Məhkəmə qərarları › İş №2(057)-416/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-416/2025

11.04.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-416/2025 11.04.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, etibarnamə ilə istifadə və sahibliyində olmuş (faktiki pulunu tam ödəməklə əldə etdiyi) “BMW” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilin cavabdehlər tərəfindən əldə etdikləri 8500 manatın və ödənilmiş dövlət rüsumu 105 manat məbləğin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə uzun müddətdir ki, tanışdır. O, ona məxsus mağazanı icarə əsasında başqa şəxslə işlətmişdir. Onunla aralarında pul haqqı-hesabı olmuş, yəni icarə pulunun verilməsi, artıq mal almaq üçün borc pul alması və sair. Cavabdeh2 2023-cü ilin aprel ayında bildirmişdir ki, o eyni zamanda avtomaşınların alqı-satqısı və icarəyə verilməsi ilə də məşğul olur. Bu işi qaynı Cavabdeh1la birlikdə edir. Həmin vaxtı onun “BMW” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuş, müharibə əlili kimi ona dövlət tərəfindən avtomobil verildiyindən “BMW” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilini ona icarəyə vermək üçün razılaşmışlar. Fizuli ona bildirmişdir ki, o qaynı İbrahimlə şərikli işlədiklərindən onun adına etibarnamə versin ki, İbrahim avtomobili idarə etsin. O, onunla razılaşdığından Cavabdeh1 xx.xx.2023-cü il tarixində etibarnamə verərək istifadəsində və sahibliyində (faktiki etibarnamə ilə aldığı) “BMW” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilini onlara icarəyə vermişdir. Onlarla razılığa gəldikləri icarə şərtlərinə görə, ona 1 il müddətində aylıq 900 manat məbləğində icarə haqqı verməli, 1 ildən sonra avtomobili ya qaytarmalı, ya da avtomobilin dəyərinə mütənasib olaraq 10000 manat məbləğində pul ödəməli idi. Qeyd olunan şərtlərlə razılaşdıqdan sonra xx.xx.2023-cü il tarixində avtomobili Cavabdeh1 təhvil vermiş və onun adına Xırdalan şəhər 1 saylı notariat kontorunda etibarnamə vermişdir. Əlavə olaraq, avtomobilin müəyyən təmir işləri olması ilə əlaqədar sonradan təmir üçün onlara 1500 manat məbləğində pul vermişdir. Onlarla razılaşdığı şərtlərə yalnız 2 ay əməl etmişlər, 2 aydan sonra onu aldadaraq Cavabdeh1 avtomobili 3-cü şəxsə, sonradan verdiyi etibarnamə əsasında şəxsiyyəti ona məlum olan X4 8500 manata sataraq ona etibarnamə vermişdir. Hal-hazırda avtomobil başqasının mülkiyyətində olduğuna görə ona qarşı heç bir iddia tələbi irəli sürə bilmir. O bu barədə qanunamüvafiq tədbirlərin görülməsi məqsədi ilə Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə aidiyyəti üzrə baxılmış və toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə 21 iyul 2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, pozulmuş hüquqlarının bərpasını məhkəmədən mülki mühakimə icraatı qaydasında tələb edir. Baxmayaraq ki, əvvəldən onlarla razılığa gəlmişlər ki, bir ildən sonra avtomobili qaytarmaq istəməsələr avtomobilə görə ona 10000 manat ödəməklə avtomobili özlərinə götürə bilərdilər, lakin avtomobili onun razılığı olmadan satdığından və İbrahim tərəfindən avtomobilin 8500 manata satıldığını bildiyindən onlardan tələbi 8500 manatdır. Salyan Rayon Məhkəməsinin 2(057)-416/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmışdır. Qərardaddan narazı qalan İddiaçı elektron kabinet vasitəsi ilə 28 yanvar 2025-ci il tarixdə şikayət vermişdir. Salyan Rayon Məhkəməsinin 2(057)-416/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilərək, Məhkəmənin 2(057)-416/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilmiş, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair mülki işin icraatı təzələnmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı bildirmişdir ki, özünə məxsus olan “BMW” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında Cavabdehə Cavabdeh1 vermişdir. O, İbrahimi Cavabdeh2 görə tanımış olsa da avtomobili İbrahimə vermişdir. Ona görə də avtomobilin pulunu tələb edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, avtomobili başqa adama satılsa da pulu ona verilmədiyi üçün Abşeron Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Fizuliyə 10000 (on min) manat məbləğində borc pul vermişdir. Pulu 2023-cü ilin yanvar ayında vermiş olsa da həmin ilin avqust ayında aralarında borc müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Fizulidən Astara Rayon Məhkəməsinin qətnaməsi ilə pul tutulmuşdur. Onda olan məlumata görə Fizuli hazırda ölkə xaricində yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, avtomobilə görə etibarnaməni Cavabdeh1 verdiyini və avtomobili həmin etibarnamə əsasında Cavabdeh1 tərəfindən X1, sonuncu da avtomaşına görə pulu Cavabdeh1 verdiyini bildirdiyindən tələbini cavabdeh olaraq Cavabdeh1 yönəldir. İşin bu halı məhkəmənin gedişi zamanı ona məlum olduğundan iddia tələbindən qismən, yəni Cavabdeh2 qarşı “BMW” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə “pul” tutulması hissəsindən imtina edir. Məhkəmə iddiaçının ərizəsini əsaslı hesab etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Cavabdeh2 onun bacısının həyat yoldaşıdır. Cavabdeh2 mobil telefon vasitəsi ilə zəng edərək şəxsiyyət vəsiqəsinin vaxtının bitdiyini, onun adına etibarnamə alacağını deyərək onu notariat ofisinə çağırmışdır. O, avtomobildə əyləşmiş sənədini Fizuli ondan alaraq getmişdir. Az bir müddət sonra Fizuli həmin avtomobili başqa şəxsə satmışdır. O, pul almamış, nə də ki, avtomobili həmin şəxsə verməmişdir. Borc Fizuli ilə Ələddin arasında olan məsələdir. Onların ortaq işləri olmuşdur. Fizuli Ələddinə borclu olduğu puldan hissəhissə ödəyir. Hazırda ondan tələb edilən pul həmin puldur. İddia əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. O, iddiaçını məhkəmə iclasına qədər heç vaxt görməmişdir nə də ki, onunla telefonla danışmamışdır. Məhkəmə iclasından əvvəl də Fizuli ilə telefon vasitəsi ilə danışmışdır. Fizuli onun dediklərini təsdiq edə bilər. Məhkəmə iclası zamanı Cavabdeh1 izahatında bildirmişdir ki, Cavabdeh2 hazırda ölkə xaricində yaşayır. Onunla mobil telefon vasitəsi ilə əlaqə saxlanması mümkündür. Məhkəməyə təqdim edilmiş ölkə hüdudlarından kənarda yaşayan Cavabdeh2 istifadəsində olan mobil telefonun “Whatsapp” ani mesajlaşma tədbiqi vasitəsi ilə videokonfrans əlaqə sistemindən istifadə edilməklə Cavabdeh2 ilə əlaqə saxlanılmışdır. O, bildirmişdir ki, Cavabdeh1 onun böyük qaynıdır. İddiaçı məxsus olan Abşeron rayonu, Xırdalan şəhərində yerləşən mağazanı icarəyə götürüb işlətmişdir. Sonradan Ələddindən hər ay 900 manat pulunu ödəmək şərti ilə “BMW” markalı avtomoşın almışdır. Lakin şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün qaynı İbrahimə zəng edərək ona şəxsiyyət vəsiqəsinin vaxtı bitdiyi üçün adına notariat kontorunda etibarnamə verilməsini xahiş etmişdir. İbrahimdə notariat kontoruna gəlmiş adına etibarnamə vermişdir. Həmin avtomaşını satanda da, İbrahimi çağıraraq başqa adamın adına etibarnamə verməsini xahiş etmişdir. Avtomobili 5800 manata satmışdır. Avtomobilin alınıb satılmasının İbrahimə aidiyyatı olmadığını bildirmişdir. Bundan əlavə həmin avtomobilə görə Aləddinə 900 manat pul ödəmişdir. Sonradan Ələddin ondan 10000 manat pul tələb etmişdir. Bununla bağlı Abşeron RPİ-nə şikayət vermişdir. Onu Abşeron RPİ-nə çağırmışlar. Polisin göstərişi ilə notariat kontoruna gedərək Ələddinə 10000 aralarında borc müqaviləsi bağlamışlar. Sonradan Latviyaya işləmək üçün getmişdir. Ələddinə ümumilikdə 3000 manat pulu hesabına ödəmişdir. Ələddin borc müqaviləsi əsasında Astara Rayon Məhkəməsində ona qarşı pul tələbinə dair iddia qaldırmışdır. Astara Rayon Məhkəməsi tərəfindən pul kəsilmişdir. Borcundan Ələddinə axırıncı dəfə 1000 manat ödəmişdir. X3 tələb etdiyi pul həmin puldur. Ələddin özü ona bildirmişdir ki, acığa təkrar həmin pulu İbrahimdəndə alacaqdır. Tələb olunan pulun İbrahimə aidiyyəti yoxdur. Məhkəmə İddiaçı və Cavabdehin izahatlarını dinləyib, iddia ərizəsini, işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Abşeron RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi Anar Cəfərovun 21 iyul 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli etibarnamədən görünür ki, X5 “BMW 528” minik markalı, **- NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq,ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə Cavabdeh1 xx.xx.2024-cü il tarixə kimi etibar etmişdir. xx.xx.2022-ci il tarixli etibarnamədən görünür ki, X5 “BMW 528” minik markalı, **- NB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq, ərizə vermək səlahiyyətləri ilə X6 xx.xx.2023-cü il tarixə kimi etibar etmişdir. X2 izahatından görünür ki, təxminən 2019-cu ilin son aylarında “BMW 528” minik markalı, **-NB-*** dövlət nömrə nişanlı avtomaşını Cavabdeh1 öz adına rəsmiləşdirməklə almış və həmin avtomobilə görə ona razılaşdıqları məbləğdə, yəni 8500 manat məbləğində pul ödəmişdir. Bu vaxta qədər aldığı avtomobil ilə bağlı ona heç kim tərəfindən hər hansı tələb irəli sürən olmamışdır. İbrahimin adına həmin avtomobilə baş etibarnamə verildiyindən avtomobili alarkən onun əvvəlki sahibinin kim olmasını bilməmişdir. Həmin şəxslə İbrahimin arasında nə kimi münasibəti olmasından məlumatsızdır. Hazırda həmin avtomobili satmışdır. O, həmin avtomobili 2 il sürdükdən sonra, 2022-ci ilin iyun ayında satmışdır. Astara Rayon Məhkəməsinin 2(018)-137/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən müəyyən olunur ki, İddiaçı Cavabdeh2 qarşı “pul” tələbi barədə iddiası qismən təmin olunaraq, Cavabdeh2 verilmiş borca görə 10000 manat məbləğində və ödənilmiş dövlət rüsumuna görə 60 manat məbləğində olan pul alınıb, İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs başqa şəxsin xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasəm, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən, əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Mülki Məcəllənin 1091-ci maddəsinə əsasən, əsassız varlanmanın 3 dispozitiv şərti var: 1. Bir tərəf varlanmalıdır. 2. Digər tərəf məhrum olmalıdır. 3. Tərəflər arasında qanuni əsas və ya müqavilə əsası olmamalı, olduğu təqdirdə aradan qalxmış olmalıdır. Belə ki, qeyd olunan hər 3 dispozitiv əsas birlikdə mövcud olduqda əsassız varlanma halı baş verir. Mübahisə üzrə isə qeyd oluan heç bir şərt ödənilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh2 uzun müddətdir ki, tanışdır. İddiaçı özünə məxsus mağazanı Fizuliyə icarəyə vermişdir. Daha sonra İddiaçı özünə məxsus olan “BMW” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili də Fizuliyə icarəyə vermişdir. Fizuli ona bildirmişdir ki, qaynı İbrahimlə şərikli işlədiklərindən onun adına etibarnamə versin ki, İbrahim avtomobili idarə etsin. O, onunla razılaşdığından Cavabdeh1 “BMW” markalı, **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün xx.xx.2023-cü il tarixində etibarnamə vermişdir. Razılığa əsasən 1 il müddətində aylıq 900 manat məbləğində icarə haqqı verməli, 1 ildən sonra avtomobili Fizuliyə qalmalıydı. Əlavə olaraq, avtomobilin müəyyən təmir işlərinin görülməsi üçün Fizuliyə 1500 manat məbləğində pul vermişdir. Fizuli razılaşmaya 2 ay əməl etmişdir. İddiaçı tərəf isə Abşeron RPİ İŞ-nin “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” 21 iyul 2024-cü il tarixli qərarından başqa hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Sözügedən qərarda iddiaçının izahatında göstərdikləri ilə hazırki iddia ərizəsində göstərilən xüsusatları ziddiyyət təşkil edir və həmin xüsusatlar müəyyən edilmir. Belə ki, həmin izahatda da o, qeyd etmişdir ki, Cavabdeh2 təxminən 5 ilə yaxındır ki, tanıyır. 2023-cü ilin aprel ayında Fizuli ona avtomobil alqı-satqısı ilə və icarəsi ilə məşğul olduğunu bildirmiş və ona özünə məxsus BMVV markalı **-NB-*** dövlət qeydiyyat nişanlı avtomobilini ona verməyini və onun avtomobilini “Rent cara” icarəyə verəcəyini, 1 il müddətində ayda ona 900 manat pul verəcəyini, 1 ildən sonra onun avtomobilini özünə qaytaracağını yada avtomobilinin dəyəri olan 10.000 manat pulunu özünə verəcəyini bildirmişdir. Buna görə də, o razılaşaraq qeyd olunan avtomobilini Fizuliyə vermiş və sonuncunun qaynı İbrahim adına Xırdalan şəhəri 1 saylı notarial kontorunda etibarnamə vermişdir. Həmin vaxtda Fizuli avtomobilin müəyyən təmir işləri olduğunu deyib əlavə olaraq ondan 1500 manat da, pul almışdır. Bundan sonra, Fizuli ona 2 dəfə olmaqla ayda 900 manat ödəsə də, onu aldadaraq ona pul ödəməmişdir. Sonradan ona məlum olmuşdur ki, Fizuli onu aldadaraq avtomobili başqa şəxsə satıb. Sonra o, Fizuliyə avtomobilini geri qaytarmağını desə də, sonuncu qaytarmamışdır. O, Fizulinin niyyətinin əvvəlcədən onu aldatmaq olduğunu bilib onun barəsində Abşeron RPİ-nə ərizə ilə müraciət edərək Fizulinin onun aldadaraq 10.000 manat dəyərində avtomobilini ələ keçirdib başqa şəxsə satdığı üçün sonucunun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. Bu hal, hazırki iş üzrə iddiaçının tələbinin təmin edilməsinə əsas vermir. Həmiçinin araşdırma zamanı izahatı alınmış Cavabdeh2 izahatında bildirmişdir ki, o, 5 ilə yaxındır ki, Ələddini tanıyır. O, avtomobil alqı-satqısı və icarəsi işi ilə məşğul olduğu üçün 2023-cü ilin aprel ayında Ələddin görüşən zaman sonuncuya, özünə məxsus “BMW” markalı 10-NB810 dövlət qeydiyyat nişanlı avtomobili ona versin və o, Ələddinə avtomobilini icarəyə verəcəyini bildirmişdir. Buna görə də, Ələddin razılaşaraq qeyd olunan avtomobili ona vermiş və qaynı İbrahimin adına Xırdalan şəhəri 1 saylı notarial kontorunda etibarnamə vermişdir. Həmin vaxt da o, avtomobilin müəyyən təmir işləri olduğunu deyərək əlavə olaraq Ələddindən 1500 manat da, pul almışdır. Bundan sonra Fizuli ona 2 dəfə olmaqla ayda 900 manat pul ödəsə də, sonradan işləri alınmamış və ödənişi edə bilməyərək məcbur olub avtomobili satmışdır. O, Ələddini aldatmadığını və hissə-hissə sonuncunun pulunu ödəyəcəyini bildirmişdir. MPM-in 14.2 və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Prosessual qanunvericiliyin sadalanan normaları çəkişmə prinsipini mülki prosesin əsas prinsiplərindən biri kimi müəyyənləşdirir, hakimin üzərinə müstəsna olaraq tərəflərin təqdim etdikləri sübutları araşdırmaq və onlardan istifadə etmək vəzifəsi qoyur. Məhkəmə hesab edir ki, araşdırılan mübahisəyə məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “...Bu prinsip və göstərişlərə ümumilikdə, MPM-in müəyyənləşdirdiyi qaydalara riayət edilməməklə və ya onlardan yayınmaqla çıxarılan (qəbul edilən) məhkəmə aktları qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli hesab edilə bilməz”. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar). MPM-in 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdakılara əsasən və MPM-in 213-214, 216-220, 227, 233 və 357-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar