Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-355/2023 17.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı iddiasını onunla əsaslandırmışdır ki, vaxtı keçmiş kredit borclarının restrukturizasiya edilməsi barədə İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 06 avqust 2020-ci il tarixli, 86 saylı Qərarının icrası ilə əlaqədar İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının ( İddiaçı QSC) Salyan filialı ilə Cavabdeh1 arasında 19 yanvar 2021-ci il tarixli 87 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqaviləsi” (Restrukturizasiya müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 2548,15 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 60 ay müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. Cavabdeh1 ilə bağlanmış 19 yanvar 2021-ci il tarixli 87 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqavitləsi”nin təminatı kimi İddiaçı QSC-nin Salyan filialı ilə Cavabdeh2 arasında 19 yanvar 2021-ci il tarixli 87 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu əsas və faiz borcundan ödəniş etməmişdir. Odur ki, iddia ərizəsinə sadələşdirilmiş icraat qaydasında baxılmaqla cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2548,15 manat əsas borc, 38,25 manat faiz borcu olmaqla, cəmi 2586,4 manat borcun və ödənilmiş 45,86 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC-yə ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, Cavabdeh1 2548,15 manat vaxtı keçmiş kredit borcunu müqavilə imzalandığı tarixdən illik 1 faiz hesablanmaqla ödəniş qrafiki əsasında 60 ay müddətində İddiaçı QSC-yə ödənilməsi barədə öhdəlik götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 2548,15 manat əsas borcun, 38,25 manat faiz borcunun, cəmi 2586,4 manat borcu vardır. İş materiallarında olan zaminlik müqaviləsindən görünür ki, cavabdeh ilə bağlanmış 19 yanvar 2021-ci il tarixli 87 saylı “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun Restrukturizasiya Müqavitləsi”nin təminatı kimi İddiaçı QSC-nin Salyan filialı ilə Cavabdeh2 arasında 19 yanvar 2021-ci il tarixli 87 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan cavabdehlərə ünvanlanmış bildirişdən görünür ki, cavabdehlər kredit borcunun ödənilməsi zəruriliyi barədə rəsmi qaydada xəbərdar edilmişlər. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 45,86 manat dövlət rüsümu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Mülki Məcələnin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Mülki Məcəllənin 739-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin məcəllənin 284-2-ci madəsinə əsasən kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Həmin məcəllənin 284-6.1-ci madəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Həmin məcəllənin 284-6.2-ci maddəsinə əsasən məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233, 284-1- 284- 6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2548,15 manat əsas borc, 38,25 manat faiz borcu və 45,86 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı QSC-nin hesabına ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-355/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-355/2023
17.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver