Məhkəmə qərarları › İş №2(057)-394/2023

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-394/2023

28.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-394/2023 28.03.2023 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Babayeva Nənəqız Millət qızının katibliyi, İddiaçı Məlikov Elvin Əlimərdan oğlunun nümayəndəsi və vəkili Hənifəli Elman Tahir oğlunun, Cavabdeh Mehrəliyev Elməddin Bəxtiyar oğlunun iştirakı ilə, İddiaçı Məlikov Elvin Əlimərdan oğlunun cavabdeh Mehrəliyev Elməddin Bəxtiyar oğluna qarşı “pul və maddi ziyan” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Məlikov Elvin Əlimərdan oğlu cavabdeh Mehrəliyev Elməddin Bəxtiyar oğluna qarşı “pul və maddi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Mehrəliyev Elməddin Bəxtiyar oğlundan 1600 manat məbləğində pul, 39 manat məbləğində dövlət rüsumu, 200 manat vəkilə verilən pul və 21 manat notarial xərclərin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Salyan rayonunun Qızılağac kəndində yaşayan cavabdeh Mehrəliyev Elməddin Bəxtiyar oğlu mərhum atası Məlikov Əlimərdan Salman oğlundan 2000 (iki min) manat borc pul almışdır. Elmədin Mehrəliyev atası rəhmətə getməmişdən əvvəl fermada çoban işləmişdir həmin zaman 400 manat pulu qaytarmış, qalan 1600 manatı isə geri qaytarmamışdır. xx.xx.2022-ci il tarixdə atası DİN-in “102” Xidməti Zəng Mərkəzi sisteminə zəng edərək şikayət etmiş, Sabirabad rayon Polis Şöbəsində müraciəti araşdırılmış və Sabirabad rayon PŞ-nin xx.xx.2022-ci il tarixli qərarına əsasən aidiyyəti üzrə məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. Hazırda cavabdeh Mehrəliyev Elməddin Bəxtiyar oğlunun etiraf etdiyi 1600 manat pula görə iddia qaldırılmışdır. Atası Mehrəliyev Əlimərdan Salman oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Qanun üzrə vərəsəsidir və xx.xx.2022-ci il tarixli Qanun üzrə Vərəsəlik Haqqında Şəhadətnaməni də iddia ərizəsinə əlavə etmişdir. Odur ki, cavabdeh Mehrəliyev Elməddin Bəxtiyar oğlundan 1600 manat məbləğində pul, 39 manat məbləğində dövlət rüsumu, 200 manat vəkilə verilən pul və 21 manat notarial xərclərin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Məlikov Elvin Əlimərdan oğlunun nümayəndəsi və vəkili Hənifəli Elman Tahir oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Mehrəliyev Elməddin Bəxtiyar oğlu izahatında göstərmişdir ki, borc aldığı pulu ödəmək istədiyini, 1600 manat pul aylıqlara bölünməsini və hissə-hissə ödəməyə razı olduğunu bildirmişdir. Maddi imkanı pulu bir dəfəyə ödəməyə imkan vermədiyini, himayəsində 3 uşağının və xəstə anası vardır. Fermada işləyir. Ailə üzvləri ilə birlikdə avtomobil qəzasına düşmüşlər və 6 ay xəstəxanada qalmışlar. İddiaçının ondan tələb etdiyi 1600 manat borcu qəbul etdiyini, lakin vəkilə ödənilən pulu qəbul etmədiyini bildirmişdir. İş materiallarına olan Sabirabad rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 15 iyul 2022ci il tarixli, AZ-İİ № 261505 saylı Ölüm Haqqında Şəhadətnamənin surətindən görünür ki, Məlikov Əlimərdan Salman oğlu xx.xx.2022-ci ildə Sabirabad rayonunda vəfat etmişdir. İş materiallarına olan İX-ЖГ № 499780 saylı Doğum Haqqında Şəhadətnamənin surətindən görünür ki, Məlikov Elvin Əlimərdan oğlu xx.xx.1984-cü ildə Sabirabad rayonunda anadan olmuşdur. İş materiallarına olan 2V-927 № ilə qeyd edilmiş, xx.xx.2022-ci il tarixli (vərəsəlik işi: V- 366/2022) Qanun üzrə Vərəsəlik Hüququ Haqqında Şəhadətnamədən görünür ki, Məlikov Elvin Əlimərdan oğlu Məlikov Əlimərdan Salman oğlunun vərəsəsidir və miras əmlakdan 1/2 hissədə irs almışdır. İş materiallarında olan Sabirabad rayon PŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı Fikrət Bağırovun HK-1/1 material üzrə 07 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətində görünür ki, Sabirabad şəhəri, E.Qənbərov küçəsi, ev 48-də yaşayan Məlikov Əlimərdan Salman oğlunun Cəlilabad rayonu, Günəşli kənd sakini Hüseynov Mühəddin Əlisafa oğlunun ərizələri əsasında toplanmış materiallar üzrə cinayət işi başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilini və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında iştirak edən cavabdehin izahatından, Sabirabad rayon PŞ-nin 07 yanvar 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə və məhkəmə baxışı zamanı müəyyən olnmuşdur ki, Mehrəliyev Elməddin Bəxtiyar oğlu iddiaçının atası Məlikov Əlimərdan Salman oğlundan 2000 manat borc pul almış, aldığı puldan 400 manatını qaytarmış, yerdə qalan 1600 manat borcu qaytarmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, Məlikov Elvin Əlimərdan oğlu Salyan Rayon Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bank ASC-də olan hesabına 200 manat məbləğində pul köçürmüşdür. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 14-cü maddəsində mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları kimi 14.2.7-ci bəndində əsassız varlanma qeyd olunmuşdur. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəlləni 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Eyni zamandan Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsində isə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən isəvarlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən, əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, iddiaçı (Məlikov Əlimərdan Salman oğlu) ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. İddiaçı borc müqaviləsi üzrə öhdəliyini yerinə yetirərək 2000 manat məbləğində pulu cavabdehə borc kimi vermiş, lakin cavabdeh öhdəliyin icrası üçün şərtləşdirilmiş müddət başa çatmasına baxmayaraq, öhdəliyini icra etməmiş, borc kimi aldığı pul məbləğini tam olaraq iddiaçıya qaytarmamışdır. Odur ki, iddiaçı cavabdehə borc kimi verdiyi pul məbləğini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1.-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Həmçinin qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı iddiaçının 21 manat notariat xərcləri ödəməsinə dair sübut müəyyən edilməmişdir. Məhkəmə xərcinə daxil olan dövlət rüsumu və hüquqi xidmət xərci qismən cavabdehin maddi vəziyyəti nəzərə alınmaqla, cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumu və 80 manat məbləğində hüquqi xidmət xərci də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdeh Mehrəliyev Elməddin Bəxtiyar oğlundan 1600 manat məbləğində pul, hüquqi xidmətə görə ödənilmiş 80 manat və dövlət rüsumu kimi ödənilmiş 39 manat, ümumillikdə 1719 manat pul tutularaq iddiaçı Məlikov Elvin Əlimərdan oğluna ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Mehrəliyev Elməddin Bəxtiyar oğlundan 1600 manat məbləğində pul, hüquqi xidmətə görə ödənilmiş 80 manat və dövlət rüsumu kimi ödənilmiş 39 manat, ümumilikdə 1719 manat pul tutularaq iddiaçı Məlikov Elvin Əlimərdan oğluna ödənilsin. İdda tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar