Məhkəmə qərarları › İş №2(057)-412/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-412/2024

12.03.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-412/2024 12.03.2024 SALYAN RAYON MƏHKƏMƏSİ Salyan Rayon Məhkəməsinin hakimi Səmədov Ağarza Hacırza oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı iştirakı ilə pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı rayon məhkəməsinə verdiyi iddia ərizəsində Cavabdeh borclu olduğu ümumilikdə 4900 manat məbləğində pulun və ödədiyi 69 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, Cavabdeh onunla bir yerdə işləmiş və aralarında normal münasibətləri olmuşdur. Babəkə mebel axtardığını demiş, sonuncu isə Türkiyyə Respublikasında tanışının olduğunu, onun üçün ucuz mebellər gətirə biləcəyini bildirmişdir. 2021-ci ildə Babəkə 12200 manat pul vermiş və sonuncu həmin məbləğ dəyərində mebel gətirmişdir. Daha sonra 8900 manat pul vermiş və başqa mebellər gətizdirmişdir. Sonra 2022-ci ildə uşaq dəsti üçün yenidən Babəkə 3400 manat pul vermiş, sonuncu isə həmin mebeli təqribən 3-4 aya gətirəcəyini bildirmişdir. Həmin müddətə Babək atasının xəstə olduğunu bildirərək 1500 manat borca pul istəmiş və özü ona inanaraq pulu vermişdir. Lakin sonradan Babəkin onu aldatdığını öyrənmiş və pulu geri qaytarmasını ya da mebeli gətirməsini tələb etmişdir. Lakin Babək pulu verməmişdir. Özü polisə şikayət etmiş, Babək hətta polisə də izahat verməyə getməmişdir. Aralarında “Whatsapp” yazışmaları və audio-səs yazısı var. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəməyə teleqram ünvanlayaraq xx.xx.2024-cü il tarixində saat 12:30da keçiriləcək məhkəmə iclasında səhhəti ilə bağlı iştirak edə bilməyəcəyini, hal-hazırda həkim müayinəsində müalicə aldığını bildirmiş və iclas gününün yeni günlə evəz edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh vermiş olduğu teleqramla bağlı qeyd edir ki, sonuncu oxşar teleqramla məhkəmə hazırlıq iclasında iştirak etməmək üçün də müraciət etmiş, lakin gəlməməyin səbəbləri və ya mümkünsüzlüyü barədə və həmçinin bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməmişdir. Ona görə də məhkəmə onun gəlməməyin səbəblərini üzürsüz hesab edərək,icraatı qəsdən yubandırdığı qənaətinə gələrək işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsində qeyd olunmuşdur ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. 185.2. İşdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. 185.3. Əgər işdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar ediliblərsə, məhkəmə gəlməməyin səbəblərini üzürlü hesab etdikdə işə baxılmasını təxirə salır. 185.4. Tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. 185.6. İşdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Məhkəmədə elan olunmuş Neftçala RPŞ-nin təhqiqat qrupunun təhqiqatçısı, polis mayoru X1 25 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı ünvan 2 ünvanında yaşayan İddiaçı, əvvəllər tanıdığı, Salyan rayonu, Xalac kəndində yaşayan Cavabdeh 2021-ci ilin noyabr ayında 1500 manat məbləğində borc pul vermiş, 2022-ci ilin fevral ayında isə ona uşaq mebel dəsti gətirmək üçün 3400 manat məbləğində pul vermişdir.Cavabdeh mebel dəstini gətirmədiyinə görə, İddiaçı sonuncudan ümumilikdə 4900 manat məbləğndə pulunu tələb etmiş və aralarında mülkü mübahisə yaranmışdır. Məhkəmədə baxış keçirilmiş iddiaçı tərəfindən təqdim olunmuş bir ədəd CD-dən aydın olur ki, cavabdeh iddiaçıya 1500 manat pul borclu olmasını etiraf edərək may ayının axırına qədər qaytaracağını bildirmişdir. Eyni zamanda həmin diskə baxışı zamanı cavabdehin iddiaçıya yazdığı mesajda “3200 manat gətirib təhvil veriləcək” ifadəsini işlətmişdir. Məhkəmə baxışı zamanı baxış keçirilmiş bir ədəd CD-yə qulaq asılarkən belə qənaətə gəlmək olur ki, tərəflər arasında mebel alqı-satqısına dair danışıqlar olmuş, cavabdeh həqiqətən də iddiaçıya mebel dəsti üçün aldığı pulu qaytara bilmədiyini etiraf etmişdir. Məhkəmə iddiaçını dinləyib, araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, İddiaçı Cavabdeh 2022-ci ildə mebel gətirmək üçün 3400 manat və daha sonra isə 1500 manat borc pul vermişdir.Lakin cavabdeh müxtəlif bəhanələrlə mebel gətirmək üçün aldığı pulu və daha sonra borc pulu qaytarmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsində qeyd olunmuşdur ki, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 600.3. Satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 600.5. Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində qeyd olunmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsində qeyd edilmişdir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 88-ci maddədə qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasibə olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220,227,233,357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4900 manat və dövlət rüsumu kimi ödənilmiş 69 manat alınıb İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar