Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-409/2023 24.02.2023 SALYAN RAYON MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə, iddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında təbiətə dəymiş 240 manat ziyan tələbinə dair mülki işə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi məhkəməyə verdiyi iddia ərizəsində bildirmişdir ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən Şirvan-Salyan avtomobil yolunun sağ tərəfində Şirvan OİL şirkətinə məxsus 2 saylı neft-qaz çıxarma sahəsinin inzibati binasının yanında, binada aparılan təmir işləri zamanı, 1 ədəd d=10 sm olan ağacın kökündən kəsilərək məhv edilməsi faktı aşkar edilmişdir. Bu faktla əlaqədar xx.xx.2019-cu il tarixində 58591 saylı Akt və xx.xx.2019-cu il tarixində MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokola və işin digər materiallarına baxış zamanı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən Salyan rayonu, Qarabağlı kənd sakini Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 08 yanvar 2020-ci il tarixli, MN ******* saylı İnzibati tənbeh vermə qərarı ilə 2200 manat məbləğində cərimə edilmiş və təbiətə dəymiş ziyana görə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən 240 manat məbləğində iddia qaldırılmışdır. Cavabdehə təbiətə dəymiş ziyanın könüllü ödənilməsi ilə bağlı məktubla rəsmi müraciət olunsada onun tərəfindən bu vaxtadək heç bir məbləğ ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq, iddianı təmin edərək, Salyan rayonu, Qarabağlı kənd sakini Cavabdeh təbiətə dəymiş ziyana görə 240 manat pulun tutularaq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 25 dekabr 2019-cu il tarixli, 58591 saylı aktın surətindən görünür ki, Şirvan şəhərinin inzibati ərazisində mövcud yaşıllıqların vəziyyətini yoxlamaq məqsədi ilə keçirilən reyd reyd zamanı Şirvan-Salyan avtomobil yolunun sağ tərəfində yerləşən Şirvan OİL-in 2-ci mədəninin inzibati binasının yanında, binada aparılan təmir işləri zamanı bir ədəd yaş halda köküstə diametri 10 sm olan alça ağacının kökündən çıxarılaraq məhv edilməsi faktı müəyyən edilmişdir. Araşdırma zamanı inzibati binada aparılan təmir işlərinin "xxxx" MMC tərəfindən həyata keçirildiyi məlum olmuşdur. Ərazidə işləyən fəhlələrin verdiyi şifahi məlumata əsasən tikinti işlərinə Elman adlı şəxsin rəhbərlik etdiyi müəyyən edilmiş və onunla telefon əlaqəsi saxlanan zaman(***-***-**-**) uzaqda olmasını əsas gətirərək aktın tərtib olunmasında iştirak etməkdən imtina etmişdir. Bundan başqa təmir işləri aparılan binanın hasarından kənarda 6-7 metr məsafədə tikinti işləri zamanı əmələ gələn tullantıların açıq şəkildə qalaqlandığı müəyyən olunmuşdur. Bu səbəbdən qeyd olunan ağacın kökündən çıxarılmasına münasibətdə “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı il tarixli 321 saylı Qərarının, tikinti tullantılarının qalaqlanmasına münasibətdə isə “İstehsalat və Məişət tullantıları haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005ci il tarixli 74 saylı qərarının tələbləri pozulmuşdur. İş materiallarında olan 27 dekabr 2019-cu il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kənd sakini Cavabdeh Azərbaycan Respublikası İXM-nin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan 08 yanvar 2020-ci il tarixli, MN № ******* saylı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X2 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Salyan rayonu, Qarabağlı kənd sakini Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2200 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan hesabatın surətindən görünür ki, təbiətə dəymiş ziyanın məbləği 240 manat təşkil edir. İş materiallarında olan 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Araşdırma Komissiyasına Salyan rayon, Qarabağlı kənd sakini Cavabdeh tərəfindən verilmiş 27 dekabr 2019-cu il tarixli izahatın surətindən görünür ki, Şirvan OİL-ə məxsus 2-ci mədənin inzibati binasında təmir işləri aparılan zaman 1 ədəd alça ağacı binaya çox yaxın olduğu üçün təmir işləri aparılmasına maneəçilik törətmiş və bu səbəbdən həmin ağacı kökündən çıxardaraq kənara qoymuşdur. Ağacı kökündən çıxartmaqda məqsədi ağacın digər ərazidə əkilməsi olmuşdur. Ekologiya işçiləri ərəziyə gəlib akt tərtib etdikdən sonra kökündən çıxarılmış ağacı digər münasib əraziyə əkmişdir. Həmin ağacı kökündən çıxararaq digər əraziyə əkməsi barədə idarə rəhbərliyinin göstərişi və xəbəri olmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 39-cu maddəsinin İİİ bəndinə əsasən “heç kəs ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədə və ya zərər vura bilməz” Azərbaycan Respublikası “Yaşıllıqların Mühafizəsi haqqında” Qanununun 19-cu maddəsinə əsasən, yaşıllıqların mühafizəsinə dövlət nəzarətini həyata keçirən orqanın və onun vəzifəli şəxslərin hüquqları yaşıllıqların mühafizəsi sahəsində pozuntuların aradan qaldırılmasını fiziki və hüquqi şəxslərdən tələb etmək və pozuntulara yol verən şəxslər barəsində müvafiq tədbirlər görməkdir. Azərbaycan Respublikası “Ətraf mühitinin mühafizəsi haqqında” Qanununun 79-cu maddəsinin 1-ci bəndinə əsasən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulması nəticəsində ətraf mühitə, insanların sağlamlığına, təşkilatların, vətəndaşların və dövlətin mülkiyyətinə(əmlakına) zərər vurmuş hüquqi və fiziki şəxslər qüvvədə olan qanunvericiliyə uyğun vurulmuş zərər ödəməlidirlər. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsində qeyd olunmuşdur ki, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsində qeyd olunmuşdur ki, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-5.4. Məhkəmə aşağıdakı hallarda işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır: 284-5.4.1. qarşılıqlı iddia verilərsə; 284-5.4.2. üçüncü şəxsin işə daxil olması barədə vəsatəti təmin edilərsə; 284-5.4.3. tərəflərin təqdim etdiyi sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə; 284-5.4.4. iş üzrə əlavə araşdırmanın, o cümlədən sübutların yerində müayinəsi, tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa. 284-5.5. Bu Məcəllənin 284-5.4-cü maddəsində nəzərdə tutulan qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-6.1-ci maddəsində qeyd olunmuşdur ki, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. 284-6.2. Məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,227,233, 284- 1- 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh təbiətə dəymiş ziyana görə 240 manat pul tutulub 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hesabına ödənilsin. Cavabdeh 30 manat dövlət rüsumu tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Salyan Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov
Məhkəmə qərarları › İş №2(057)-409/2023
Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-409/2023
24.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver