Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(057)-45/2025 07.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Vəsilə Əlövsət qızının sədrliyi, Rzayev Hüseyn Mehman oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Salyan Rayon Məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 4593,03 manat məbləğində əsas borc, 51,84 manat məbləğində faiz borcu, cəmi 4644,87 manat borc və 67 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli Kompensasiya/Restrukturizasiya istehlak müqaviləsinə əsasən bank Borcluya 60 ay müddətinə, illik 1% olmaqla 4593.03 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Kredit müqaviləsinə əsasən kredit alan pul öhdəliklərinin icrasını gecikdirdikdə bank pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Mülki Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən Öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Odur ki, Cavabdeh ilə bağlanmış xx.xx.2019-cu il tarixli müqavilənin ləğv edilməsi və Cavabdeh iddiaçı Bank of Baku ASC-nin xeyrinə 4593.03 manat məbləğində əsas borcun, 51.84 manat məbləğində faiz borcunun, cəmi 4644.87 manat borcun və 67 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə gəlməmiş, bankın etibarnamə üzrə nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, cavabdehin təklif etdiyi şərtlərlə mümkün ola biləcək güzəşt imkanları bankın rəhbərliyi tərəfindən dəyərləndirilmiş, lakin hər hansı güzəştin tətbiqi mümkün olmamışdır. Cavabdehə kredit müqaviləsi üzrə formalaşan borcun məbləği, borcun göstərilən müddət ərzində ödənilməyəcəyi təqdirdə həyata keçiriləcək hüquqi təsir mexanizmləri üzrə xəbərdarlıq (pretenziya) edilmiş, həmin bildiriş Cavabdeh tərəfindən şəxsən qəbul olunmuş (təsdiqedici sənədlər əlavə edilir), bu baxımdan iddiaçı qismində qanunvericiliklə üzərilərinə düşən vəzifələri icra etmişdirlər. Odur ki, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixdə keçirilən iclasına videkonfrans əlaqə vasitəsilə qoşulmuş Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçı borcun gecikdirilməsinə dair ona heç bir sənəd göndərməmişdir. Kredit müqaviləsi onun tərəfindən cəzaçəkmə müəssisəsində olarkən etibarnamə verdiyi şəxs ilə bağlanmış, iddiaçı bunu bilə-bilə bildirişi onun olduğu yer üzrə deyil, yaşayış yerinə göndərmişdir. Bundan başqa, iddiaçı ilə aralarında barışıq əldə etmək fikrində olduğunu, yeni ödəniş cədvəli əsasında ödənişi həyata keçirmək istədiyini bildirmiş, əks halda, iddianın yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş etiibarnamədən görünür ki, 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Cavabdeh xx.xx.2019-cu il tarixdə X2 onun adına rəsmiləşdirilmiş kreditlərin restrukturizasiyası ilə əlaqədar bütün səlahiyyətləri həyata keçirməyi etibar etmiş, həmin etibarnamə müəssisənin rəisi, ədliyyə polkovnik-leytenantı Baba Gülməmmədov tərəfindən təsdiq edilmişdir. İddiaçı ASC ilə X5 (etibarnamə əsasında X3 şəxsində) arasında bağlanmış xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsindən görünür ki, bank kredit alana restrukturizasiya olunan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti olmaqla 5 il müddətinə, illik 1 % dərəcəsi ilə 4593,03 manat məbləğində kredit vermişdir. Həmin müqavilənin 8-ci bəndində tərəflərin mübahisənin məhkəmədən kənar həlli (pretenziya) barəsində razılaşma nəzərdə tutulmuşdur. İddiaçı ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli bildirişin (pretenziya) çatdırılmasına dair qəbzdən görünür ki, bildiriş xx.xx.2021-ci il tarixdə ünvan 1 ünvanına göndərilmiş və “alanın soyadı və imzası” bölməsində “həbsxanadadır xx.xx.2021” qeydi yazılmışdır. İddiaçının məhkəməyə ünvanlandığı ərizəsində xəbərdarlıq (pretenziya) bildirişinin Cavabdeh tərəfindən şəxsən qəbul olunduğu qeyd olunsa da, əlavə olunmuş qəbzin surətindən görünür ki, həmin bildirişdə göndərilmə tarixi xx.xx.2020-ci il qeyd olunmuş, həmin tarixdə isə cavabdeh faktiki olaraq cəzaçəkmə müəssisəsində olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, etibarnamə xx.xx.2019-cu il tarixdə verilmişdir. Göründüyü kimi, bank borclunun cəzaçəkmə müəssisəsində olduğunu bilə-bilə, bildirişi onun faktiki olduğu ünvana deyil, yaşayış yerinə göndərmişdir. Bank tərəfindən formal olaraq pretenziya qaydasına əməl edilmiş olsa da, lakin real hüquqi baxımdan borclunun öz hüquqlarını müdafiə etmək imkanını məhdudlaşdırılmışdır. Belə olan halda, məhkəməyə müraciət etməzdən əvvəl mübahisənin məhkəmədənkənar həlli üçün nəzərdə tutulmuş tələbə lazımi qaydada əməl olunmamış, nəticə etibarilə, iddianın baxılmamış saxlanması üçün hüquqi əsaslar yaranmışdır. Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.6-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə çəkilmiş məhkəmə xərci barədə məsələ də həll olunmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən ərizə ilə məhkəməyə müraciət edilərkən cəmi 67 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştirak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarılması haqqında məsələlər həll edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin 259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş 67 manat məbləğində dövlət rüsumu Dövlət büdcəsi (Maliyyə Nazirliyinin Salyan Rayonu üzrə Maliyyə Şöbəsi) tərəfindən ona qaytarılsın. İddia ərizəsinin baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsinə şikayəti verilə bilər. Sədrlik edən: Vəsilə Əliyeva
Məhkəmə qərarları › İş №2(057)-45/2025
Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(057)-45/2025
07.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver