Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-37/2025 17.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi ilə İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci ildə “X1 Azərbaycan” QSC və Cavabdeh arasında bank hesabı, debet kartı, kredit kartı və zaminlik haqqında qarışıq müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinin şərtlərinə görə, bankları tərəfindən borcalan Cavabdeh istehlak yönümlü 1800 manat məbləğində kredit kartı limiti ayrılmışdır. "xxxx" QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də, borcalan Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq kreditin əsas məbləğini və ona hesablanmış faizlərin ödənilməsini kredit ayrılan vaxtdan mütəmadi olaraq gecikdirmişdir. Borcalana dəfələrlə bu barədə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öhdəliyi icra etməmiş və bu günədək borcu ödəməmişdir. Cavabdehin kredit müqaviləsinə əsasən “X1 Azərbaycan” QSC-yə 1799.77 manat əsas, 226.34 hesablanmış və ödənilməmiş faiz borcu, 181.75 manat cərimə borcu,14 manat müqavilədə nəzərdə tutulmuş xərclər və komissiyalar üzrə borc, 4.80 manat bildirişlərin (pretenziyaların) göndərilməsi üzrə poçt xərcləri olmaqla, cəmi 2226.66 manat borcu vardır. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə, eləcə də borcalan və zaminlə bağlanmış müqaviləyə əsasən, borcalan öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə kreditor borcalan və zamindən kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin bununla bağlı çəkilmiş bütün xərclərin onların hesabına, o cümlədən onların əmlakları hesabına ödənilməsini tələb edə bilər. Salyan Rayon Məhkəməsinin 2(057)-487/2022 saylı, 02 mart 2022-ci il tarixli qərardadı ilə “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki iş üzrə icraat Cavabdeh ölməsi ilə əlaqədar dayandırılmışdır. Dəfələrlə İcra Nümayəndəliyinə və Notariat Ofisinə sorğular ünvanlanmış, həmin sorğulara cavab olaraq bildirilmişdir ki, mərhum Cavabdeh adına hər hansı bir əmlakla bağlı vərəsəlik işi açılmamışdır. Salyan Rayon Məhkəməsinin 2(057)-37/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işə əlavə olunmuş Salyan rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli arayışının ksero surətindən görünür ki, Cavabdeh Qulamhüseyin oğlu xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarından isə görünür ki, iddiaçı mövcud iddia ərizəsi ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 50.1-ci maddəsinə əsasən, prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 24-cü maddəsinə əsasən, fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Azərbaycan Respublikasında bütün vətəndaşlar, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər fiziki şəxslərdir. Maddənin məzmunundan da göründüyü kimi, fiziki şəxs dedikdə, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər başa düşülür. Mülki Məcəllənin 24.1-ci maddəsinə əsasən fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Mülki Məcəllənin 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. Göründüyü kimi, Cavabdeh İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etməmişdən əvvəl, yəni xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, mülki hüquq münasibətlərində fiziki və hüquqi şəxslər çıxış edə bilər ki, iddiaçı hazırki halda hüquq qabiliyyəti olmayan ölmüş şəxsə qarşı iddia qaldırdığından və Cavabdeh iş üzrə cavabdeh hesab edilmədiyindən bu iddia tələbinə məhkəmə qaydasında baxıla bilməz. Buna görə də, iş üzrə icraata xitam verilməlidir. MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. MPM-in 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-in 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Göstərilənlərə əsasən və MPM-in 261.0.1 və 262.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “X1 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet istifadə edilməklə Salyan Rayon Məhkəməsinə verilə bilər. Hakim: Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №2(057)-37/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-37/2025
17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver