür ki, İddiaçı ilə 2010-cu il tarixdə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2011-ci il tarixdə Rzayeva Bahar və xx.xx.2012-ci il tarixdə Rzayeva Nazlı anadan olmuşdur. İddiaçı ərizəsinə əsasən Salyan Rayon Məhkəməsinin 10 dekabr 2012-ci il tarixli, 2(057)- 535/2012 saylı qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuş, 2 azyaşlı uşağın anasının yanında saxlanması, uşaqların yetkinlik yaşına çatanadək hər uşağa 50 manat olmaqla, 100 manat sabit pul məbləğində alimentin alınaraq İddiaçı verilməsi qət edilmişdir. Daha sonra Salyan Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli qətnaməsi ilə Salyan Rayon Məhkəməsinin 10 dekabr 2012-ci il tarixli, 2(057)-535/2012 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilərək 21 mart 2011-ci il təvəllüdlü X8 və 25 may 2012-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 aprel 2017-ci il tarixdən başlayaraq ondan aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq Babaşova Əfsənəyə verilməsi qət edilmişdir. Bildirir ki, nikahın pozulması ilə bağlı məhkəmə qərarının tələbinə riayət etmiş, alimentin verilməsində heç bir qanun pozuntusuna yol verməmişdir. Alimentin miqdarının dəyişdirilməsi ilə bağlı 12 aprel 2017-ci il tarixdən əvvəl, 10 dekabr 2012-ci il tarixli, 2(057)- 535/2012 saylı qətnamənin tələbi iki uşağa 100 manat olsa da, o hər 5 il ərzində 120 manat və daha çox pul ödəmişdir. 12 aprel 2017-ci ildən başlayaraq xx.xx.2019-cu il tarixinə qədər məhkəmənin qərarına riayət edərək tələb olunan miqdarda alimenti ödəmişdir. xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixə qədər Cəlilabad Hərbi Məhkəməsinin xx.xx.2019-cu tarixli hökmü ilə 4 il müddətinə cəza çəkmiş və azad olmuşdur. Dörd il ərzində atası hər ay 120 manat, bəzi vaxtlarda daha çox aliment ödəmişdir. İddia ərizəsində Ailə Məcəlləsindən “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunundan statlar gətirilmişdir. O, atalıq borcunu yaxşı bilir. Onu da bildirir ki, Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvəsində işlədiyi 04.2014-cü il tarixdən 04.2019-cu il tarixinədək alimenti 170 manat olaraq ödəmiş, çünki subay olmuş, ailə qurmamışdır. xx.xx.2020-ci il tarixdə ailə qurmuş, xx.xx.2022-ci il tarixdə övladı doğulmuşdur. Bakı şəhəri, Səbail rayonu, B.Sərdarov küçəsi 2, 19 saylı mənzildə ailəsi ilə birgə kirayədə yaşayır. Aylıq kirayə haqqı 250 manatdır. Bakı şəhəri 9 saylı Mənzil-Kommunal İstismar Sahəsində xx.xx.2020-ci il tarixdən fəhlə işləyir(cəzasını məntəqə tipli 12 saylı Cəzaçəkmə Müəssisəsində çəkmiş, ona görə müəyyən olunmuş ərazidən çıxmamaq şərti ilə həmin ərazidə işləmək imkanı olmuşdur). Aylıq əmək haqqı 520 manatdır. Həyat yoldaşı işləmir, xəstədir. Doğuşdan sonra görmə qabiliyyətini 80 faiz itirmişdir. Mütləq olaraq gözləri əməliyyat olunmalıdır. İmkanı yoxdur. O, ikinci övladlarına hamilədir. Hər ay 50 manata dərman alırlar, hər həftə həkimə aparır. X16 2 yaşı var. Rayona qayıtmaq istəsə də, qayıda bilmir, çünki iş yoxdur. Bütün bu çətinliklərə baxmayaraq o hər ay övladlarına alimenti vaxtında ödəyir. Ona görə də, İddiaçı iddia tələbinin rədd olunması və hər ay 2 uşağa görə aylıq alimentin 120 manat sabit pul məbləğində saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 3-cü maddəsinin tələbinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 13-cü maddəsində isə imperativ qayda müəyyən edilmişdir ki, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcələnin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcələnin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8 nömrəli qərarının 8.13-cü bəndində qeyd edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Eyni qərarın 8.7-ci bəndinin 2-ci cümləsində qeyd edilmişdir ki, aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqını ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. Plenum qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, 2024-cü ilin yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının uşaqların saxlanılmalarında çətinlik çəkməsi, uşaqların böyüməsi ilə bağlı tələbatlarının artması, həmçinin hazırda cavabdehin evli olmasını və həmin evlilikdən də yetkinlik yaşına çatmayan uşaqının olmasını və uşaqlar üçün müəyyən edilmiş hazırki yaşayış minimumunu da nəzərə alınaraq hesab edir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahlarından doğulan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Salyan Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(057)-1862/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, qətnamə qanuni qüvvəyə mindiyi gündən Cavabdeh Salamat oğlundan hər ay, hər uşağa 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq, İddiaçı verilməlidir. Məhkəmə iddiaçının Cavabdeh Salamat oğlundan xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 250 manat olmaqla, cəmi 500 manat sabit pul məbləğində aliment tələb etməsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbin həmin həcmdə təmin olunması üçün məhkəməyə kifayət qədər sübut təqdim etməmiş, təqdim olunmuş sübutlar isə həmin tələbin tam həcmdə təmin olunmasına kifayət etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 56 (əlli altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(057)-1862/2017 saylı qətnaməsi ilə ilə təyin edilmiş alimentin məbləği artırılsın. xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2012-ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Salyan Rayon Məhkəməsinin 24 may 2017-ci il tarixli, 2(057)-1862/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq, Cavabdeh Salamat oğlundan İddiaçı xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay hər uşaq üçün 150 (yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz ) manat sabit pul məbləğində aliment tutulsun. Miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh Salamat oğlundan 56 (əlli altı) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar