Məhkəmə qərarları › İş №2(057)-46/2024

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-46/2024

10.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-46/2024 10.07.2024 SALYAN RAYON MƏHKƏMƏSİ X2 Səmədovun sədrliyi, Asif Xanoğlan oğlu Zamanovun katibliyi ilə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin Cavabdeh1 qarşı müqavilənin ləğv olunması və borcun tutulması tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC rayon məhkəməsinə vermiş olduğu iddia ərizəsində Cavabdeh1 ilə bağlanmış 27 avqust 2019-cu il tarixli SAL1-2177-2047 saylı kredit muqaviləsinin ləğv edilməsi, Cavabdeh1 kreditor "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 715,35 manat əsas borcu, 6,29 manat cari faiz borcu olmaqla, cəmi 721,64 manat məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X3 məhkəməyə verdiyi ərizəsində işə iştirakları olmadan baxılıb iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmış Cavabdeh1 vərəsələri Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasına gəlməmişlər.Ona görə də məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə elan olunmuş xx.xx.2019-cu il tarixli, SAL1-2177-2047 saylı Kredit (Restrukturizasiya) müqaviləsindən görünür ki, Cavabdeh1 60 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 841,36 manat kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, cavabdehin 715,35 manat əsas borcu, 6,29 manat faiz olmaqla, cəmi 721,64 manat məbləğində borcu vardır. Məhkəmədə elan olunmuş xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq olunmuş, əks təqdirdə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanılacığı bildirilmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsümu ödəmişdir. Məhkəmədə elan olunmuş X1 alımış çıxarışın surətindən görünür ki, Cavabdeh1 xx.xx.2020-ci ildə Salyan rayonunda vəfat etmişdir. Salyan MİTTİB MMC-nin vermiş olduğu 28 avqust 2023-cü il tarixli arayışdan görünür ki, mərhum Cavabdeh1 Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 adlı vərəsələri vardır. Məhkəmə araşdırılmış sübutlara obyektiv qiymət verərək belə hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı aydın olmuşdur ki, cavabdeh "xxxx"bank Olmayan Kredit Təşkilatından pul götürmüş, bir hissəsini ödəmiş, qalan hissəsini isə ödəmədən xx.xx.2020-ci ildə vəfat etmişdir.Ona görə də cavabdeh Azərbaycan Respublikası MPM-nin 58-ci maddəsinə əsasən hüquq varisləri ilə əvəz olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2. Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə, kredit müqaviləsi üzrə bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kredit) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq dövlət rüsumu əvəzində ödənilmiş 30 manat cavabdehlərdən alınaraq iddiaçının hesabına keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. "xxxx" Bank Olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 27 avqust 2019-cu il tarixli SAL1-2177-2047 saylı kredit (Restrukturizasiya) müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 715,35 manat əsas borc, 6,29 manat cari faiz borcu olmaqla, cəmi 721,64 manat və iddia tələbinin təmin olunmuş hissəsinə mütənasib olaraq ödənilmiş dövlət rüsumu əvəzində 30 manat alınıb "xxxx"bank Olmayan Kredit Təşkilatınin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ağarza Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar