Məhkəmə qərarları › İş №2(057)-465/2025

Salyan Rayon Məhkəməsi Qətnamə — İş №2(057)-465/2025

13.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Salyan rayon İş № 2(057)-465/2025 13.03.2025 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Ənnağı Əbdül oğlunun sədrliyi, Zamanov Asif Xanoğlan oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Cabbarov Tahir Hacıbaba oğlunun iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə Salyan Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - İddiaçı ASC və ya iddiaçı) Cavabdeh (bundan sonra - Cavabdeh və ya cavabdeh) qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 10200 manat əsas borc, 996.54 manat faiz borcu və 78.02 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 11274.56 manat borcun və 123.82 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən iddiaçıdan illik 22 faizlə 36 ay müddətinə 10200 manat kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2024-cü ilin noyabrın 20-dək Cavabdeh banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 10200 manat əsas borc, 996.54 manat faiz borcu və 312.08 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 11508.62 manat borcu vardır. Cavabdehin xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 312.08 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 78.02 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddiaçının nümayəndəsi X1 iddianı müdafiə edərək, iddianın tam şəkildə təmin edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə və adında olan nömrələrə AZEMİS vasitəsi ilə SMS bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin (cavabdehlərin) gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan № 30-Y-1-0-1555-24 saylı, xx.xx.2024-cü il tarixli İstehlak krediti müqaviləsindən görünür ki, İddiaçı tərəfindən cavabdehə illik 22 faizlə 36 ay müddətinə 10200 manat kredit götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı cavabdehə aralarında bağlanılmış müqavilə əsasında yaranan borcunu, həmin borc əsasında olan faiz borcunu və cəriməni ödəməyi təklif etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh banka xx.xx.2024cü il tarixə 10200 manat əsas, 996.54 manat faiz, 312.08 manat cərimə borcu olmaqla, cəmi 11508.62 manat borcu vardır. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı mülki işin Salyan Rayon Məhkəməsində baxılması üçün 123.82 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında № 30-Y-1-0-1555-24 saylı, xx.xx.2024-cü il tarixli İstehlak krediti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-dən illik 22 faizlə 36 ay müddətinə 10200 manat kredit götürmüşdür. İddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas, faiz və cərimə borcunun əsaslı olduğunu təsdiq edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Mülki Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Belə olan halda, iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün iddiaçı tərəfindən ödənilmiş 123.82 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyi üçün cavabdehdən № 30-Y-1-0-1555-24 saylı, xx.xx.2024-cü il tarixli İstehlak kredit müqaviləsi üzrə 10200 (on min iki yüz) manat əsas, 996.54 (doqquz yüz doxsan altı manat əlli dörd qəpik) manat faiz, 78.02 (yetmiş səkkiz manat iki qəpik) manat cərimə və ödənilmiş 123.82 (bir yüz iyirmi üç manat səksən iki qəpik ) manat dövlət rüsumu olmaqla, cəmi 11398.38 (on bir min üç yüz doxsan səkkiz manat otuz səkkiz qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 213, 214, 216-220, 227, 233 və 357-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 10200 (on min iki yüz) manat əsas, 996.54 (doqquz yüz doxsan altı manat əlli dörd qəpik) manat faiz, 78.02 (yetmiş səkkiz manat iki qəpik) manat cərimə və ödənilmiş 123.82 (bir yüz iyirmi üç manat səksən iki qəpik ) manat dövlət rüsumu olmaqla, cəmi 11398.38 (on bir min üç yüz doxsan səkkiz manat otuz səkkiz qəpik) manat tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 1 (bir) ay müddətində elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar